AZ

Avropa İttifaqı Trampın tələbinə rədd cavabı verdi

Avropa İttifaqı Çinlə ticarətə görə Rusiyaya təzyiq məqsədilə əlavə rüsumlar tətbiq etməyə hazırlaşmır...

Poliqon xəbər verir ki, Avropa İttifaqına üzv ölkələr ABŞ prezidenti Donald Trampın tələb etdiyi kimi Çinə qarşı əlavə gömrük rüsumları və ya sanksiyalar tətbiq etmək niyyətində deyil. Bu barədə Fransanın Le Monde qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın məqsədi Çinə iqtisadi təzyiq göstərməklə Rusiyaya qarşı sanksiyaları gücləndirmək idi. Lakin Avropa ölkələri ABŞ-la Çin arasında potensial ticarət müharibəsinin mənfi nəticələrindən ehtiyatlanır və Pekin bazarından imtina etmək istəmir.

Avropa diplomatlarından biri qəzetə açıqlamasında deyib: “Bu, o demək deyil ki, biz heç bir tədbir görməyəcəyik, amma hazırda heç bir həddindən artıq tariflərdən söhbət gedə bilməz”.

Avropa İttifaqı rəsmilərinin sözlərinə görə, əsas məqsəd Rusiyanın iqtisadiyyatına qarşı sərt sanksiyalar tətbiq etmək, həm birbaşa, həm də dolayı ticarət əlaqələrini məhdudlaşdırmaqdır. Lakin bunun Avropa iqtisadiyyatına mənfi təsir etməməsi də prioritet kimi müəyyənləşdirilib.

Qeyd olunur ki, Almaniyanın avtomobil istehsalçıları, eləcə də Fransanın lüks məhsullar və aerokosmik sənaye ilə məşğul olan iri şirkətləri Çin bazarından ciddi şəkildə asılıdır. Buna görə də Avropa ölkələri əlavə rüsumlara meylli deyil.

Hazırda Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini hazırlayır. Bu çərçivədə ilin sonunadək Rusiya vətəndaşları üçün viza rejiminin sərtləşdirilməsi planlaşdırılır. Bu barədə Aİ-nin təhlükəsizlik və miqrasiya üzrə komissarı Maqnus Brunner açıqlama verib.

Le Monde-un məlumatına əsasən, Avropa Rusiyadan neft idxalını da kəskin şəkildə azaldıb. Əgər 2022-ci ildə Avropa İttifaqının neft idxalının 26%-i Rusiyanın payına düşürdüsə, embarqolardan sonra bu göstərici 3%-ə qədər enib. Bu qaydadan yalnız Macarıstan və Slovakiya istisna təşkil edir.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr