AZ

Yeni tikilən və ya təmir olunan binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq

Bakı, 18 sentyabr, AZƏRTAC

Yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sentyabrın 18-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” dəyişikliklərdə əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri istisna olmaqla, yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburidir.

Eyni zamanda, qanun layihəsinin arayış hissəsində də qeyd edilir ki, son illərdə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində kompleks tədbirlər icra olunur, o cümlədən normativ hüquqi bazanın təkmiləşdirilməsi həyata keçirilir. Qanun layihəsi həmin məqsədlərdən irəli gələrək yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılmasının məcburiliyini təsbit edir, eyni zamanda, pasportlaşdırılmanın məcburiliyi istisna olunan bina kateqoriyalarını müəyyən edir.

Belə ki, qanun layihəsinə əsasən dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci maddəsində göstərilən reklam qurğuları və həmin məcəlləsinin 89.1-ci maddədə göstərilən ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektləri istisna olmaqla, digər yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyacaq.

Pasportlaşdırma bu qanun qüvvəyə mindikdən sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Seçilən
19
37
azertag.az

10Mənbələr