Məktəb illəri hər bir insanın həyatında unudulmaz xatirələrlə yadda qalır. Bu dövrdə dərslərlə yanaşı, idmana maraq göstərmək və hər ikisini bir yerdə aparmaq xüsusi səbr və əzmkarlıq tələb edir. İdmançının məktəb vaxtı idmana necə maraq göstərməsi, müəllim və sinif yoldaşlarının ona münasibəti, eləcə də həmin illərdən qalan maraqlı xatirələr bu mövzuda diqqətçəkən məqamlar sırasındadır. Eyni zamanda, yeni dərs ilinə başlayan və idmanla məşğul olan şagirdlər üçün veriləcək məsləhətlər onların gələcək uğurlarında mühüm rol oynaya bilər.
90deqiqe.Az saytnın "İdmançıların məktəb illəri" rubrikasının qonağı Voleybol üzrə Azərbaycan millisinin üzvü və "DH Volley" klubun oyunçusu Ceyran İmanovanın məktəb illəri mövzusunda müsahibəsini təqdim edirik:
Məktəb vaxtı idmana necə maraq göstərməyə başladın? Dərslərlə məşqləri bir yerdə aparmaq sənə çətin olmurdu ki?
Voleybola marağım kiçik yaşlarımdan yaranıb və bunu atama borcluyam. Çünki həmişə həyətdə atamla voleybol oynayırdım və o, məni daha da həvəsləndirirdi. Amma dərslərlə məşqləri bir yerdə aparmaq mənə çox çətinliklər yaradırdı. Çünki çox vaxt məşqlərimlə dərslərim üst-üstə düşürdü və məşqçilərim də əksər hallarda məşqləri buraxmağıma icazə vermirdilər. Buna baxmayaraq, oxumağa böyük həvəsim var idi. Məşqlərdən nə qədər yorğun qayıtsam da, dərslərimi edirdim və nəticədə yaxşı qiymətlər alırdım.
Müəllimlərin və sinif yoldaşların sənin idmanla məşğul olmağına necə baxırdılar? Məktəb illərindən yadında qalan ən maraqlı xatirən hansıdır?
Müəllimlərim, sinif yoldaşlarım, hətta məktəb direktorum belə hər zaman məni dəstəkləyirdilər. Xaricdə keçirilən turnirlərdən qayıdanda məni böyük sevinc və fəxrlə qarşılayırdılar. Məktəb illərimin ən maraqlı xatirəsi isə odur ki, heç bir fəndən hazırlığa getməsəm də, dərslərimdə uğurlu idim və hazırlıqsız ali məktəbə qəbul oldum. (Halbuki sinif yoldaşlarımın 99%-i hazırlığa getməsinə baxmayaraq çoxu qəbul ola bilməmişdi). Bu, mənim üçün xüsusi qürur mənbəyidir.
İdmanla məşğul olan həmyaşıdlarına və yeni dərs ilinə başlayan şagirdlərə nə məsləhət verərdin?
İlk növbədə idmanla məşğul olan hər bir şagirdə yeni dərs ilində bol-bol uğurlar arzulayıram. Hər nə qədər çətin olsa da, dərslərində də müvəffəqiyyətli olmağa çalışsınlar. Çünki mən hesab edirəm ki, bilikli və savadlı idmançı öz işini daha uğurla yerinə yetirə bilər.
Fəxriyyə Adil