AZ

Vəkilin xidməti vəsiqəsinin hüquqi əsası yaradılır

Qanunvericilikdə vəkilin xidməti vəsiqəsinin hüquqi əsası yaradılır.

Olaylar.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəkil andı içmiş vəkillərə xidməti vəsiqə veriləcək. Xidməti vəsiqənin forması, verilməsi qaydası və etibarlılıq müddəti Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən ediləcək. Vəkilin xidməti vəsiqəsi onun Vəkillər Kollegiyasına üzvlüyünü təsdiq edəcək. Xidməti vəsiqə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatı tərəfindən hazırlanacaq.

Vəkil fəaliyyəti dövründə xidməti vəsiqədən istifadə edəcək. Xidməti vəsiqədə göstərilən məlumatlar dəyişdikdə, məlumatların səhv olduğu müəyyənləşdirildikdə, xidməti vəsiqə itirildikdə, yararsız hala düşdükdə, habelə xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda ona yeni xidməti vəsiqə veriləcək.

Vəkilin fəaliyyəti dayandırıldıqda və ya onun fəaliyyətinə xitam verildikdə xidməti vəsiqə Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatına qaytarılacaq.

Vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunduğu gündən dayandırma müddəti bitənədək o, vəsiqəsindən xidməti istifadə etmək hüququnu itirəcək. Vəkilin fəaliyyətinə xitam verilməsi barədə qərar qüvvəyə mindiyi gündən etibarən xidməti vəsiqə öz qüvvəsini itirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
17
olaylar.az

10Mənbələr