AZ

Tramp Londonu belə qarışdırdı “Ölkə məhv olur”

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri Londonda geniş etiraz aksiyaları ilə müşayiət olunub. London meri Sadiq Xan nümayişçilərə açıq dəstək verib. “The Guardian” nəşrinin yazdığına görə, bu etirazlar baş nazir Keir Starmer üçün siyasi risklər yaradıb. Artıq onun siyasi mövqeyi zəifləyib — müavini Ancela Reynerin istefası və Böyük Britaniyanın ABŞ-dakı səfiri Piter Mandelsonun ölkəni tərk etməsi bunun göstəricisidir.

Maraqlıdır, İngiltərədə Trampa qarşı xalqı ayağa qaldıran gizli və ya açıq qüvvə hansıdır?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, ABŞ Prezidentinin baş nazir Keir Starmerlə görüşü bir sıra ciddi məsələlərin gündəmə gəlməsinə səbəb olub:

“Artıq Keir Starmerin siyasi nüfuzuna xələl dəyib. Ona qarşı çıxan qüvvələrin sayı artır. Burada pərdəarxası məqamları da nəzərə almaq lazımdır. Trampın Starmerlə görüşündən öz siyasi maraqları üçün istifadə etməyə çalışan qüvvələr az deyil. Son onillikdə Böyük Britaniyada davamlı siyasi böhran yaşanır. Ard-arda baş verən istefalar bunun açıq nümunəsidir. Leyboristlərin hakimiyyətə gəlişi və digər siyasi kataklizmlər də bu kontekstdə qiymətləndirilə bilər”.

Politoloqun fikrincə, Starmer çox həssas bir mərhələdə baş nazir postuna gəlib və bu səbəbdən onun mövqeyi ABŞ kimi supergüc tərəfindən birmənalı qarşılanmır:

İlyas Hüseynov

“Burada ABŞ-ın əsas müttəfiqi olan İsrailin Yaxın Şərqdə apardığı siyasət də təsirsiz deyil. Fələstin dövlətinin tanınması məsələsində əvvəllər yalnız Fransa ön plana çıxırdısa, indi Böyük Britaniya da bu sıraya qoşulmağa başlayıb. Britaniya rəsmiləri Fələstinin tanınması ilə bağlı mövqelərini açıq şəkildə ifadə edirlər. Bu məsələnin BMT Baş Assambleyasında davam etdirilməsi gözlənilir. Belə olan halda ABŞ öz müttəfiqi İsrailin maraqlarını qorumağa çalışır və ona hərbi dəstək verir. İsrail isə Qəzza üzərində tam nəzarət əldə etmək məqsədilə quru hərbi əməliyyatlara davam edir”.

İlyas Hüseynov qeyd edib ki, bu vəziyyət ABŞ-ı rəsmi şəkildə narahat etsə də, Vaşinqton hələ də İsrailin yanında yer almaqda maraqlıdır:

“Əgər Starmer Fələstin xalqının azadlığı və müstəqilliyi ideyasını açıq şəkildə dəstəkləsə, bu, ABŞ daxilində də ciddi siyasi təzyiqlərə və təsir mexanizmlərinin işə düşməsinə səbəb olacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
globalinfo.az

1Mənbələr