Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Dövlət başçısının Sərəncamı ilə Fətəli xan Xoyskinin 150 illik yubileyi qeyd olunacaq
Görkəmli dövlət və siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk baş naziri Fətəli xan Xoyskinin 150 illiyi tamam olur. "Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir.
XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndələrindən olan Fətəli xan Xoyski geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət kimi tarixdə iz salmışdır. Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir.
Böyük siyasi xadim Fətəli xan Xoyski 1875-ci il noyabrın 25-də Şəki şəhərində anadan olmuşdur. O, 1892-ci ildə Yelizavetpol (Gəncə) klassik gimnaziyasını bitirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1897-ci ildə buranı birinci dərəcəli diplomla bitirmişdir. F.Xoyski 1897-1907-ci illərdə Yelizavetpol, Kutaisi, Yekatirinodar dairə məhkəmələrində müxtəlif vəzifələrdə çalışmışdır. Yekaterinadar dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur.
O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. Dumanın bır sıra iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid etmişdir. F.Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb etmişdir.
MÜSTƏQİLLİK UĞRUNDA APARILAN HƏRƏKATIN LİDERLƏRİNDƏN BİRİ
F.Xoyski İkinci Dövlət dumasının bir qrup deputatı ilə birlikdə Müsəlman fraksiyasının üzvü idi, köçürülmə siyasətinin əleyhinə çıxış edirdi, Konstitusiyalı Demokratiya Partiyasının üzvü idi. 1917 Fevral inqilabından sonra 1-ci Qafqaz müsəlmanları qurultayının iştirakçısı idi; may ayında Moskvada keçirilən 1-ci Ümumrusiya müsəlman qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü oldu. Bitərəflə "Müsavat" partiyasının 1-ci qurultayında iştirak etmişdir, Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi. Bakı şəhər Dumasına (oktyabr 1917 — aprel 1918) rəhbərlik etmişdir.
1917-ci il Fevral inqilabından və Oktyabr çevrilişindən sonra F.Xoyskinin fəaliyyətində yeni bir mərhələ başlamışdır. O, siyasi və ictimai mübarizəyə daha fəal surətdə qoşulmuş, qısa müddət ərzində Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda aparılan hərəkatın liderlərindən birinə çevrilmişdir. Fətəli xan Xoyski martın 29-da Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, bu təşkilatın gərgin fəaliyyəti nəticəsində həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya Seyminin üzvü və 1918-ci il aprelində müstəqil elan edilən Zaqafqaziya Federativ Respublikası hökumətinin Ədliyyə naziri olmuşdur.
İSTİQLAL BƏYANNAMƏSİNDƏ İMZASI OLAN SİYASİ XADİM
Zaqafqaziya seymi buraxıldıqdan sonra, 1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclasını çağırdılar. Yığıncaq Cənubi Qafqazın şərqi ərazilərin idarə olunmasını öz üzərinə götürmək qərarına gəldi, və özlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli şurası adlandırdılar. Milli şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradıldı, onun vəzifəsi respublika həyatının müxtəlif sahələri üzrə planların həyata keçirilməsi idi. F. Xoyski icraiyyə orqanının sədri seçildi.
Ertəsi gün Milli şuranın ilk iclası keçirildi: Seymin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi və Azərbaycanın vəziyyəti onun gündəliyində əsas bəndi idi. Şuranın bəzi üzvləri Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idilər, Fətəli-xan Xoyski, öz növbəsində, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumətin yaradılması ilə kifayətlənmək və Azərbaycanın müstəqilliyini elan etmədən digər ölkələrlə danışıqlara başlamaq təklifini vermişdi. Nəticədə iki nəfər bitərəf qalmaqla 24 səslə (o cümlədən F.Xoyski) Şura Azərbaycanı dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi. Fətəli-xan Xoyski Müvəqqəti hökumətinin tərkibini açıqladı və orada daxili işlər naziri.vəzifələrini tutdu.
"BÖYLƏ BİR GÜNÜ DƏRK ETMƏK ÜÇÜN QEYRİ MİLLƏTLƏR ON İLLƏR İLƏ ÇALIŞMIŞLAR"
Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyətinin ilk Hökumət başçısı kimi Azərbaycan istiqlalının elanı barədə dünya dövlətlərinə ünvanlanan radioteleqramı imzalamış, 5-ci Hökumət kabinəsinin xarici işlər naziri olarkən isə istiqlalın Paris Sülh Konfransı tərəfındən tanınması haqqında Parlamentdə məlumat vermişdi. Parlamentin bu məsələyə həsr olunmuş təntənəli iclasındakı (1920-ci il, 14 yanvar) çıxış ında Fətəli xan Xoyski demişdi: "...Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq. Böylə az miiddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm. Bugünki bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm ".
Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N. Yusifbəylinin təşkil etdiyi beşinci hökumət kabinəsində Xarici İşlər naziri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin əsaslı xidmətləri olmuşdur.
Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdur. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycanın pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdır.
1920-ci il aprelin ortalarında 11-ci Qırmızı ordu Şimali Qafqazda Denikin qüvvələrini məğlub edərək; Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də Xoyski Hökumət adından sovet Rusiyası hökumətinə nota göndərsə də, nota cavabsız qaldı və aprelin 27-də XI Qırmızı ordu beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycan sərhədlərini keçdi və Bakıya doğru hücum əməliyyatına başladı. Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyuldu. Aprel işğalından (1920) sonra Tiflisə mühacirət etməyə məcbur olan Fətəli xan Xoyski iyunun 19-da orada "Daşnaksutyun"un muzdlu erməni terrorçusu tərəfındən qətlə yetirildi və həmvətəni M.F.Axundzadənin yanında dəfn edilmişdir.
Nəzakət ƏLƏDDİNQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.