AZ

Şəhidin atası: Oğlum döyüş yoldaşları ilə "mən şəhid olmağa gedirəm" sözləri ilə vidalaşıb" - VİDEO

Düzdür, çox ağırdır, Murad tək övladımız idi, amma şəhid oğlumla fəxr edirəm.

Bu sözləri "Report"a müsahibəsində şəhid Murad Arzullayevin atası Təvəkkül Arzullayev deyib.

Atanın sözlərinə görə, oğlu sonuncu dəfə 2023-cü il martın 5-də evə gəlib: "Gəlişini sanki anasının 8 Mart bayramına hədiyyə etmişdi. 2015-ci il martın 15-də onu yola saldıq. Sentyabrın 19-u döyüş başladı. Oğlum döyüş yoldaşları ilə "mən şəhid olmağa gedirəm" sözləri ilə vidalaşıb.

Ana Laura Arzullayeva isə bildirir ki, oğlu evə gəlməsinə cəmi 10 gün qalmış şəhid olub: "Salamat geri dönməsi ilə bağlı planlar qurub, siyahı yazmışdım. Hətta, məkan belə danışmışdıq. Həmişə deyirdi ki, məni qarşılamağa çoxlu bayraqlarla gələrsiniz. Həqiqətən də elə oldu, oğlum elə bayrağa bürünmüş, çoxlu bayraqlarla gəldi". 

Şəhidin son danışığı da məhz anası ilə olub: "Ölümündən bir gün əvvəl danışdıq. Onda dedi ki, yuxumu qarışdırmışam, səsini eşitmək istəyirəm. Atasını həmişə adı ilə çağırırdı. Son sözü də o oldu ki, Təvəkküldən muğayat ol".  

Qeyd edək ki, Murad Arzullayev 21 fevral 1998-ci ildə Bakı şəhərində anadan olub. M.Arzullayev 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş antiterror tədbirləri zamanı şəhid olub. Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Seçilən
10
qaziler.az

1Mənbələr