AZ

Ölkədə işçilərin aylıq orta iş saatı azalıb – Ən çox və ən az işləyən sektor hansıdır?

Azərbaycanda 2025-ci ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 143.5 saat təşkil edib.

Banker.az Dövlət Statistika Komitəinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 saat azalıb. Öncəki ilin eyni dövründə aylıq orta iş saatı 144.3 saat idi. Bununla belə, 2023-cü illə müqayisədə çoxdur. Həmin dövrdə bu rəqəm  aylıq iş saatı 143.1 saat idi.

Sahələr üzrə müqayisəyə baxdıqda, ən ciddi azalma su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində qeydə alınıb – 2024-cü ildə 150.7 saat olan orta aylıq göstərici 2025-ci ildə 149.2 saata düşüb. Digər nəzərəçarpan azalmalar emal sənayesində (145.2 saatdan 143.8 saata), inzibati və yardımçı xidmətlərin göstərilməsində (145.9 saatdan 144.4 saata) və dövlət idarəetməsi və müdafiə sahəsində (150.0 saatdan 149.1 saata) baş verib.

Eyni zamanda bəzi sahələrdə artımlar müşahidə olunub. Tikinti sektorunda 2024-cü ildə 148.0 saat olan orta göstərici 2025-ci ildə 149.5 saata yüksəlib. Turistlərin yerləşdirilməsi və ictimai iaşədə də azacıq artım olub – 149.6 saatdan 149.8 saata.

Ümumilikdə ən çox işlənmiş saat ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində qeydə alınıb – 2025-ci ildə bu göstərici 150.0 saat təşkil edib. Ən az işlənmiş saat isə ənənəvi olaraq əhalinin xidmət sahələrində müşahidə edilib. Xüsusilə digər xidmətlərin göstərilməsi üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatları 132.9 olub ki, bu da bütün iqtisadi fəaliyyət növləri arasında ən aşağı göstəricidir.

Seçilən
26
banker.az

1Mənbələr