AZ

Azərbaycanda şübhəli maliyyə əməliyyatları ilə bağlı məlumatlar açıqlandı


Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən xarici siyasi nüfuzlu fiziki şəxslərin mədaxil əməliyyatlarının sayı əvvəlki illə müqayisədə ötən il 5 479 vahid və ya 57,5% artıb.
Yeniavaz.com
Xidmətdən açıqlanan məlumatlara istinadən xəbər verir ki, bu şəxslərin nağd məxaric əməliyyatlarının sayı isə 16 min 386 vahid və ya 25,5% artıb.
Ötən il xarici siyasi nüfuzlu və onlarla əlaqəli şəxslərə dair Xidmətə daxil olan 14 min 658 sayda hesabatın araşdırılması zamanı müəyyən edilib ki, 95 min 629 sayda mədaxil və məxaric əməliyyatları həyata keçirilib. Bu da 2023-cü ilin müvafiq dövrlərinin göstəricisindən 3,3 dəfə çoxdur. Hesabat dövründə beynəlxalq məlumat mübadiləsi çərçivəsində Xidmətə 16 ölkənin xarici maliyyə monitorinqi orqanı tərəfindən 27 sorğu, 12 ölkədən spontan qaydada 21 məlumat daxil olub. Xidmət tərəfindən isə 51 ölkəyə 84 sorğu, 5 ölkəyə isə spontan qaydada 7 məlumat göndərilib.
2024-cü ildə göndərilən məlumatların 60%-i Türkiyə, Gürcüstan, Birləşmiş Krallıq, BƏƏ, ABŞ, Çin, Almaniya, Litva, Polşa, Rusiya və İspaniyanın payına, 40%-i isə 40 fərqli ölkənin payına düşüb.
Ümumilikdə, 2024-cü il ərzində Xidmətə 23 ölkənin maliyyə kəşfiyyatı orqanından 48 məlumat daxil olub ki, bu da 2023-ci ilin müvafiq göstəricisindən 9 vahid və ya 15,8% daha azdır. Hesabat ilində daxil olan məlumatların 14,6%-i Rusiyanın, 12,5%-i BƏƏ-nin, 10,4%-i Qazaxıstanın, 6,3%-i müvafiq olaraq Türkmənistan, Ukrayna, Birləşmiş Krallıq və Maltanın, 4,2%-i Almaniya və İraq, 2,1%-i isə müvafiq olaraq Argentina, Baham adaları, Belarus, Belçika, Bermud, Çexiya, Estoniya, Rumıniya, Qabon, Suriya, Gürcüstan, Monako, Pakistan və Tunisin payına düşüb.
2023-cü illə müqayisədə 2024-cü ildə hüquq mühafizə orqanlarından daxil olan sorğuların sayı 56 vahid və ya 68,3% artaraq 138 məlumat təşkil edib. Daxil olan sorğuların sayı Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti üzrə daha çox artıb. Xidmət tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilən məlumatlar əsasında 15 cinayət işi açılıb.
Məlumat üçün bildirək ki, xarici siyasi nüfuzlu fiziki şəxslər (Politically Exposed Persons – PEPs) yüksək vəzifə tutan və ya əvvəllər tutmuş xarici şəxslərdir. Onlara, həmçinin onların ailə üzvləri və yaxın əlaqəli şəxsləri də daxil edilir.

Elnur Əli
Seçilən
5
3
yeniavaz.com

4Mənbələr