AZ

Məhkəmə qaynını qətlə yetirən şəxsin istəyini reallaşdırmadı

Ali Məhkəmədə qaynını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, Eldar Məmmədov qayını Mərkəz Quliyevi qətlə yetirib. Məlum olub ki, Mərkəz Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznəsi Eldar Məmmədovun adına özü üçün mənzil alıb.


Mərkəz Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb. Eldar Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin onların arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb.


Məhkəmə binasına yaxınlaşanda Eldar Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan Mərkəz Quliyevin başına zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra Eldar Məmmədov yerdə uzanıqlı vəziyyətdə olan Mərkəz Quliyevə daha 9 zərbə endirib.


Bundan sonra yaxındakı adamların köməkliyi ilə Mərkəz Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.


Qeyd edək ki, ötən il mayın 13-də qətlə yetirilmiş Mərkəz Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət verilib. Bakı Ağır Cinayətlər Məhkəməsi vəsatəti rədd edib. Həmin qərardan Eldar Məmmədov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də qərarı dəyişdirmədən saxlayıb. 

Kamal Məmmədov 

Tarix: 18 Sentyabr 2025, 08:35   
Seçilən
11
pravda.az

1Mənbələr