AZ

Putin və Netanyahu: Trump diplomatiyası üçün ikiqat problem

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Cəmi bir sutkadan az müddətdə Trump administrasiyasının xeyli vaxt və enerji sərf etdiyi iki xarici siyasət cəbhəsində iki ciddi problem baş verdi.

İsrailin Dohadakı Həmas nümayəndəliyinə zərbəsi və Rusiyaya məxsus dronların Polşanın hava məkanını pozması Ağ Ev üçün iki böyük başağrısı və, ehtimal ki, Prezidentin nüfuzuna iki güclü zərbə oldu.

Məhz bu iki münaqişəni - Ukraynada və Qəzzada - ABŞ Prezidenti Donald Trump tez və qətiyyətlə bitirəcəyinə söz vermişdi.

Hər iki halda onun təbii, amma problemləri olan müttəfiqlər hesab etdiyi liderlər -n Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evin sülh yaratmaq səylərini xeyli çətinləşdirdilər.

Zərbə vaxtın seçilməsini da nəzərə almaq lazımdır. Dohaya hücum Trump administrasiyasının Qəzza müharibəsinin dayandırılması ilə bağlı son təkliflərini irəli sürməsindən cəmi iki gün sonra baş verdi.

Donald Trump bəyan etmişdi ki, bu, Həmas üçün son şansdır.

"Mən Həmas-ı [bu təklifləri] qəbul etməməyin nəticələri barədə xəbərdar etdim. Bu mənim son xəbərdarlığımdır, başqası olmayacaq!"- Trump bazar günü Truth Social sosial şəbəkəsində yazmışdı.

Həmas rəhbərliyi məhz bu təkliflərə cavabı müzakirə etmək üçün Dohada toplaşmışdı, amma İsrail cavabı gözləməmək qərarına gəldi.

Dohaya zərbə təkcə Amerika təkliflərini puç etmədi — o, bəlkə də Trump administrasiyasının Qəzza ətrafındakı bütün mürəkkəb diplomatik memarlığını çökdürdü.

İndi ABŞ-ın İsrailin zərbəsi barədə nə vaxt və necə məlumat aldığı və onu dayandıra bilib-bilməyəcəyi müzakirə olunur.

Qətərdə dünyanın ən vacib Amerika hərbi bazalarından biri yerləşir və bu, bir çoxunda o qənaəti formalaşdırıb ki, ABŞ-ın Dohaya doğru uçan İsrail təyyarələrini görməməsi mümkünsüz idi.

Amma hətta Ağ Ev, bir çoxlarının güman etdiyi kimi, İsrailə yaşıl işıq yandırıbsa, bu, Trump-ın Benyamin Netanyahunun hərəkətlərinə təsir etmək qabiliyyəti barədə nə deyir?

Son iki ildə, 7 oktyabr 2023-cü ilin alçaldıcı hadisəsindən sonra, İsrail bütün Yaxın Şərqdə güc nümayiş etdirir və əsasən, bunu ABŞ-ın açıq və ya gizli razılığı ilə edir.

İsrail artıq regionun mübahisəsiz hegemonu rolunu möhkəmləndirib, İrana və Yəmənə kimi uzaq ölkələrə də zərbə endirə biləcək gücə sahibdir.

Amma İran və Yəmən məsələlərində ABŞ da İsraillə birlikdə iştirak edib və onların ortaq məqsədləri olub: husilərin İsrailə və ticarət gəmilərinə zərbələrini dayandırmaq, həmçinin İranın nüvə proqramını məhv etmək.

Qətərə, regionda ABŞ-ın əsas müttəfiqinə zərbə isə tamamilə başqa məsələdir.

Donald Tramp bildirib ki, İsrailin bu addımı barədə "çox pis" düşünür.

Onun sözlərinə görə, bu barədə xəbər tutanda artıq Qətəri xəbərdar etmək gec olub.

"Qətərin ərazisinə, suveren dövlətə və ABŞ-ın yaxın müttəfiqinə, sülh danışıqlarında vasitəçilik edərək çox gərgin işləyən və çox riskə gedən bir ölkəyə birtərəfli zərbə nə İsrailin, nə də Amerikanın məqsədlərinə xidmət edir", — Trump sosial şəbəkəsində yazıb.

Bu bəyanat ABŞ-ın əməliyyatda iştirakına dair şübhələri tamamilə dağıtmasa da, görünür ki, Trump həqiqətən də qəzəblənib.

Netanyahu isə öz növbəsində bunun tamamilə İsrailin müstəqil qərarı olduğunu vurğulamağa çalışıb.

Məşhur amerikalı beynəlxalq şərhçi David Ignatius Washington Post-da xatırladıb ki, İsrail həm ABŞ-ın, həm də İsrailin özü tərəfindən verilən "Qətərdə Həmas liderlərinə qarşı ov olmayacaq" vədlərinə baxmayaraq, "Alovlu Zirvə" əməliyyatını həyata keçirib.

