AZ

Naxçıvanda verilmiş icazələrin sayı 2,2 dəfə artıb

Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 69 lisenziya verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi qarşısında müəyyən edilmiş hədəflərin icrası məqsədilə 2025-ci ilin 8 ayı ərzində özəl sektorun inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.

Bu ilin əvvəlindən nazirlik tərəfindən "ASAN xidmət" vasitəsilə sahibkarlara 69 lisenziya verilib. Həmin lisenziyaların hesabına dövlət büdcəsinə 29 min 705 manat vəsait ödənilib. Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 5846 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. İcazələrdən daxilolmaların məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 min 463 manat və ya  57,4 faiz artaraq 135 min 573 manat olub.

Naxçıvanda mənşə sertifikatlarının sayı artıb

Cari ilin yanvar-avqust aylarında sahibkarlara 317 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54 ədəd və ya 20,5 faiz çox olub.

Mənşə sertifikatlarının 64 faizi tikinti, 15,8 faizi mineral sular, 1,6 faizi meyvə-tərəvəz və tütün məmulatları, 18,6 faizi digər məhsulların ixracı üçün təqdim olunub.

2025-ci ilin 8 ayı ərzində, “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” PHŞ tərəfindən 6488 ədəd ölçmə vasitəsi yoxlanılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 77,7 faiz çoxdur.

Naxçıvan şirkətlərinin beynəlxalq tədbirlərdə iştirakı təmin olunub

Naxçıvanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin işgüzar əlaqələrinin genişləndirilməsi və tərəfdaşlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir.

2025-ci ilin 8 ayı ərzində 7-si biznes-forum, 3-ü sərgi olmaqla  keçirilmiş  10 beynəlxalq tədbirdə muxtar respublikada fəaliyyət göstərən 23 sahibkarlıq subyektinin 45 nümayəndəsi iştirak edib.

 Sərgilərdə muxtar respublikada istehsal olunan müxtəlif çeşidlərdə vafli və lokum məhsulları, qazlı və qazsız mineral sular, enerji içkiləri, müxtəlif çeşiddə siqaretlər, aromatlaşdırılmış içkilər, spirtli içkilər, eləcə də Naxçıvan qovurması, göycə, bal, uşaq bezləri kimi məhsullar nümayiş olunub.

Sərgilərdə Naxçıvan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.

Seçilən
42
1
marja.az

2Mənbələr