ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens konservativ fəal Çarli Kirkin qətlindən danışarkən emosiyalarını cilovlaya bilməyib və qeyri-senzural ifadələr işlədib.
Bizimyol.info xəbər verir ki, C.D. Vens bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə danışıb.
“Dostum sol radikallaşma səbəbindən həyatını itirdi. Əgər bu problemlə mübarizə aparmaq istəyirsinizsə, özünüzə qarşı dürüst olun və aynaya baxın. Bağışlayın, bilirəm ki, "Fox News" efirində bu ifadəni işlətməməli idim”, – deyə Vens bildirib.
Vitse-prezidentin sözlərinə görə, "əldə olan bütün dəlillər göstərir ki, qətldə ittiham olunan Tayler Ceyms Robinson normal bir ailədə böyüyüb, lakin sol ideyaların təsiri ilə radikallaşıb".
Daha öncə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bəyan etmişdi ki, ABŞ hakimiyyəti sol yönümlü təşkilatlarla mübarizə üçün əlində olan bütün resurslardan istifadə etməyə hazırdır. Vaşinqton administrasiyasının fikrincə, bu təşkilatların üzvləri radikal baxışlara sahibdir və zorakılığı təbliğ edirlər.
31 yaşlı Çarli Kirk 10 sentyabr tarixində Yuta ştatının Orem şəhərində yerləşən universitetdə çıxış edərkən güllələnib. O, aldığı güllə yarasından xəstəxanada vəfat edib. Mühafizəkar baxışları ilə tanınan Kirk ABŞ prezidenti Donald Trampın tərəfdarı olub.
Qətldə şübhəli bilinən Tayler Ceyms Robinson 11 sentyabr axşamı saxlanılıb. 16 sentyabrda ona qarşı rəsmi olaraq yeddi maddə üzrə ittiham irəli sürülüb. İlk maddə ağırlaşdırıcı hallar fonunda adam öldürmə, ikinci isə odlu silahdan qanunsuz istifadə etməklə ağır bədən xəsarətləri yetirmədir.
Bundan əlavə, Robinson iki epizod üzrə ədalət mühakiməsinə mane olmaqda, şahidlərə təzyiq göstərməkdə və uşaqların gözü qarşısında zorakı cinayət törətməkdə ittiham olunur.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.