AZ

FHN Abşeron rayonunda seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Sumqayıt Regonal Mərkəzinin təşkilatçılığı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində “Fövqəladə hadisələrlə bağlı əhalinin xəbərdarlığının təşkili, baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi və davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirilib. FHN-in İctimaiyyətlə əlaqə idarəsindən SİA-ya verilən məlumata görə, tədbirdə nazirliyin müvafiq yerli strukturlarının, Abşeron Rayon İcra Hakimiyyətinin, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli icra və özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin, görülən işlərin, qarşıda duran problemlərin və onların həlli yollarının müzakirəsi olub.

Əvvəlcə, Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev Abşeron Rayon İcra Hakimiyyəti ilə qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov fövqəladə halların xəbərdar olunması ilə bağlı bu sahəyə cavabdeh qurumların koordinasiyanın təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs edib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Sadıqov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar yerli icra hakimiyyəti ilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb.

Seminar-müşavirədə çıxış edən digər natiqlər tərəfindən yanğınların başvermə səbəbləri və nəticələrindən, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərdən və mövcud problemlərdən bəhs olunub, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili və digər məsələlərdən söz açılıb.

İnteraktiv müzakirələr fonunda davam edən seminar-müşavirədə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Seçilən
21
8
sia.az

9Mənbələr