AZ

Dehli bu gün kimin yanındadır?

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanın Şimalda keçirilən “Qərb-2025” hərbi təlimində iştirakı müəmmalıdır

Bu irimiqyaslı hərbi manevrlərə Hindistan 65 nəfərlik heyətlə qatılıb. Heyətin tərkibində Hindistan ordusunun ən qədim və nüfuzlu hərbi birləşmələrindən olan “Kumaon” alayının əsgərlərinin də yer alması tədbirə verilən önəmi nümayiş etdirir. Rəsmi Dehli bu addımı Moskva ilə hərbi əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi məqsədilə atdığını bəyan edib.

Hindistan hərbçilərinin Rusiya ilə birgə taktiki hazırlıq, silah tətbiqi üzrə xüsusi bacarıqların inkişafı və müxtəlif əməliyyat planlamaları üzərində təlimlərdə iştirakı ölkənin beynəlxalq münasibətlər sistemindəki mövqeyinə dair yeni suallar doğurur. Xüsusilə, bu hadisənin NATO ilə Rusiya arasında münasibətlərin gərgin olduğu bir dövrə təsadüf etməsi Qərb dairələrində ciddi narahatlıq yaradıb. Qərb mediasında bu addım “lüzumsuz və uğursuz siyasi jest” kimi təqdim olunur və Hindistanın çoxvektorlu xarici siyasətindən uzaqlaşması kimi dəyərləndirilir.

Siyasi müşahidəçilər hesab edirlər ki, Hindistanın bu addımı onun Moskva ilə strateji yaxınlaşmasının davamı kimi qəbul olunmalıdır. Xüsusilə baş nazir Narendra Modi hökumətinin Rusiya ilə hərbi-texniki və enerji sahələrində münasibətləri genişləndirməsi bu tendensiyanı daha da gücləndirir. Bu, eyni zamanda, ABŞ və Qərb ölkələri ilə münasibətlərə mənfi təsir göstərə bilər. ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Devid Merkelin fikrincə, Hindistan hərbi təlimlərdə iştirak etməklə bağlı addımı Vaşinqtonla münasibətlərdəki qeyri-müəyyənliyi nəzərə alaraq atıb və Moskva ilə strateji tərəfdaşlığı prioritetə çevirib.

Almaniyalı ekspert Ulrix Şpek Hindistanın iştirakını “qırmızı xəttin keçilməsi” kimi qiymətləndirərək, qərarın geosiyasi balansı dəyişə biləcək qədər önəmli olduğunu deyib. Qərb tərəfindən səsləndirilən tənqidi fikirlərə baxmayaraq, təlimlərdə NATO üzvü olan ölkələrdən ABŞ, Türkiyə və Macarıstanın müşahidəçi qismində iştirakı diqqətdən yayınmayıb. “Reuters” agentliyinin qeyd etdiyi kimi, amerikalı müşahidəçilərin bu təlimlərdə iştirakı, Vaşinqton ilə Minsk arasında münasibətlərin müəyyən səviyyədə istiləşməsi kimi yozulur. Bu isə Qərbin Hindistana yönəltdiyi tənqidlərin selektiv xarakter daşıdığını göstərir.

“Qərb-2025” təlimləri yalnız Rusiya və Belarus ərazisində deyil, həm də Baltik və Barens dənizlərinin akvatoriyalarında keçirilməklə geniş coğrafiyanı əhatə edib. Təlimlər zamanı 23 ölkədən müşahidəçilər iştirak edir. Rusiya bu manevrlərin planlı xarakter daşıdığını və heç bir ölkəyə qarşı yönəlmədiyini bəyan etsə də, Polşa, Litva, Latviya və Estoniya kimi ölkələr öz hava məkanlarını bağlayaraq əlavə təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıblar. Moskva isə bu reaksiyanı “emosional yüklənmə” kimi qiymətləndirib.

Məsələyə Hindistanın xarici siyasət kursu prizmasından baxdıqda, məlum olur ki, Dehli çoxqütblü dünya düzənində müstəqil mövqeyini qorumağa çalışır. Qərb ölkələri ilə iqtisadi və texnoloji sahələrdə sıx əməkdaşlıq edir, eyni zamanda, Rusiya ilə enerji və hərbi sahələrdə strateji tərəfdaşlığını davam etdirir. Lakin budəfəki hərbi təlimlərdə iştirak balans siyasətindən daha çox Rusiya ilə yaxınlaşmaya işarə kimi görünür. Bu isə Qərbə ünvanlanmış siyasi mesaj kimi dəyərləndirilir: Hindistan qlobal güclər arasında seçim etmək niyyətində deyil və öz strateji muxtariyyətini qoruyub saxlamaqda israrlıdır.

Hazırkı mərhələdə bu hadisə təkcə Hindistan–Rusiya münasibətləri deyil, həm də Hindistan–Qərb əlaqələrinin gələcək inkişaf trayektoriyası baxımından mühüm əhəmiyyət kəsb edir və sadəcə hərbi yox, həm də diplomatik sınaq nöqtəsinə çevrilib.

