AZ

Dövlət Suverenliyi Günü ‒ Azərbaycan Xalqının şanlı zəfər günü


"Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-i Dövlət Suverenliyi Günü kimi təsis edilib. Suverenlik Günü 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın öz ərazi bütövlüyü və dövlət suverenliyinin təmin edilməsi uğrunda apardığı dönməz milli mübarizənin və qazandığı zəfərlərin rəmzi sonunu əks etdirən tarixi aktdır. 2025-ci ildə ilk dəfə qeyd edilən bu tarixi gün ölkəmizın və xalqımızın həyatında şanlı təqvimlərdən birinə çevrilib. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik və dövlətçilik əzmini, milli məfkurəsini sarsıda bilməyib. Prezident İlham Əliyevin vurğuladığı kimi müstəqil və suveren dövlətə sahib olmaq, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Bu müqəddəs arzunun son şərəfli və qürurlu tarixi nöqtəsini də məhz dövlətimizin başçısı 2023-cü ildə Azərbaycanın dövlət suverenliyini bərpa etməklə qoymuşdur. Ötən əsrin sonlarında dövlət müstəqilliyini qazanmış Azərbaycan Respublikasına rəhbərlik edən təsadüfi, səriştəsiz adamların yarıtmaz idarəçiliyi və yaratdığı hərc-mərclik, xaos, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ölkəmizi müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ümummilli Lider Heydər Əliyevin belə bir kritik məqamda öz xilaskarlıq missiyasını üzərinə götürərək ölkə rəhbərliyinə qayıdışı ilə dövlət müstəqilliyimizin əbədi dönməzliyi təmin edildi. Həmin dövrdə AXC-Müsavat cütlüyünün xəyanətinin nəticəsi olaraq torpaqlarımızın bir qisminin itirilməsi və 30 ildən çox müddətdə işğal altında qalması dövlət suverenliyinin coğrafi-inzibati bütövlüyünü də pozurdu. İşğal aktının uzun illər qalmasına baxmayaraq, bu hal Azərbaycanın beynəlxalq hüquqi suverenliyinə heç bir təsir göstərmədi. Rəsmi Bakının qətiyyətli xarici siyasəti və mükəmməl diplomatik həmlələri dünya dövlətlərini Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı olaraq dəstəkləməsi ilə nəticələnmişdir. Buna baxmayaraq, erməni işğalı Azərbaycanın 20 faiz ərazisi üzərində daxili suverenliyini və ali hakimiyyətin qollarının işləkliyini, institusional hüquqi tətbiqlərin icrasını məhdudlaşdırdı. Ulu Öndər Heydər Əliyevin ən müqəddəs arzusu olan ərazi bütövlüyümüzün təmin olunması amalını ali dövlət kürsüsünə seçildiyi ilk gündən Prezident İlham Əliyev 20 il ərzində Ermənistanın və xarici havadarlarının ölkəmizə yönələn təhdidlərinin qarşısının alınması və beynəlxalq hüququn və ədalətin təmin edilməsi üçün bütün siyasi həyatını sərf etdi. Ali Baş Komadan bu illər ərzində güclü iqtisadiyyat və müasir ordu quraraq, Azərbaycana beynəlxalq aləmdə güclü tərəfdaşlar qazandıraraq bütün gücünü ali məqsəd olan torpaqlarımızın azad edilməsi üçün çalışdı. Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı növbəti təxribatlara anındaca layiqli və sərrast cavab verən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində erməni iddialarını, işğalçılıq planlarını və təcavüzkar siyasətini məhv edərək milyonlarla azərbaycanlının vətən həsrətinə son qoydu. Məğlubiyyətin sarsıntılarını yaşayan Ermənistan və qondarma rejim 2020-ci ildən sonrakı müddətdə havadarlarına arxalanaraq sülh gündəliyindən hər vəchlə yayınır, əvvəlki iddialarını davam etdirməyə cəhdlər göstərdi. Sözsüz ki, mövcud situasiya, Qarabağda fəaliyyətini davam etdirən separatizm və terrorçu fəaliyyətlər Azərbaycanın suverenliyinə, dövlətçilik prinsiplərinə təhdidlər yaradırdı. Xankəndində və ətraf ərazilərdəki silahlı qruplara daşınan aramsız silah-sursat Azərbaycanın milli dövlət maraqlarına birbaşa təhdid demək idi. Eyni zamanda, 2020-ci il 10 noyabr sazişindən sonra öz legitim ərazilərində dərhal minatəmizləmə fəaliyyətləri aparmaqla bərpa, quruculuq, infrastrukturların yenidən salınması istiqamətində fasiləsiz iş aparan Azərbaycan dövlətinin müvafiq qurumlarının əməkdaşlarının, eləcə də asayişi qoruyan hüquq-mühafizə orqanlarının təhlükəsizliyinə qarşı yönələn silahlı təhdid və təxribatlar bölgədə sülh və quruculuq arxitekturasının təməllərini zədələyir, sabitliyin ahəngdarlığını pozurdu. Belə bir şəraitdə, terrorçu rejimin militarist hərəkətlərinə cavab olaraq 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaradıldı. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış bütün sərhədləri boyunca nəzarətini təmin etdi. Bu tarixi gün Azərbaycanın şanlı qalibiyyət salnaməsinin yeni səhifəsinə çevrildi. Azərbaycan Respublikasının suverenliyini fiziki olaraq bərqərar etməsinin son akkordu isə beş ay sonra həyata keçirilən 19-20 sentyabr lokal xarakterli antiterror tədbirləri hesab edilə bilər. 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Azərbaycanın əsgər və zabitləri mülki insanların heç birinə xəsarət yetirilmədən Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qondarma rejimin tör-töküntülərini tərksilah edərək ağ bayraq qaldırmağa məcbur etdi. Beləliklə, Azərbaycan Respublikasının suverenliyi və Konstitusiya quruluşu tamamilə bərpa olundu, coğrafi-inzibati vahidliyimiz tamamlandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla suverenliyimizin legitimliyini rəsmiləşdirdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası da respublikamızın bütün ərazisində tam şəkildə bərpa olundu. Suverenlik Gününə gedən işıqlı yol və möhtəşəm tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin və qəhrəman xalqımızın sarsılmaz qətiyyətinin nəticəsidir.
Ramid Namazov
Milli Məclisin deputatı

Seçilən
6
2
baki-xeber.com

3Mənbələr