Bu vədlərin bu qədər açıq şəkildə pozulması isə Yaxın Şərqdə labüd şəkildə Amerikanın zəifliyi kimi qəbul ediləcək.

Və hələ Polşa da var.

Bir ay əvvəl Trump Alyaskada Putini qəbul etmiş, Ukraynada müharibənin başlanğıcında olan şəxsin qarşısına qırmızı xalça sərmişdi. Bir neçə gün sonra isə Fransanın Prezidenti Emmanuel Makrona demişdi ki, Putin "nə qədər absurd səslənsə də, mənim üçün bir razılaşma etmək istəyir".

Amma iş yalnız razılaşmaya doğru irəliləyir demək deyil, əksinə, o vaxtdan bəri yalnız eskalasiya müşahidə olunur: Ukraynaya qarşı Rusiyanın dron və raket hücumlarında yeni anti-rekordlar və indi isə NATO hava məkanına ilk nümayişkaranə dron müdaxiləsi.

Rus raketləri və dronları ilk dəfə deyil ki, Polşa ərazisinə düşür, amma əvvəllər onlar sərhədə yaxın yerlərdə, görünür, təsadüfi olaraq düşürdü.

Çərşənbə gecəsi baş verənlər isə hər şey ola bilərdi, amma təsadüf deyildi. Polşa hakimiyyəti ölkə hava məkanında 19 rus dronu olduğunu açıqladı. Onların bəziləri Polşanın dərinliyinə qədər irəliləmişdi.

Baş Nazir Donald Tusk parlamentdə dedi ki, Polşa II Dünya Müharibəsindən bəri açıq münaqişəyə bu qədər yaxın olmamışdı.

Rusiya hər şeyi inkar edir, amma demək olar, hamı razıdır ki, bu, Moskvanın NATO-nun iradəsini sınamaq üçün qəsdən etdiyi cəhd idi.

Və çünki Alyansın ən güclü üzvü ABŞ-dır, bu, həm də Donald Trump-ın iradəsini sınamaq demək idi. Prezidentin Doha ilə bağlı şərhləri ilə müqayisədə açıq şəkildə reaksiya göstərmək istəməməsi isə nəzərdən qaçmadı.

"Bir NATO ölkəsinin ilk dəfə Rusiya hərbi birləşmələrinə atəş açması və onları vurması xəbərlərinə Ağ Ev susqunluqla cavab verdi", - Kyiv Post qəzeti yazıb.

Truth Social şəbəkəsində Trumpın paylaşımı nəhayət dərc olundu.

"Rusiyanın Polşanın hava məkanını pilotsuz təyyarələrlə pozması nə deməkdir? Budu, biz gəlirik!" - Trump-ın hesabında bir qədər ikili məna daşıyan yazı belədir.

Amma onun əvvəlcə susması və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə öz təhdidlərini yerinə yetirmək istəməməsi Ukraynadakı Qərb müttəfiqlərini eyni sual qarşısında qoyur: Donald Trump həqiqətən hansı tərəfdədir?

Bəlkə bu məsələ dəyişəcək: Avropa rəsmi şəxsləri və onların amerikalı tərəfdaşları Trump-ın Ağ Evə qayıtmasından sonra ilk dəfə olacaq yeni sanksiyalar paketini birlikdə hazırlayırlar.

Lakin NATO üzvləri, Prezidentin alyans barədə əvvəlki ikili bəyanatlarını nəzərə alaraq, NATO ölkələrinin suverenliyinə təhdid olduğu halda ABŞ-ın cavab tədbirlərinə arxalana biləcəklərinə dair zəmanət almaq istəyirlər.

NATO ölkələrinin ABŞ-dan Ukrayna üçün silah alması barədə son müqavilə və Alyans üzvlərinin hərbi xərcləri artırmaq öhdəliyi Trump-ın NATO ilə münasibətlərini xeyli yaxşılaşdırıb və son dövrlərdə o, ilk prezidentlik dövründəki kimi Alyansa qarşı düşmən bəyanatlar vermir.

Avropa ölkələri isə ümumilikdə öz müdafiələrini gücləndirməyə daha çox diqqət yetirməli olduqları ilə bağlı razılığa gəliblər. Polşanın hava məkanının qorunması bunun yaxşı nümunəsidir.

Amma, ümumilikdə Alyans hələ də ABŞ-ın hərbi və siyasi gücü üzərində dayanır və hazırki Prezidentin bu gücdən istifadə etməyə hazır olması ilə bağlı suallar da qalır.

İki gün, iki münaqişə, iki müəmmalı hadisə.

Ona meydan oxunulmasını sevməyən Trump üçün, bu, asan olmayan bir sınaq ola bilər. Hər kəs onun bu sınaqdan uğurla çıxıb-çıxmayacağını gözləyir.

Seçilən
62
bbc.com

1Mənbələr