525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Böyük Qayıdışın geniş miqyasda icrasının qarşısında duran əsas maneə hələ də ərazilərimizdə erməni separatçılarının, terrorçularının yaşaması idi”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, coğrafi baxımdan Xankəndi, Ağdərə, Əsgəran rayonlarının ərazisi daha yüksəklikdə yerləşdiyi üçün Ağdam, Füzuli, Zəngilan və Qarabağın digər düzənlik əraziləri üçün məskunlaşmada problemlər yarana bilərdi:
“Çünki ermənilər sonadək öz separatçı, terrorçu hərəkətlərindən əl çəkmədilər. Çox təəssüf ki, kənar qüvvələrin də dəstəyini almaqla daim təhlükəsizliyimiz üçün təhdid yaratdılar. Ona görə də Qarabağın birdəfəlik azad olunması, Ermənistanın 200 illik işğal siyasətinə tam son qoyulması üçün 19-20 sentyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatı mühüm əhəmiyyət daşıyırdı. Bu əməliyyat keçirilməsəydi, bu gün də ərazilərimizdə terrorçular qalacaqdı və bu gün də biz öz torpaqlarımızın tam sahibinə çevrilə bilməyəcəkdik. Bu mənada məhz lokal antiterror əməliyyatlarının ildönümü ərəfəsində Azərbaycan Prezidentinin Qarabağa səfər etməsi, vətəndaşlarımızla görüşü, yeni kəndlərin salınması üçün təməlqoyma mərasimləri bir daha bu hadisənin bizim üçün nə dərəcədə əlamətdar olduğunu göstərir”.
Deputat bildirib ki, bu günlərdə Xankəndidə baş verən terrora cəhd hadisəsi də onu göstərir ki, Azərbaycan dövləti nə qədər vaxtında, nə qədər qətiyyətli, cəsarətli bir qərar qəbul edərək bir həmlədə öz suverenliyini bərpa etdi, ölkəmizin ərazisindəki terrorçuları və separatçıları könüllü şəkildə Azərbaycanı tərk etməyə sövq etdi”.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.