AZ

Azərbaycan uğurları ilə böyük qələbələrə imza atır TƏHLİL

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Bu bir gerçəklikdir ki, Azərbaycan bütün sahələrdə böyük uğurlara, nailiyyətlərə imza atır. Xüsusilə də işğaldan azad edilən ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı quruculuq-abadlıq, təmir, tikinti işləri bir sıra dövlətləri heyran edib. Heç bir ölkə erməni vandalizminin qurabanı olmuş əraziləri, dağıdılmış, viran edilmiş yurd yerlərini öz daxili imkanları hesabına həllinə nail ola bilməzdi. Daima onun şahidi olmuşuq ki, hansısa ölkə təbii fəlakətlər nəticəsində dağıntılara, yanğınlara məruz qalan zaman başqa dövlətlərə, eləcə də BMT-yə kömək üçün müraciət edir. Əksər hallarda müraciətlərə müsbət cavab verilir. Azərbaycan çoxsaylı dövlətlərə müxtəlif formalarda humanitar köməkliklər göstərib, təbii fəlakətlərin aradan qaldırılmasında yardımçı olub. Lakin erməni vəhşiliyinin nəticəsi olaraq Qarabağımız və ətraf ərazilərimiz fəlakətli dağıntılara məruz qaldığı halda heç bir ölkə bizə köməklik təklif etmədi. Ən azı humanitar dəstəyini göstərmədi. Düzdür, bunu türkdilli qardaş ölkələrə şamil etmək olmaz. Onlar öz qardaşlıq yardımlarını qismən də olsa təklif etdilər və hazırda işğaldan azad edilən ərazilərimizdə bir sıra işlərin həyata keçirilməsində iştirak edirlər. Söhbət ABŞ-dan, Avropa dövlətlərindən gedəndə onlar bu məsələdə heç bir rola malik deyillər. Yəni ermənilərin Azərbaycan ərazilərində törətdikləri dağıntıların aradan qaldırılmasında iştirak etmirlər. Zatən onların köməyinə də ehtiyacımız yoxdur. Dövlət və xalq olaraq üzləşdiyimiz erməni vəhşiliklərinin aradan qaldırılmasında öz gücümüzə və imkanlarımıza arxalanırıq. Necə ki, 30 illik erməni işğalını öz gücümüzlə həll etməklə, BMT qətnamələrinin icrasını həyata keçirdik, eləcə də dağılmış, viran edilmiş ərazilərimizi də özümüz tikir, qurur və yaradırıq. Bununla Azərbaycanın hər bir problemi, çətinliyi aradan qaldırmaq gücünə və qüdrətinə malik dövlət olduğunu nümayiş etdirir. Həm də bir daha təsdiq olunur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin alternativi yoxdur. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsinə nail olundu. Hazırda isə bilavasitə Prezidentimizin təsdiq etdiyi iqtisadi proqram əsasında işğaldan azad edilən ərazilərimiz yenidən qurulur və qurulduqca cənnətə çevrilir. Ümumiyyətlə, faktlara istinadən demək olar ki, son 22 ildə Azərbaycan möhtəşəm uğurlara imza atıb. 2003-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM 888,6 dollar olduğu halda, hazırda bu rəqəm 4214,3 dollara yüksəlib. BU isə onu təsdiq edir ki, son 22 il də Azərbaycanda adambaşına düşən ÜDM təxminən 5 dəfəyə qədər artıb.22 il ərzində neft və qaz layihələrinin icrasında əhəmiyyətli nəticələr əldə olunub. TANAP, TAP, BTQ kimi transmilli layihələr, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə həyata keçirilən digər mühüm layihələr son 22 ildə həyata keçirilən uğurlardandır. Azərbaycanın təşəbbüskarı olduğu və tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr təkcə bizim deyil, qonşu regionların da inkişafına mühüm töhfəsini verir. Bu layihələr arasında Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbi­lisi–Ərzurum qaz kəməri, eləcə də Avropanın enerji təhlükə­sizliyinin təminatında başlıca rol oynamaq qabiliyyətinə malik Cənub Qaz Dəhlizi kimi nəhəng layihə yer alır. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində məhz son 20 il ərzində Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri tikilib istismara verilib. Bundan başqa iki nəqliyyat meqalayihəsini – Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tikintisi­ni və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində işləri xatırlatmaq lazımdır.

