“İmmunitet sistemi körpəlik dövründə anadan körpəyə keçən anticisimlər vasitəsilə inkişaf edir və körpənin infeksiyalardan qorunmasına kömək edir”.
Moderator.az xəbər verir ki, bunu 93 FM dalğasında yayımlanan “Sağlam radio”nun səhər proqramında pediatr Gülnaz Ağayeva açıqlayıb.

“3-cü aydan etibarən səviyyəsi azalan bu antikorların yerinə körpənin antikor yaratması və bədənin immunitet qabiliyyətini qazanması lazımdır. Bəzi körpələrin öz antikorlarını yaratmağa başlaması daha uzun çəkə bilər və ya anticisim səviyyələri daha aşağı ola bilər. Bu vəziyyət adətən müvəqqəti olsa da, uşaqda tez-tez inkişaf edən infeksiyalar, ailədə immun xəstəlik tarixi, uzun müddətli sətəlcəm, davamlı halsızlıq, bədən temperaturunun tez-tez 38 dərəcə üzərində izlənməsi, tez-tez baş verən stress və narahatlıq halları, ağızda və ya dərinin digər bölgəsində inkişaf edən göbələk infeksiyaları kimi əlamətlər görünərsə, mütəxəssis həkim müayinəsindən keçilməsi və immun sistem xəstəliyi ehtimalının araşdırılması lazım ola bilər”.
Pediatr qeyd edib ki, immuniteti zəif olan uşaq hər bir xəstəliyi ağır keçirə bilər:
“Qorunmaq üçün gigiyenik qaydalara mütləq şəkildə riayət edilməlidir. Həmçinin, düzgün qidalanma olduqca mühüm şərtdir. Bəzən bir çox hallarda uşaqlar zərərli qidalara meyl göstərirlər ki, bu da onların mədə-bağırsaq sisteminə mənfi təsir göstərir. Qəbul edilən qidaların tərkibindəki vitamin, mineral, şəkər, su, lazım olan maddələr, eyni zamanda dərmanlar bağırsaqda sorulur. Hansısa bir uşağın bağırsaq və həzmsizlik problemləri varsa, həmin uşaqda immunitet zəifliyi və çəki azlığı olur. İmmunitet zəifliyi olanda uşaq hər bir xəstəliyi ağır keçirə bilər”.
G.Ağayeva bildirib ki, uşaqların immun sisteminin güclənməsi üçün valideynlər onlara bol vitamin və minerallarla zəngin qidalar qəbul etməsini diqqətdə saxlamalıdırlar:
“Bundan başqa, uşaqları çox tünlük, havalandırmanın zəif olduğu qapalı məkanlara aparmaq məsləhət görülmür. Bu cür sadə və vacib qaydalara əməl etməklə uşaqları xəstəlikdən qorumaq mümkündür”.