AZ

Əbədi dostluq!

Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır

Azərbaycan qlobal siyasi mühitdə etibarlı tərəfdaş, proqnozlaşdırıla bilən dövlət və regional sabitliyin əsas dayaqlarından biri kimi tanınmaqdadır. İqtisadi potensialın ardıcıl şəkildə gücləndirilməsi, enerji layihələrinin uğurla icrası, nəqliyyat-kommunikasiya dəhlizlərində aparıcı rolun qazanılması və ən əsası müstəqil siyasi kursun qorunması Bakıya beynəlxalq aləmdə xüsusi nüfuz qazandırıb. Azərbaycanın diplomatiyası artıq yalnız regionun deyil, bütövlükdə Avrasiyanın inkişaf və təhlükəsizlik gündəliyində mühüm amil kimi qəbul olunur. Elə buna görədir ki, Azərbaycanla əməkdaşlıq təkcə qonşu dövlətlər üçün deyil, həm də qlobal güclər üçün prioritetə çevrilib. Bu mənada Çin, ABŞ və digər böyük ölkələrin, eləcə də təşkilatların Bakı ilə daha isti münasibət qurmaq istəyi bütün konturlar üzrə açıq şəkildə görünür.

Vurğulandığı kimi, bu kontekstdə ABŞ- Azərbaycan əlaqələri də diqqəti cəlb edir - xüsusilə, Donald Trampın prezident seçilməsi ilə münasibətlərdə yeni mərhələ başlanıb. Tramp administrasiyası Vaşinqtonun Bakı ilə münasibətlərini gücləndirmək, Azərbaycanı etibarlı iqtisadi və siyasi tərəfdaş kimi ön plana çıxarmaq niyyətini açıq şəkildə ifadə edib. Bu isə həm regional sabitlik, həm də strateji enerji və təhlükəsizlik maraqları baxımından iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərini gündəmə gətirir.

Strateji əməkdaşlıq xətti...

Donald Trampın prezident seçilməsi ilə Vaşinqtonun xarici siyasət prioritetlərində yeni düzən formalaşarkən Azərbaycan mühüm tərəfdaş kimi gündəmə gəldi. ABŞ üçün həm enerji təhlükəsizliyi, həm də Yaxın və Orta Şərq, Cənubi Qafqaz - Mərkəzi Asiya geostrateji coğrafiyasının yeni inkişaf mərhələsinə qədəm qoyması, sabitliyin və təhlükəsizliyin təmini, kataklizmlərin aradan qaldırılması üçün müstəqil, ədalətli vasitəçi kimi Azərbaycanın rolu əvəzolunmazdır. Tramp administrasiyası Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsində, dostluq və əməkdaşlıq səviyyəsində davamlılığının təmin edilməsində  maraqlı olduğunu hər zaman bəyan edib.

Azərbaycan da öz növbəsində ABŞ-la əməkdaşlığı yalnız enerji sahəsi ilə məhdudlaşdırmır. İnvestisiya, nəqliyyat dəhlizləri, informasiya texnologiyaları və regional təhlükəsizlik istiqamətlərində geniş əməkdaşlıq platforması mövcuddur. Bu əməkdaşlığın güclənməsi həm də regionda sabitliyin möhkəmlənməsinə, Cənubi Qafqazın beynəlxalq inteqrasiyasına yeni təkan verə bilər. Xüsusilə bölgədə sülhün və sabitliyin təmini istiqamətində aparılan fəaliyyət Bakı-Vaşinqton əlaqələrinə mühüm bir rəng qatıb - Bakının yeni iqtisadi düzənin ən vacib layihələrindən biri sayılan Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə bağlı səyləri bütün dünya, eyni zamanda Vaşinqton tərəfindən yüksək dəyərləndirildi. Təsadüfi deyildi ki, avqustun 8-də Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannamə Zəngəzur dəhlizinin (TRİPP) açılışı üçün vacib bir addım kimi yadda qaldı. Bu gün Vaşinqton-Bakı münasibətlərində artan müsbət ştrixlər həm regional, həm də qlobal inkişafın aparıcı elementlərindən sayılır. Prezident Trampın ötən 9 ay ərzində dəfələrlə Bakıya müsbət xarakteri mesajları özündə əks etdirən məktublar yollaması, sosial şəbəkələrdə paylaşımlar etməsi və Azərbaycan Prezidentini “BÖYÜK LİDER” adlandırması bu dostluğun əsl sübutudur.

Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ...

