AZ

“Bütün gücümü qoydum, bundan artığını edə bilməzdim” - Sinner etiraf etdi və fəxri vətəndaş oldu

Bazar günü ABŞ-də başa çatan “US Open”in yekunları haqda bilgi vermişdik.

Bir daha xatırladaq ki, kişilər arasında turnirin finalında ispaniyalı Karlos Alkaras italiyalı Yannik Sinnerə qalib gəlmişdi. Karyerasında 5-ci dəfə “Böyük dəbilqə”nin finalında oynayan və 2-ci dəfə məğlubiyyətlə barışan 24 yaşlı italiyalı son oyunla bağlı fikirlərini bölüşüb:
“Bütün gücümü qoydum, bundan artığını edə bilməzdim. Karlosu və komandasını təbrik edirəm, siz bu qələbəyə layiqsiz. Məni dəstəkləyənlərə təşəkkür edirəm. Özümlə və bu mövsümlə qürur duyuram. İnkişafımı davam etdirirəm. Gələn il görüşənədək”.
Bu arada Siner Turinin fəxri vətəndaşı adını alıb. Şəhər şurasının 24 üzvü bu təklifi yekdilliklə dəstəkləyib. “Corriere Torino” nəşri şəhər meri Stefano Lo Russonun bununla bağlı fikirlərinə yer verib:
“Yannikin şəhərimizlə dərin əlaqəsini qeyd etmək istəyirik. Turin son illərdə onun ATP-nin illik Yekun turnirindəki şücaətinin şahidi olub. Sinnerin dahiliyi yalnız onun möhtəşəm çempion olmasıyla məhdudlaşmır. Yannik idmanın əsl dəyərlərinə - işə sadiqlik, özünü qurban vermək, hörmət – nümunə və gənc nəsil üçün ruhlanma mənbəyidi. O, qələbələri və istedadı ilə Turinin bütün dünyada məşhurlaşmasına yardım edib. Yannik, Turin sənlə qürur duyur və sənin fəxri vətəndaşlığını qeyd etməyi səbirsizliklə gözləyir”.
“US Open”in finalında Sinnerə qalib gələn Alkaras isə bu uğur münasibəti ilə saçına əl gəzdirib. Belə ki, 22 yaşlı tennis ulduzu saçını ağ rəngə boyayıb. Alkarasın bərbəri sosial şəbəkədə tennisçinin yeni saç düzümünü paylaşıb. Alkaras “US Open” ərəfəsində də imcini dəyişmişdi. Dediyinə görə, qardaşı saçını kəsərkən səhvə yol verib, nəticədə başını dazlaşdırmalı olub. Karlos finala çıxandan sonra jurnalistlərə açıqlamasında söz vermişdi ki, turnirdə qələbə qazanarsa, yenə saç düzümü ilə təəccübləndirəcək.
Seçilən
60
1
football-plus.az

2Mənbələr