AZ

Yükün əskik çıxmasına və zədələnməsinə görə məsuliyyət müəyyənləşir

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yükün itirilməsinə (məhv olmasına), əskik çıxmasına və ya zədələnməsinə (xarab olmasına) görə ekspeditorun müştəri qarşısında məsuliyyətinin əsasları və dərəcəsi müəyyən edilir. 

Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında yeni “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirə edilib.

Qanun layihəsinə əsasən, ekspeditor özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən yükü qəbul etdikdən sonra nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə çatdıranadək həmin yükün itirilməsinə (məhv olmasına), əskik çıxmasına və ya zədələnməsinə (xarab olmasına) görə müştəri qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 859-cu maddəsinə uyğun olaraq  məsuliyyət daşıyır, bu şərtlə ki, yükün itirilməsinin (məhv olmasının), əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) ondan asılı olmayan hallar nəticəsində, eləcə də qarşısıalınmaz qüvvə səbəbindən baş verdiyini sübut etməsin.

Ekspeditor müştəri qarşısında aşağıdakı hədlərdə məsuliyyət daşıyır:

23.1.1.    müştəri tərəfindən elan edilmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin elan edilmiş dəyəri nisbətində;

23.1.2.    elan edilməmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin faktiki dəyəri nisbətində; 

23.1.3.    müştəri tərəfindən elan edilmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün elan edilmiş dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda elan edilmiş dəyəri nisbətində; 

23.1.4.    elan edilməmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün faktiki dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda faktiki dəyəri nisbətində.

23.2.     Yükün elan edilmiş dəyəri nəqliyyat-ekspedisiya müqaviləsində və ya ekspeditorun qeydində göstərilən qiymətə əsasən müəyyən edilir. Yükün faktiki dəyəri isə onun bazar qiymətinə, bu mümkün olmadıqda isə analoji malların mövcud bazar qiymətinə əsasən müəyyən edilir. 

23.3.     Ekspeditor yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) nəticəsində müştəriyə dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin əvəzini ödəməklə yanaşı, müştəri tərəfindən nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən ödənilən muzdu müştəriyə geri qaytarır. 

23.4.     Daşıyıcı tərəfindən yük daşımağa qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmadıqda və ya nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yükalana təhvil verilmədikdə əksi sübut edilənədək yük itirilmiş hesab olunur. Təyinat yerinə çatdırılan, lakin muzdun ödənilməməsi səbəbindən nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilməyən yük itirilmiş hesab olunmur, bu şərtlə ki, ekspeditor nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi barədə müştəriyə dərhal yazılı və ya elektron formada məlumat versin. 

23.5.    Nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda ekspeditor yükü qəbul etdikdən sonra müştəri (yükalan) qarşısında yükün qablaşdırılmasının mövcud olmamasına, habelə yükün çəkisinin və sayının təkrar yoxlanılması nəticəsində əksik çıxmasına, yükün zahirən görünən qüsurlarının olmasına görə məsuliyyət daşıyır. Müştəri daşınma üçün hazırladığı və qablaşdırdığı yükün zahirən görünməyən qüsurları üçün, habelə qiymətli əşyaların, tez xarab olan və ya təhlükəli yüklərin, həmçinin xüsusi mühafizə tələb edən yüklərin bəyan edilməməsinə görə ekspeditor (yükalan) qarşısında cavabdehdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
9
avtosfer.az

10Mənbələr