AZ

AZAL yeni təyyarələr alıb - Bu tarixə qədər təhvil veriləcək

Azərbaycan Hava Yolları (AZAL) donanmasının yenilənməsi istiqamətində daha bir mühüm addım atıb.

Far.Az-in məlumatına görə, şirkətin parkına yeni "Airbus A320 Neo" təyyarəsi gətirilib. Bu, həm təyyarə parkının orta yaşını azaltmağa, həm də müştəri məmnuniyyətini və istismar səmərəliliyini artırmağa xidmət edir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Far.Az-ə bildirib ki, hazırda AZAL-ın aviaparkının orta yaşı 14 ildir:

"AZAL donanmasının yenilənməsi çərçivəsində daha bir "Airbus A320 Neo" təyyarəsi Bakıya gətirilib. Bu addım şirkətin təyyarə parkının orta yaşını azaltmaqla yanaşı, həm də müştəri məmnuniyyətini və istismar səmərəliliyini artırmağı hədəfləyir.

Hazırda AZAL-ın aviaparkının orta yaşı 14 ildir. Son illər bu göstəricini yaxşılaşdırmaq üçün ciddi addımlar atılıb. 2023-cü ildə üç yeni "Airbus" təyyarəsi istismara verilib, eyni zamanda "Airbus" və "Boeing" şirkətləri ilə 20-dən çox yeni təyyarənin alınmasına dair müqavilələr imzalanıb. Onların 2032-ci ilə qədər tədarükü planlaşdırılır.

Strateji plana görə, 2030-cu ilə qədər AZAL-ın donanması yalnız iki tip təyyarədən ibarət olacaq: dar gövdəli "Airbus A320 Neo" və geniş gövdəli "Boeing 787 Dreamliner". Hazırda isə şirkətin parkında müxtəlif tipli 25 təyyarə fəaliyyət göstərir."

Qey edək ki, "Airbus" təyyarələri yanacağa qənaətcil, salonu daha sakit və komfortlu, qısa və orta məsafələr üçün əlverişli olduğu halda, "Boeing" təyyarələri uzun məsafəli uçuşlarda etibarlılığı, geniş kabin rahatlığı və dayanıqlılığı ilə seçilir. Yeni "Airbus A320 Neo"nun gətirilməsi AZAL-ın aviaparkının gəncləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və istismar səmərəliliyinin yüksəldilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Şirkətin 2030-cu ilə qədər həyata keçirəcəyi yenilənmə planı Azərbaycan aviasiyasının beynəlxalq rəqabət gücünü daha da artıracaq.

Orxan Hüseyn

Seçilən
30
1
far.az

2Mənbələr