AZ

Rekordlarla yadda qalan Azərbaycan Qran-prisi

Bakı növbəti dəfə möhtəşəm yarış astanasındadır. Buna kimi ardıcıl 8 dəfədir ki, "Formula-1" Qran-prisinə yüksək səviyyədə evsahibliyi edən Azərbaycan planetin ən güclü pilotlarının əzmkar mübarizəsinin canlı şahidi olmaq üçün sürətsevərləri birillik fasilədən sonra, sentyabrın 19-21-də yenidən Bakıya toplayır.

"Gözlənilməzə hazır ol" şüarı ilə keçirilən cari mövsümün 17-ci mərhələsində 19 və 20 sentyabr tarixlərində pilotların sərbəst yürüşləri və sıralama turları keçiriləcək. Sentyabrın 21-də isə möhtəşəm Azərbaycan Qran-prisinə (51 dövrə və ya 120 dəq.) start veriləcək. Digər qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da, reqlamentə əsasən, öncə iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər.

Yarışın ilk günü səhər pilotlar bir saatlıq məşq keçəcəklər. Adətən nahardan sonra sıralanma turu və ya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə, pilotların bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.

Sentyabrın 21-də isə  sayca 9-cu Azərbaycan Qran-prisinin yarış günüdür. Yarışanlar bir gün əvvəlki sıralanma turunun nəticələrinə görə startda yerlərini tuturlar. Əvvəlcə sürücülər trasda bir dövrə vuraraq təkərləri və əyləcləri qızdırır, dövrənin tamamında yenidən start yerlərini tuturlar. Yarışın direktorunun, yəni 5 qırmızı işığın sönməsindən sonra həyəcan başlayır.

Azərbaycan Qran-prisinə  rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən gələn ən böyük azarkeş qrupu Bakıda qarşılanacaq. Çünki bütün tribunalara olan yerlərin hamısına biletlər satılıb. Bu rəqəm Bakı yarışının tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bu o deməkdir ki, dünya üzərində mövcud 193 ölkənin yarısından çoxu öz ölkəsini məhz Bakı yarışında təmsil edəcək. 

"Formula-1" yarışlarının Azərbaycanın paytaxtında keçirilməsi ilə bağlı FOM (Formula One Management) ilə danışıqlar 2013-cü ildə başlanıb və 2014-cü ilin martında ilkin müqavilə imzalanıb. Azərbaycanda Qran-prinin təşkili ilə dövlət səviyyəsində məşğul olublar. Bu da layihənin statusunu və onun ölkə üçün əhəmiyyətini göstərir.

Azərbaycan Qran-prisi zamanı 12 mindən çox xarici turistin paytaxtımıza gələcəyi gözlənilir. Bakı Şəhər Halqasından bildirilib ki, rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaqlar bilet almadan sadəcə "Formula-1" ab-havasını yaşamaq üçün paytaxtımıza üz tutublar. Təqdim edilən rəqəmlərə görə, azarkeşlərin 55 faizi Azərbaycan Qran-prisini dostlarına tövsiyə etməyə hazırdır, 72 faizi isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır. Göstəricilərə əsasən, bir xarici azarkeşin orta xərci 2200 ABŞ dollarını ötür ki, bu da Qran-prini turizm və sahibkarlığın inkişafı üçün mühüm hərəkətverici qüvvəyə çevirir.

2024-cü ildə Azərbaycan Qran-prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3,9 milyard tamaşaçını keçib. Azərbaycan Qran-prisinə marağı nəzərə alaraq, 2025-ci ildə iki yeni tribuna inşa edilib. 12 tribunadan 10-nun biletləri artıq tamamilə satılıb. Ümumi tutum 20 min nəfəri ötəcək ki, bu da Bakının "Formula-1" xəritəsində mövqeyini daha da möhkəmləndirir.

Yarışa hazırlıq işlərinə minlərlə insan cəlb olunub. Tikinti-quraşdırma işlərində 2 mindən çox mühəndis, texnik, montajçı və logist iştirak edir. Sakinlərin rahatlığı üçün işlər əsasən gecə saatlarında aparılır. Yarış həftəsində bu komandaya əlavə 1500 əməkdaş, 2000 könüllü və 1400 marşal qoşulur. Əgər ilk illərdə işlərin böyük hissəsi xarici şirkətlərin payına düşürdüsə, bu gün bütün proses yerli podratçılar tərəfindən icra olunur. Bu isə həm yeni iş yerlərinin açılmasına, həm də yerli mütəxəssislərin təcrübəsinin artmasına şərait yaradır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev azarkeşləri həm həyəcanlı yarışdan, həm də Azərbaycanın qonaqpərvərliyindən zövq almağa dəvət edir: "Ötən il rekordlarla yadda qaldı. Qlobal maraq sayəsində Azərbaycan Qran-prisi artıq "Formula-1" təqvimində mütləq izlənilməli yarışlardan biridir. 2025-ci il isə daha möhtəşəm olacaq. İki yeni tribunaya görə tədbir tarixdə ən böyük tamaşaçı tutumuna sahib olacaq. İlk dəfə eksklüziv "Formula-1 Çempionlar Klubu" fəaliyyət göstərəcək və burada pit-leyn mənzərələri, paddok turları və digər unikal imkanlar təqdim olunacaq. Bu, daha çox azarkeşə Azərbaycan Qran-prisini canlı izləmək fürsəti verəcək. Dünyanın ən güclü pilotları yenidən Bakıya qayıdır və bizi unudulmaz anlar gözləyir! Bakı Şəhər Halqası ənənəsinə sadiq qalaraq sürprizlərə hazırdır. Əgər trekdəki sürət sizə az görünəcəksə, sadəcə, gecəni gözləyin: sentyabrın 19-da DJ Anyma, sentyabrın 20-də isə dünya ulduzları Martin Garrix və Glass Animals azarkeşlərə möhtəşəm şou təqdim edəcəklər".

Göründüyü kimi, Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etmək imkanlarını da artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib. Bu genişmiqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda belə tədbirlər ölkəmiz, dövlətimiz üçün müəyyən dividendlər gətirir.

Elçin CƏFƏROV,

"Azərbaycan"

Seçilən
69
2
azerbaijan-news.az

10Mənbələr