ain.az, Gununsesi portalına istinadən məlumat verir.
Son günlər toylarda gelinsiz, musiqisiz və içkisiz keçirilən mərasimlərlə bağlı müzakirələr artıb. Bəzi şəxslər, bu cür tədbirlərin İslamın tələblərinə uyğun olduğunu iddia edərək, adət-ənənələri ciddi şəkildə məhdudlaşdırmağa çalışırlar.
Bununla yanaşı, toyun şənlik və sevinc dolu bir hadisə olması vacib olduğu halda, bu yanaşmaların toyun mahiyyətinə zidd olduğu qeyd olunur.
Görəsən, din bu məsələlərə necə yanaşır?
Gununsesi.info-ya danışan dinşünas Tural İrfan mövzunu belə şərh edib:
“İslam dinində toy anlayışı evlənmənin əhd mərasiminin elan olunması mənasındadır. Təbii ki, hər şeydən öncə haramdan çəkinmək vacibdir. Təkcə toylarda yox, ümumiyyətlə, müsəlmanın həyatında, məişətində, yaşamında haram qidalardan və haram əməllərdən uzaq durmaq qeyd olunur.
Toy kimi məclislərdə də şübhəsiz ki, haram qidalardan və haram əməllərdən çəkinmək vacibdir. Digər tərəfdən, İslam dini hər xalqın, millətin öz adət-ənənəsini qorumağı da nəzərə alır.Buna İslam şəriətində “ürf” deyilir. Bizim xalqın da qədimdən gələn öz ürfi ənənəsi var. Bu isə müəyyən qədər ərəb ənənəsindən fərqlənir”.
Onun sözlərinə görə, qapalı şəkildə toy keçirmək, kişi toyunu ayrı, qadın toyunu ayrı qeyd etmək və yaxud da qadınların toyda iştirak etməməsi ərəb ənənəsidir:
“Bu, İslam ənənəsi deyil. Bir çox bu kimi xoşa gəlməz adətləri Həzrət Peyğəmbər İslam bərqərar olduqdan sonra aradan qaldırmışdır. Ancaq təəssüf ki, sonradan ərəb və fars şovinizmi nəticəsində bu adət-ənənələr bizə də sirayət etmişdir. İslamda toyda kişi və qadının ayrı olması, qapalılıq, musiqinin və şənlənməyin olmaması kimi qaydalar yoxdur. Toyun mahiyyəti şənlikdir. Əgər şənlik, sevinc, fərəh yoxdursa, bu artıq toy deyil, yas mərasiminə bənzər bir şeydir.
Digər tərəfdən, yanlış bir termin formalaşıb: “dini toy”. Məgər başqaları dinsiz toydurmu? İslamda “dini toy” anlayışı yoxdur. Bu, nə Peyğəmbərin dövründə, nə də sonrakı dövrlərdə mövcud olub. Toy sadəcə toydur. Bəzi yerlərdə toylarda ansambllar çıxış edir, mərsiyə və ya dini nəğmələr səsləndirilir.
Bu isə ənənə deyil, dinin bir detalı və ya ritualı deyil. Sadəcə, xarici təsirlərin ölkəmizə sirayətinin bariz nümunəsidir. Yaslarda mərsiyələrin, şüarların xarici ölkələrin təbliğatı kimi təqdim olunması kimi, toylarda da bu təsirlər insanların şüuruna yeridilir.
Əgər bir adətin kökü, dini mahiyyəti yoxdursa, dinin ritualı deyilsə və din adı ilə icra olunursa, demək, bu yanlış məsələdir və altında başqa maraqlar yatır. Ona görə də cəmiyyəti bu cür adamlar parçalamamalıdır”.
Tural İrfan əlavə edib ki, xalqın minillik adət-ənənələrini din pərdəsi, məzhəbçilik adı altında dəyişdirmək, qondarma ayinlər icad etmək tamamilə yanlışdır:
“Bu məsələlər qanunla tənzimlənməsə də, ictimai institutlar, din xadimləri, QHT-lər bunun qarşısında təbliğat və maarifləndirmə işləri aparmalıdır. Təəssüf ki, bəzən rəsmi status daşıyan və ictimai nüfuzu olan şəxslər də bu cür ayinlərin təsirinə düşürlər və fərqinə varmadan onları İslam kimi təqdim edirlər. Halbuki bu, yanlış yanaşmadır. Xalqı parçalamaq, fərqli toplum yaratmaq və qondarma ayinlər icad etmək dinimizə və ənənələrimizə ziddir.
İslamda toy haramlardan çəkinərək keçirilməlidir. Amma musiqinin haramlığı deyilən bir anlayış yoxdur. Qadınla kişinin bir yerdə olmamasına dair də qadağa mövcud deyil. Sadəcə ədəb-ərkan çərçivəsində, günah əməllərdən uzaq şəkildə toy mərasimləri keçirilə bilər. Məgər məktəblərdə, universitetlərdə, yaslarda, tədbirlərdə qadın və kişi bir yerdə olmurmu? Əgər bütün bu məkanlarda birgə iştirak mümkündürsə, niyə toyda ayrı-seçkilik olsun? Bu, tamamilə əsassızdır və İslam dininə ziddir”.
O, vurğulayıb ki, toyda qadın və kişi birgə iştirak etməlidir.
“Musiqi də xalqımızın milli musiqisi və icazəli musiqilər olmalıdır. Çünki toy İslamda da şənlənmək deməkdir. Peyğəmbər hədislərində buyurulur ki, hətta bir heyvan da olsa kəsib insanlara qonaqlıq verin, toy və nişan mərasimlərini, övladın doğulmasını şənliklə qeyd edin.
Odur ki, şadlıq mərasimlərini radikal, mühafizəkar və ənənələrimizə zidd formada keçirmək yanlışdır. Bu, həm xalqımızın adət-ənənələrinə, həm də İslam dininə uyğun deyil”-deyə o fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.