AZ

Avropa İrandan cavab gözləyir Möhlət bitmək üzrədir

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Fransa, Britaniya, Almaniya və İran xarici işlər nazirlərinin nüvə probleminin diplomatik həlli ilə bağlı telefon danışığına qoşulub.

“İranın nüvə probleminin diplomatik həll yolunun axtarışı üçün imkanlar sürətlə daralır. İrana qarşı beynəlxalq sanksiyaların bərpasına cəmi bir neçə həftə qalıb”-deyə, o bildirib.

Bu açıqlama İrana xəbərdarlıq kimi qiymətləndirilə bilərmi? Rəsmi Tehran üçün hansı təhlükələr gündəmdədir?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Kaya Kallas da daxil olmaqla Fransa, Britaniya və Almaniya xarici işlər nazirlərinin İran XİN rəhbəri ilə telefon danışığı avqustun 28-də Tehran qarşısında qoyulmuş üç şərtlə bağlıdır:

“Avropa üçlüyü İran qarşısında üç şərt irəli sürüb. Birincisi, ABŞ-la danışıqlar masasına oturmaq, ikincisi, nüvə fəaliyyətini dayandırmaq, üçüncüsü isə zənginləşdirilmiş uranın saxlandığı yerlərlə bağlı məlumat təqdim etməkdir. Tehran hələ ki bu məsələlərə tam aydınlıq gətirməyib. Ötən həftə Qətərin paytaxtı Dohada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə İran XİN rəhbəri Abbas Əraqçi arasında görüş keçirilib və əməkdaşlığa dair saziş imzalanıb.

Sədrəddin Soltan

Lakin Avropa üçlüyü bu sənədi qaneedici hesab etmir. Onların fikrincə, həmin saziş agentlik müfəttişlərinin İranın nüvə obyektlərinə daxil olması kimi əsas məqamları nəzərdə tutmur. Buna görə də son telefon danışığı avqustun sonunda İrana verilmiş möhlətin icrası ilə bağlı vəziyyəti qiymətləndirmək məqsədi daşıyır. Ola bilsin ki, görüşdə Abbas Əraqçi Avropa üçlüyünə və Avropa İttifaqının ali nümayəndəsinə görülən işlər barədə hesabat verib”.

Siyasi şərhçinin sözlərinə görə, bu hələlik müzakirə mərhələsidir və İranın əvvəlki şərtlərə əməl etməməsi ilə bağlı yeni xəbərdarlıq xarakteri daşıyır:

“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməyə qayıdış mümkündür. Bu halda İrana neft, qaz, silah, gəmi hərəkəti, sığorta, hava uçuşları və bütövlükdə iqtisadi sahələrdə sanksiyalar tətbiq edilə bilər. Bu isə 12 günlük müharibədən sonra İranın onsuz da ağır olan iqtisadi vəziyyətini daha da çətinləşdirəcək. İranı bu haldan Çin və Rusiyanın xilas etməsi real görünmür. Doğrudur, həmin ölkələrlə iqtisadi əməkdaşlıq razılaşmaları mövcuddur, lakin bunlar Tehranı perspektivdə tətbiq olunacaq sanksiyaların nəticələrindən qorumağa kifayət etməyəcək”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
globalinfo.az

1Mənbələr