Yeni və davamlı iqtisadi uğurlar

Prezident İlham Əliyevin yeni iqtisadi kursuna, bütünlüklə, strateji istiqamət verən ilk Proqram normativ-hüquqi aktı 2004-cü ilin fevralında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004–2008-ci illər)” qəbul edilməsi oldu. Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılması üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə­də yoxsulluğun real səviyyəsinin müəyyənləşdirilməsi məqsə­dilə ailə təsərrüfatları sahiblərinin illik anketləşdirilməsi tətbiq olundu. Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və sosial-iqtisadi inkişaf üzrə 2 Dövlət Proqramı (2003–2005-ci və 2008–2015-ci illər üçün) qəbul edildi. Bunun nəticəsində son 20 il ərzində yoxsulluğun səviyyəsi, təxminən, 44,7 faizdən 5,2 faizədək azalıb.

Prezident İlham Əliyevin yeni iqtisadi kursu çərçivəsində vaxtında görülən bu və digər çoxsaylı tədbirlər sayəsində artıq 2004-cü ildə Azərbaycanda ÜDM (hələ “Azəri–Çıraq–Günəşli” yatağından böyük neftin ixracına başlanmazdan əvvəl) artaraq 10,2 faizə çatıb.

Artıq 2005-ci ildə Prezidentin apardığı unikal iqtisadi stra­tegiya və Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrinin modernləşdirilməsi kursu sayəsində ölkə iqtisadiyyatı fenome­nal inkişaf tempi – ÜDM-in 26,4 faiz artımını nümayiş etdirdi. 2006-cı ilin yekunlarına görə isə ÜDM 34,5 faiz artıb. Bu gün 2003-cü illə müqayisədə real ÜDM-in həcmi 3,6 dəfə, nominal isə 17,2 dəfə artıb.

Cənab İlham Əliyev dövlət başçısı seçildikdən dərhal sonra bütün regionların inkişafını strateji məqsəd kimi müəyyənləşdirdi. Belə ki, onun tərəfindən təsdiqlənən ümummilli əhəmiyyətli sistemli proqramlardan birincisi 2004-cü ilin fevralında start ve­rilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” oldu. Prezidentin ötən illər ərzində Azərbaycan Respublikasının re­gionlarının sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramı (2004–2008-ci, 2009–2013-cü, 2014–2018-ci, 2019–2023-cü illər) qəbul olunub. Bu proqramlar çərçivəsində 100 milyard manatdan çox in­vestisiya yatırılıb. Həmin proqramlar şəhərlərin, qəsəbələrin və kəndlərin simasını kökündən dəyişib, regionların potensialının artırılması, infrastrukturun, kommunal xidmətlərin, investisiya və biznes mühitinin yaxşılaşdırılması, eləcə də əhalinin rifahı­nın yüksəldilməsi üçün imkanlar açıb.

