AZ

“50 manat ödəməklə 25 min manat təzminat almaq mümkündür”

Azərbaycanda evlərin sığortalanması könüllü olsa da, bu xidmətə maraq demək olar ki, yoxdur. İnsanların əksəriyyəti “sığorta onsuz da işə yaramır” düşüncəsi ilə əmlaklarını qorumasız qoyurlar. Halbuki yanğın, sel və ya hər hansı fəlakət bir anda bütün əmlakı məhv edə bilər.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən ekspert Şahin İsmayılov bildirib:

“Məlumdur ki, 2011-ci ildə “İcbari Sığortalar haqqında” yeni qanunun qəbul olunması sığorta bazarında yeni inkişaf mərhələsinə start verdi. Bu qanun əsasən həm avtomobil sürücülərinin mülki məsuliyyətinin icbari sığortası, həm də vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası barədə yeni qaydaları təsdiq etdi. Qanunun qəbul olunması sığorta şirkətləri üçün yeni imkanlar yaratdı. Toyuqlu pizza

Qanun icbari sığorta məhsullarının alınmamasına görə cərimə sanksiyası nəzərdə tutduğu üçün avtomobillərin icbari sığortası tezliklə populyarlaşdı və bu gün demək olar ki, yollarımızda icbari sığortası olmayan avtomobilə rast gəlmək mümkün deyil. Təəssüf ki, daşınmaz əmlakın icbari sığortası üzrə də cərimə sanksiyaları tətbiqi nəzərdə tutulsa da, reallıqda bu mexanizm hələ işləmədiyindən, mənzil və evlərin icbari sığortasında durğunluq müşahidə olunur.”

Ekspert qeyd edib ki, vətəndaşlar öz istəkləri ilə əmlaklarını sığortalamaq istəmirlər və bunun müxtəlif səbəbləri var:

“Əhali arasında belə bir fikir formalaşıb ki, sığorta heç bir işə yaramır, bu artıq xərcdir və hadisə baş verəndə şirkətlər ödəniş etməyəcək. Halbuki daşınmaz əmlakın icbari sığortası qanunla tənzimlənir, bu qanuna nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir və ciddi nəzarət mövcuddur. Bəs onda niyə insanlar etimadsız yanaşır? Əlbəttə, müəyyən vaxtlarda bəzi şirkətlər tərəfindən ödənişlərin verilməsində ləngimə faktları, qiymətləndirmədə müştəriləri qane etməyən yanaşmalar olub. Bu isə sığorta şirkətlərinin nüfuzuna ciddi ziyan vurub. İnsanlar da bunu ümumiləşdirərək, bütün sığorta şirkətlərinə şamil ediblər.”

Onun sözlərinə görə, hadisə baş verdiyi təqdirdə sığorta şirkətinin ödənişdən imtina etmək şansı yoxdur:

“Əgər hadisə baş veribsə, şirkətin ödənişdən yayınmaq imkanı yoxdur. Qanuna nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir və bu qanunun pozulması sığorta şirkətini lisenziyadan məhrum edə bilər. Buna görə də vətəndaşlar öz əmlaklarına məsuliyyətlə yanaşmalı və sığorta xidmətlərindən istifadə etməlidirlər.”

Ekspert əmlak sığortasının bahalı olmadığını da diqqətə çatdırıb:

“Bakı şəhəri üçün sığorta haqqı 50 manatdır və təminat 25 000 manat təşkil edir. Sumqayıt, Gəncə və Naxçıvanda bu məbləğ 40 manatdır və təminat 20 000 manatdır. Digər bölgələr üçün isə sığorta haqqı 30 manat, təminat isə 15 000 manatdır. Yəni cəmi 50 manat ödəməklə, dəymiş ziyanın 25 min manatını sığorta şirkətindən geri almaq mümkündür. Bu halda insanların məsuliyyətsiz yanaşması başadüşülən deyil.”

Şahin İsmayılov əlavə edib ki, əhalinin çox az hissəsi əmlakını könüllü şəkildə sığortalayır və bu sahədə təbliğata ciddi ehtiyac var:

“Statistika göstərir ki, öz istəkləri ilə əmlaklarını sığortalayan vətəndaşların sayı çox azdır. Məncə, bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməlidir. Bu işdə həm sığorta şirkətləri, həm də media yaxından iştirak etməlidir. Çünki sığorta hadisəsi baş verəndən sonra insanlar dərhal sığorta şirkətlərini axtarırlar. Amma əmlak sığortasız olanda, bəhanə edirlər ki, bundan xəbərim yox idi. Əslində bu, yalandır. Hər kəs bilir ki, əmlakını sığorta etdirməlidir. Sadəcə məsuliyyətsizlik və sığorta haqqının artıq xərc kimi qiymətləndirilməsi nəticədə insanlara böyük maddi zərər vurur. Son peşmanlıq isə fayda vermir, təəssüf ki...”.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
19
1
yenisabah.az

2Mənbələr