Məşhur amerikalı reper DaBaby ukraynalı qadın İrina Zarutskayanın qətli əsasında çəkilmiş “Məni xilas et” (Save Me) mahnısına klip çəkdirib. İfaçı həmin faciəli günün hadisələrini tamamilə canlandırıb.
Herbiand.az bildirir ki, DaBaby (əsl adı Conatan Lindeyl Kirk) öz YouTube kanalında öldürülən ukraynalı qadına həsr olunmuş yeni videonu təqdim edib.
Video İrinanın ABŞ-da adi bir gündə naməlum şəxs tərəfindən öldürüldüyü hekayənin qısa təsviri ilə başlayır.
Klipin yaradıcıları tramvayda faciədən əvvəl baş vermiş vəziyyəti dəqiq təsvir etməyi qarşısına məqsəd qoyublar. Buna nail olmaq üçün şahidlərə, qurbana və qatilə yaxından bənzəyən aktyorlar seçiblər. Ancaq sonluğu dəyişdiriblər.
Qatil qıza hücum etmək istəyən zaman yaxınlıqda oturan DaBaby onun qolundan tutur və bununla da onu dayandıraraq prototip ukraynalı qadını xilas edir. Sonda reper təcavüzkarı nəqliyyat vasitəsindən çıxarır və hüquq-mühafizə orqanlarına təhvil verir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra ABŞ-a qaçan 23 yaşlı ukraynalı İrina Zarutskaya 22 avqust 2025-ci ildə Şimali Karolina ştatının Şarlotta şəhərində tramvayda gedərkən öldürülüb. Onun arxasında oturan naməlum şəxs qəflətən hücum edərək qadına çoxsaylı bıçaq zərbələri vurub. Zarutskaya hadisə yerində dünyasını dəyişib.
Bəxtiyar CƏFƏRLİ