AZ

Azərbaycanla Avropa İttifaqı arasında mövcud əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının ölkəmizdə səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Görüşdə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında mövcud əməkdaşlıq məsələləri və planları müzakirə olunub. Vurğulanıb ki, münasibətlərin gücləndirilməsində liderlərarası təmasların əhəmiyyəti xüsusi əhəmiyyət kəsb edir.

Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, habelə bərpaolunan enerji sahələri üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, ətraf mühit və iqlim dəyişmələri ilə mübarizə istiqamətində Azərbaycanl-Aİ əməkdaşlığının əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb.

Ötən ay Vaşinqton şəhərində baştutmuş tarixi görüş zamanı əldə olunmuş razılıqlardan xüsusi məmnunluq ifadə olunub. Regional normallaşma və sülh prosesinin təşəbbüskarı olan ölkəmizin bundan sonra da sülh gündəliyinin irəliləməsi istiqamətində səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
0
34
azertag.az

10Mənbələr