Bununla yanaşı, iqtisadiyyata yatırılan investisiyalar 4 dəfə artıb – ölkəyə müxtəlif sektorlardan 318,9 milyard dollardan artıq vəsait daxil olub. Bundan başqa, həmin dövr ərzində ölkəmizin əhalisinin nominal gəlirləri 13,6 dəfə, strateji valyuta ehtiyatları isə 2003-cü illə müqayisədə 42,8 dəfə artıb. Xarici borc 9,3 faiz (2023-cü il oktyabrın 1-nə) səviyyədədir, Azərbaycanın strate­ji valyuta ehtiyatlarının xarici borca nisbəti 10,5 dəfə üstələyir. Göstərilən rəqəmlər Azərbaycanın iqtisadi inkişaf modelinin sa­bitliyindən xəbər verir və milli iqtisadiyyatın xarici şoklara adap­tiv və adekvat reaksiyasının bariz nümunəsidir. Bu illər ərzində əsas diqqət özəl sektorun möhkəmləndirilməsinə, biznes mühi­tinin yaxşılaşdırılmasına yetirilib. Bu çərçivədə sahibkarlığın in­kişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atılıb. Təkcə sahibkarlara imtiyazlı şərtlərlə ayrılan kre­ditlərin həcmi 3,01 milyard manatı ötüb.

İşğaldan azad edilən ərazilər cənnətə çevrilir

Ermənistan terrorçu dəstələrinin viran qoyduğu işğaldan azad edilən ərazilərimizdə böyük quruculuq, təmir, bərpa, tikinti işləri həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Quruculuq-abadlıq işlərinin sürətləndirlməsi ilə əhalinin yurd yerlərinə qatyıdışı təmin olunur. Artıq 50 minə yaxın insan öz dogma yurdlarına qayıdıblar. 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işlərinin aparılmasına 4 milyard manat məbləğində vəsait ayrılıb. Ümimilikdə bu günə qədər dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq məqsədləri üçün 21,5 mlrd. manata yaxın vəsait ayrılıb.

Böyük Qayıdış Proqramının birinci mərhələsində 140 min keçmiş məcburi köçkünün öz dogma el-obasına qayıtması təmin olunacaq. 2022-ci ilin iyulunda Zəngilan rayonunun Ağalı kəndinə başlanan qayıdış hazırda beş şəhərin - Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayılın, 4 kəndin - Ağalı, Talış, Zabux və Susun sakinlərinə qovuşması ilə davam edir. Hazırda bu istiqamətdə görülən işlərin miqyası tezliklə bu sırada yeni ünvanların yer alacağına böyük əminlik yaradır.

Dövlət Proqramına əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi planlaşdırılır. İşğaldan azad edilmiş 8 şəhərin Baş planı hazırlanıb. İşğaldan azad olunmuş ərazilərdə bərpa və tikinti işlərində, dost xarici ölkələr fəal iştirak edir. Artıq bu məqsədin reallığa çevrildiyi göz qabağındadır. Şuşa, Laçın, Füzuli, Xocalı, Cəbrayıl, Kəlbəcər şəhərləri ilə yanaşı 30 yaxın kəndlərimiz və qəsəbələrimiz də bərpa edilib. Prezident İlham Əliyevin Füzuli, Xocavənd, Xocalı rayonlarına və Xankəndi şəhərinə səfəri çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin, həmçinin Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü də bunun təsdiqidir. Artıq 5-ci ildir ki, Azərbaycan Qarabağ regionunun işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı dirçəliş proqramı həyata keçirir. Dağıdılmış kənd və şəhərlə­rin yerində qısa müddətdə “Ağıllı kənd”lərin bünövrəsi qoyuldu, 2022-ci il isə azad edilmiş Zəngilanda salınmış ilk Ağalı “Ağıllı kənd”inə qayıdışına başlanğıc ili oldu.

2022-ci il noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. 2021–2023-cü il­lərdə Qarabağ və Şərqi Zəngəzurda layihələrin həya­ta keçirilməsinə 7 milyard dollar ayrılıb, 2024-cü ildə dövlət büdcəsindən bu məqsədlər üçün minimum daha 2,4 milyard dollar vəsait yönəldiləcək. 2022-ci il iyulun 19-dan bu günədək 2 şəhərə (Laçın və Füzuli şəhərləri) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) 4 min 516 keçmiş məcburi köçkün qayıdıb, bu, 1134 ailə deməkdir.

