AZ

Deputat: “BƏƏ Prezidentinin Qarabağa səfəri İslam dünyası üçün böyük əhəmiyyət daşıyır”

“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfərində maraqlı bir məqam ondan ibarətdir ki, bu səfər Qarabağ torpaqlarına edilib”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputat bildirib ki, o, Qarabağ və Şərqi Zəngəzura səfər edən ilk ərəb lider kimi tarixə düşüb.

“BƏƏ ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur. Prezident İlham Əliyevin dəfələrlə bu ölkəyə səfərləri olub. 

Eyni zamanda BƏƏ-nin lideri və digər rəsmi nümayəndələri də Azərbaycanda səfərlərdə olublar. Xüsusilə də, BƏƏ-nin Azərbaycanın enerji layihələrinə böyük investisiyalar qoyduğu, birgə layihələrin həyata keçirildiyi məlumdur. Məhz Qarabağ və Şərqi Zəngəzurda da yaşıl enerji gündəliyi çərçivəsində bu səfər çox həlledici olacaq. Yaşıl enerji istehsalı üçün yeni imkanların yaradılması istiqamətində addımlar atılacaq. Eyni zamanda Qarabağın inkişafı, bu torpaqların gələcəyi ilə bağlı birgə layihələrin reallaşdırılması önəmlidir. İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası, quruculuq və abadlıq işləri Prezidentin qonağı üçün də maraq doğuracaq”. 

Millət vəkili qeyd edib ki, məscidlərin bərpası və yenilərinin tikintisi Azərbaycanın prioritetlərindəndir:

“Heydər Əliyev Fondu da bu layihələrə dəstək verir və bu işlər ən qısa zamanda həyata keçirilir. Bu səfər İslam dünyası üçün də böyük əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda dini abidələrin bərpası və yenidən tikilməsi ərəb ölkələri üçün də mühüm hadisədir. Bu səfər BƏƏ ilə Azərbaycan arasında strateji münasibətlərin daha da inkişafı üçün əla fürsət olacaq. 

Yaxın gələcəkdə regionun iqtisadi inkişafı üçün yeni layihələr gözlənilir. Bu proseslər müsəlman dünyasına da mühüm mesaj olacaq. Ərəb liderləri tərəfindən bu ərazilərə səfərlərin intensivləşəcəyi, ərəb iş adamları tərəfindən yeni investisiyaların qoyulacağı gözlənilir. Bu isə qarşılıqlı maraqlara xidmət edəcək və regionun inkişafına töhfə verəcək”.


Leyla Turan
Demokrat.az
Seçilən
38
2
demokrat.az

3Mənbələr