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib. Özünün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşan Tramp “Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq”, - deyə yazıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “TruthSocial” hesabında paylaşımına görə təşəkkür edib. Dövlətimizin başçısı bu barədə X sosial şəbəkə hesabında yazıb. “Prezident Donald Tramp, təşəkkür edirəm, “TruthSocial” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlətimizin başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır. “Dostluğumuza böyük önəm verirəm”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Göründüyü kimi, Bakının bütün sahələrdə nümayiş etdirdiyi mövqe ABŞ tərəfindən yüksək səviyyədə qarşılanmaqdadır. Prezident Trampın paylaşımında qeyd etdiyi “Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq” mahiyyəti bunu təsdiqləyir. Yeni nizamın astanasında qlobal mühitin əsas və strateji iqtisadi-siyasi regionlarından sayılan Cənubi Qafqazın lider ölkəsi ilə dostluq arzusu Vaşinqtonun Bakı ilə münasibətləri yeni mərhələyə daşıma istəyindən xəbər verir - indiki dövrdə yaranan mühüm perspektivlər isə göz önündədir. Vaşinqton görüşünün ardından bölgənin gələcək perspektivi  ilə bağlı təsdiqlənən mahiyyəti göz önünə gətirsək:

- Azərbaycanın apardığı siyasət müasir qlobal iqtisadi münasibətlər sistemində mühüm yeniliklər vəd edir ki, bu da ABŞ-ın diqqətini ən yüksək səviyyədə cəlb edib;

- Ölkəmizin beynəlxalq terrorizmə qarşı mübarizədə ortaya qoyduğu qətiyyətli davranış unudulmayıb - Prezident Tramp bu istiqamətdə ardıcıl siyasət yürüdür və ABŞ Azərbaycanı vacib tərəfdaşı qismində görür;

- Enerji və iqtisadi mövzularda tutulan mövqe yüksək dəyərləndirilir. Azərbaycanın qlobal məkanda enerji təminatçısı kimi artan rolu Vaşinqtonun gözündən yayınmayıb;

- Nəhayət, qarşıdakı perspektivdə imzalanacaq sülh yeni iqtisadi mühitin oturuşmasına yaxından kömək edəcək. Zəngəzur dəhlizinin (TRİPP) açılması isə Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin güclənməsində vacib bir şərtə çevriləcək.

ABŞ Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır...

ABŞ-ın Azərbaycanla son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri növbəti dəfə özünü təcəssüm etdirir - Vaşinqton ilə Bakı arasında müxtəlif sahələr üzrə yaxın əməkdaşlıq yüksək dəyərləndirilir. Qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına, iqtisadi əlaqələrin yeni inteqrasiya xətti qazanmasına da töhfədir. Dünyada gedən bir sıra siyasi proseslər, müxtəlif ölkələr daxilində yaranan gərginlik, beynəlxalq cinayətkar qruplaşmaların, terrorçu təşkilatların fəaliyyətini genişləndirməsi hər iki dövlətin təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığının əhəmiyyətini dəfələrlə artırıb. Paralel olaraq Azərbaycanın yürütdüyü enerji siyasəti son 30 ildə nəinki regionun, daha böyük coğrafiyanın mənzərəsini və enerji xəritəsini dəyişib. Bakı-Tbilisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətləri kimi qlobal layihələrin ərsəyə gəlməsi, bu layihələrin daha geniş əməkdaşlıqlara meydan açması, yeni mərhələlər formalaşdırması göz önündədir - bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır, Şimal-Cənub, Şərq - Qərb enerji tranzitinin mühüm logistik mərkəzlərindən sayılır. Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Prezident İlham Əliyev məktubunda bildirib ki, enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləyib. Bu isə səslənən “əbədi dostluq” tezisinin xarakterini ortaya qoyur. Bir məqamı da vurğulamaq lazımdır ki, Donald Tramp özünün birinci dövlət başçısı olduğu dönəmdə də iki ölkə arasında işgüzar tərəfdaşlığa əsaslanan münasibət olub. Bu dövrdə Tramp administrasiyası Azərbaycanla bağlı müsbət mövqe sərgiləyib və tərəfdaşlıq əlaqələrini daim vurğulayıb. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə mütəmadi olaraq təbrik məktubları göndərib. 2017, 2018, 2019 və 2020-ci illərdə göndərilən məktublarda Tramp Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığını yüksək qiymətləndirib. Tramp administrasiyası Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu dəstəkləyib. 2018-ci ildə Prezident Tramp Bakıya ünvanladığı məktubda Azərbaycanın enerji sahəsindəki rolunun vacibliyini qeyd edərək, iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsini dəstəklədiyini bildirib. 2019-cu ildə ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycanın iqtisadi inkişaf istiqamətində atdığı addımları dəstəklədiklərini bildiriblər. 44 günlük müharibə dövründə Tramp administrasiyası Ermənistanı dəstəkləməyib və hər zaman olduğu kimi ölkəmizin ərazi bütövluyünü tanıyıb - birmənalı şəkildə həmin dövrdə ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xəttində inkişaf edib.

Pərviz SADAYOĞLU

Seçilən
22
yeniazerbaycan.com

1Mənbələr