AZ

Krouford – Kanelo döyüşü XXI əsrdə titul qarşılaşmaları arasında rekord izlənmə qırəb

İkinci orta çəki dərəcəsində dünya üzrə mütləq çempion titulu uğrunda Terens Krouford və Saul “Kanelo” Alvares arasında keçirilən döyüş bu səviyyədəki qarşılaşmalar üçün rekord televiziya auditoriyası toplayıb.

İdman.biz “Netflix” yayım platformasına istinadən xəbər verir ki, döyüşün rəsmi yayımları dünya üzrə 41 milyondan çox tamaşaçını cəlb edib.

Onlardan 20 milyondan artıq izləyici qarşılaşmanı canlı efirdə izləyib. Servisin versiyasına görə, bu, XXI əsrdə ən çox izlənilən kişi çempionluq döyüşüdür.

Qadınlar arasında 2024-cü ilin noyabrında keçirilən Keti Teylor – Amanda Serrano titul qarşılaşmasını 74 milyon nəfər izləmişdi. Həmçinin, kəmərlər uğrunda keçirilməyən Ceyk Pol – Mayk Tayson döyüşünü təxminən 108 milyon tamaşaçı seyr etmişdi.

Qeyd edək ki, sentyabrın 13-dən 14-nə keçən gecə ABŞ-ın Las Veqas şəhərində Krouford hakimlərin yekdil qərarı ilə Alvaresi məğlub edib və ikinci orta çəkidə dünya üzrə mütləq çempion adını qazanıb. Bununla da o, tarixdə üç fərqli çəki dərəcəsində mütləq çempion titulunu əldə edən ilk boksçu olub.

Amerikalı idmançının peşəkar karyerasında hazırda 42 qələbə və heç bir məğlubiyyət yoxdur. Alvares isə 63 qələbə qazanıb, 3 dəfə uduzub və 2 döyüşü heç-heçə ilə başa vurub. Kroufordla görüşə qədər meksikalı yalnız Floyd Meyvezer və Dmitri Bivoldan məğlubiyyət almışdı.

İdman.biz

Seçilən
42
1
idman.biz

2Mənbələr