AZ

Kişilər müəllim peşəsini aşağı maaşa görə seçmir? — Ekspert detalları AÇIQLADI

"Müasir dövrdə təhsil sistemində müşahidə olunan ən mühüm problemlərdən biri müəllimlik peşəsində gender balansının pozulmasıdır. Son illərin statistikası göstərir ki, Azərbaycanda ümumtəhsil məktəblərində çalışan müəllimlərin 80 faizdən çoxu qadınlardır. Elm və Təhsil Nazirliyinin rəsmi məlumatlarına görə, bəzi rayonlarda kişi müəllimlərin payı 15–20 faizdən də aşağı düşüb. Bu, təkcə pedaqoji sahənin seçilməməsi ilə deyil, həm də əmək bazarında kişi müəllimlərin təmsilçiliyinin məhdudlaşması ilə bağlıdır. Halbuki “Təhsil haqqında” Qanunun 26-cı maddəsində dövlət müəllimlərin sosial müdafiəsini təmin etməyi, onların nüfuzunu yüksəltməyi üzərinə götürüb. Təhsil siyasətində aparılan islahatlar, diferensial əməkhaqqı mexanizmi, sertifikatlaşdırma prosesləri və müəllimlərin peşəkar inkişafına ayrılan vəsaitlər müsbət nəticə versə də, gender tarazlığını qorumaq üçün hələ də əlavə tədbirlər zəruridir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, kişi müəllimlərin azlığının səbəbləri müxtəlifdir:



"Ənənəvi olaraq müəllimlik qadın peşəsi kimi qəbul olunur, cəmiyyət bu sahəni daha çox qadınlarla assosiasiya edir. Ali məktəblərdə pedaqoji ixtisaslara qəbul ballarının nisbətən aşağı olması da kişilərin marağını azaldır, çünki bu sahə yüksək sosial status qazandıran istiqamət kimi görünmür. Digər tərəfdən, əmək bazarında karyera imkanlarının məhdud olması, yəni müəllimlikdən direktor vəzifəsinə qədər gedən çox dar iyerarxik sistemin mövcudluğu kişilərin pedaqoji ixtisasları seçməsinə mane olur. Bununla yanaşı, ölkədə kişi müəllimlərin gəlir imkanlarının aşağı olduğunu demək düzgün deyil. Reallıqda repititorluqla məşğul olan müəllimlərin illik gəliri 30–40 min manata çatır və bu, bir çox sahələrlə müqayisədə yüksəkdir. Amma yenə də gender balansı bərpa olunmur, çünki məsələ sırf maaş yox, həm də sosial baxışlar və imic məsələsidir".

Ekspert qeyd edib ki, kişi müəllimlərin azalmasının nəticələri bir sıra istiqamətlərdə özünü göstərir:

"Məktəblərdə kişi nümunəsinin azlığı, xüsusən də oğlan şagirdlərinin davranış modellərində müəyyən boşluqlar yaradır. Beynəlxalq təcrübə göstərir ki, kişi müəllimlərin təmsilçiliyinin yüksək olduğu ölkələrdə şagirdlərin intizamı güclü olur, oğlan uşaqları akademik baxımdan daha motivasiyalı çıxış edir. Məsələn, Finlandiyada müəllimlərin sosial statusunun yüksək olması gender balansını qoruyur və burada kişi müəllimlərin payı 40 faizə yaxındır. Şərqi Avropa ölkələrində isə bu göstərici 25–30 faiz arasında dəyişir. Azərbaycanda isə bu rəqəm daha aşağıdır və nəticədə məktəb mühitində gender balansının olmaması şagirdlərin sosiallaşmasına mənfi təsir göstərir.

Nəticə etibarilə, kişi müəllimlərin azlığı təkcə maaşla bağlı deyil, daha geniş sosial, mədəni və struktur amillərlə əlaqədardır. Bu problem həll olunmasa, məktəblərdə şagirdlərin davranış tərzində, motivasiyasında və gender balanslı mühitdə böyüməsində ciddi çatışmazlıqlar davam edəcək. Amma əgər Elm və Təhsil Nazirliyi başladığı islahatları davam etdirərsə, müəllimlik peşəsinin nüfuzu yüksələcək, kişi müəllimlərin də payı artacaq və məktəblərdə sağlam təlim-tərbiyə mühiti formalaşacaq".

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
60
1
demokrat.az

2Mənbələr