Rusiya–Hindistan münasibətləri kontekstində də bu proseslərin təsiri nəzərəçarpacaqdır. Çünki hər iki dövlətin Ermənistanda maraqları var və bu maraqlar üst-üstə düşür. Hər iki ölkə İrəvanı silahlandırır və regionda gərginlik yaratmağa çalışırlar. Bunun fonunda isə Bakı ilə münasibətlərdə müəyyən gərginliklər var. Hindistanla tarixən çoxşaxəli və bəzən ziddiyyətli xarakter daşıyan ikitərəfli münasibətlər son illərdə mürəkkəb mərhələyə qədəm qoyub. Azərbaycanın regionda mövqeyinin güclənməsi və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Hindistanın bu proseslərə yanaşması zaman-zaman emosional xarakter alır. Dehlinin Ermənistanla münasibətlərini intensivləşdirməsi, xüsusilə də hərbi-texniki əməkdaşlıq sahəsində atdığı addımlar Azərbaycanda ciddi narahatlıqla qarşılanır.

Eyni zamanda, 2020-ci ildən sonra Ermənistanın separatçı iddialarına dəstək göstərən bəyanatlar və təmaslar bu mövqenin daha da aydınlaşmasına səbəb olub. Azərbaycan ictimaiyyəti və siyasi dairələri Hindistanın bu davranışını balanssız və qeyri-konstruktiv yanaşma kimi qiymətləndirir. Hindistanın Cənubi Qafqazda artan Çin və Pakistan təsirinə qarşı Ermənistanı “regional tərəfdaş” kimi irəli çəkməsi də diqqətdən yayınmır. Bu yanaşma Azərbaycan–Hindistan münasibətlərini gərginləşdirən əlavə amilə çevrilib və hər iki ölkənin strateji maraqları arasında ziddiyyətlərin dərinləşdiyini göstərir.

Azərbaycan və Hindistan arasında münasibətlərin bu şəkildə mürəkkəbləşməsi, əsasən beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərin və geosiyasi təzyiqlərin nəticəsidir. Belə bir şəraitdə tərəflər arasında rasional və qarşılıqlı maraqlara əsaslanan dialoqun inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Əks halda, diplomatik münasibətlər soyuyacaq, qarşılıqlı etimad azalacaq.

Mövzu ilə bağlı XQ-yə açıqlamasında politoloq Yeganə Hacıyeva bildirdi ki, Rusiya–Hindistan yaxınlaşması Ermənistan üçün əlavə diplomatik və hərbi resurslar anlamına gəlir, bu da Azərbaycan–Ermənistan münasibətlərində müəyyən gərginliklərə səbəb ola bilər: “Azərbaycanın bu geosiyasi reallıqlara cavabı balanslı xarici siyasət və regional tərəfdaşlarla daha sıx əməkdaşlıqdır. Ölkəmiz paralel şəkildə Qərb, Rusiya, Çin və İslam dünyası ilə çevik diplomatik əlaqələr saxlayaraq beynəlxalq mövqelərini qoruyur.

Ölkəmizin əsas məqsədi regionda sabitliyi və sülhü qorumaq, suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirmək, regional əməkdaşlıq imkanlarını genişləndirməkdir. Ermənistanın yeni resurslara çıxış əldə etməsi və sülh prosesinə qeyri-səmimi yanaşması regionda yeni gərginlik dalğasına səbəb ola bilər ki, bu da təkcə ikitərəfli münasibətləri deyil, bütövlükdə regional təhlükəsizliyi riskə atar. Bu da Ermənistanın sonunu gətirər. İrəvanda bunu yaxşı başa düşürlər.

Hindistanın Belarusda keçirilən hərbi təlimlərə qoşulmasına gəlincə, deməliyəm ki, bu, onun Moskva ilə münasibətlərə verdiyi önəmi göstərir. Hindistanın Polşaya pilotsuz uçuş aparatları ilə hücumdan sonra hərbi təlimlərdə iştirakı və ABŞ ilə münasibətlərinin soyuması, Vaşinqton– Delhi təhlükəsizlik əlaqələrinin gələcəyi ilə bağlı suallar doğurur. Bu da Hindistanın yerləşdiyi regionda ABŞ-ın ənənəvi müttəfiqi statusundan çıxaraq, Rusiya ilə yaxınlığa üstünlük verməsi deməkdir.

Hərbi təlimlərin ATƏT-in 2011-ci il Vyana Sənədinə zidd olaraq əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilməsi isə beynəlxalq hüquqi öhdəliklərin pozulması kimi qiymətləndirilir. Bu, geosiyasi gərginliyin təkcə regional deyil, qlobal miqyasda artmaqda olduğunu göstərir”.

Beləliklə, “Qərb-2025” təlimlərində Hindistanın iştirakı yalnız bir ölkənin xarici siyasət istiqamətinin dəyişməsi deyil, həm də qlobal güc balansında yeni düzənlərin formalaşmasının göstəricisidir. Bu fəallıq, müəyyən hallarda, regional sabitlik və ikitərəfli münasibətlər baxımından ziddiyyətli nəticələr doğura bilər.

Pünhan ƏFƏNDİYEVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
50
xalqqazeti.az

10Mənbələr