Dövlət Proqramına əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi planlaşdırılır. İşğaldan azad edilmiş 8 şəhərin Baş planı ha­zırlanıb. İşğaldan azad olunmuş ərazilərdə bərpa və tikinti işlərində, dost xarici ölkələr fəal iştirak edir. Torpaqların iş­ğaldan azad edilməsindən keçən 3 il ərzində regionda geniş­miqyaslı abadlıq və tikinti işləri aparılıb:

– Füzuli və Laçın şəhərlərində, Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərində 5 məktəb bi­nası istifadəyə verilib;

– turizmin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri çərçivəsində 5 otel və konqres mərkəzi (Şuşada “Qarabağ” və “Xarıbülbül” otelləri, Şuşa Otel-Konqres Mərkəzi, Zəngilan Konqres Mərkəzi, Ağdam Konqres Mərkəzi) yenidən qurulub, bərpa edilib və istismara verilib;

– ümumi uzunluğu 2138 kilometr olan 22 yol layihə­sindən 7-sinin tikintisi artıq icra olunub, uzunluğu 47,1 kilometr olan Bərdə–Ağdam və 110,4 kilometrlik Hora­diz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir;

– regionun enerji təchizatı sahəsində: 330 kilovolt gücündə 1 köməkçi stansiya, 110 kilovoltluq 11 köməkçi stansiya, 14 HES istismara buraxılıb, 709 kilometr uzun­luğunda 14 elektrik ötürücü xətti istifadəyə verilib, 12 hidroelektrik stansiyanın tikintisi və ya bərpası davam etdirilir.

Azad olunmuş ərazilərdə bu günədək 115 min hektardan çox sahə minalardan və partlamamış sursatlardan təmizlə­nib.

Hazırda Ağdam Sənaye Parkı, Cəbrayılda “Araz Vadisi İq­tisadi Zonası” və Zəngilanda “DOST Aqropark” Azərbaycan–Türkiyə birgə müəssisəsi yaradılır. Ağdam Sənaye Parkında 12 müəssisə rezident və 3 müəssisə qeyri-rezident qismində qeydiyyatdan keçib.

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərə hər səfəri ümumxalq tədbirə çevrilir

Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində bu torpaqlara qayıdan sakinlərlə görüşləri qürurverici məqamlardandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə maraqlı və diqqətçəkən söhbətlər oldu. Prezident İlham Əliyev bildirdi ki, son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz: “Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni, burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni, artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq”.

Prezident İlham Əliyev qeyd etdi sülh şəraitində yaşamaq üçün əlbəttə ki, güc lazım idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bilirsiniz, biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun: “Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Onu hesablaya bilməmişdilər. Əgər Ermənistan rəhbərliyi vaxtında mənim sözlərimə baxıb bizim torpaqlardan öz xoşu ilə çıxsaydı, İkinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı, üç mindən çox şəhidimiz olmazdı”.

“Allah şəhidlərimizə rəhmət eləsin. Ancaq Vətən uğrunda şəhid olmaq, əlbəttə ki, böyük qəhrəmanlıqdır və onların xatirəsini biz əbədi yadımızda saxlayacağıq, onların xatirəsinə əbədi hörmət edəcəyik” deyən Prezident İlham Əliyev onu da qeyd etdi ki, bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq: “Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viran qoyublar. Sizin yaşadığınız kənd və şəhərləri yerlə-yeksan etmişdilər. Özlərinin yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın. Sizi təbrik edirəm”.

Bir sözlə, görünən ondan ibarətdir ki, aparılan düzgün, məqsədyönlü iqtisadi siyasətin bəhrəsini bütün ölkə vətəndaşları görməkdədir. Həm də bu inkişafın uğurlarından işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq, abadlıq, tikinti, bərpa işlərinin aparılmasında istifadə olunur ki, bu da ölkə əhalisi tərəfindən məmnunluq yaradır.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
sesqazeti.az

1Mənbələr