Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, şirkət əməkdaşları - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilən Fuad Şeydabəyov 10 il 6 ay, Azər Xəlilov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin edilməyib.
Qeyd edək ki, general Fuad Məmmədov 2018-20-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib. İş üzrə onun oğlu hüquqi varisi kimi tanınıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4, 341.2.1, 341.2.3 və 313-cü maddələri ilə ittiham olunublar. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İttihama görə, mərhum general Fuad Məmmədov iki nəfər şirkət rəsmisi - Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.