AZ

Şanlı Zəfərdən suverenliyə

"Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsidir. Dövlətin siyasi və hüquqi xüsusiyyəti kimi onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə konstitusiyasına və qanunlarına, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə və normalarına uyğun həyata keçirə bilməsidir. Eyni zamanda xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququnun təmin olunmasıdır. Xalqın öz taleyinə sahibliyidir.

2023-cü ilin 19 sentyabrında Azərbaycan dövlətinin Qarabağda apardığı 23 saatlıq antiterror əməliyyatı uğurlu nəticələrinə görə milli dövlətçilik salnaməmizdə hər zaman qürurla xatırlanacaq mühüm hadisədir. Bu əməliyyat Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionu üçün həm böyük siyasi, həm də tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, suverenliyinin təmin olunması, Ermənistan-Azərbaycan münaqişəsinin yekun həlli, Azərbaycanın regional təhlükəsizliyi və geosiyasi mövqeyinin daha da güclənməsi, tarixi ədalətin öz yerini tutması və digər bu kimi amillər antiterror əməliyyatının siyasi-tarixi əhəmiyyətini şərtləndirir. 

Prezident İlham Əliyev ötən il 19 sentyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunması ilə bağlı sərəncam imzaladı. Bununla da 2023-cü ildə Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir günün əlamətdarlığı təqdimdə rəsmiləşdi. Sərəncamda oxuyuruq: "Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır".

Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatı

Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Bu güc, qüdrət artıq ən böyük nailiyyətimiz olan suverenlik, ərazi bütövlüyü reallığını da əhatə edir. 23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti, ardınca sovet dövründəki ümumi inkişaf prosesləri, daha sonra isə 33 il yaşadığımız müstəqillik dövründə xalqımız çox böyük nailiyyətlər qazandı. Bu nailiyyətlərin hər birinin milli yaddaşımızda öz yeri, milli dövlətçilik tariximizdə öz  rolu  var. Amma bunlardan heç biri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması faktı ilə müqayisə edilə bilməz.   

Bütün tarixi uğurlarımıza rəğmən ölkəmizin bu günü və gələcəyi ilə bağlı düşüncələrimizdə müəyyən bir narahatlıqlar vardı. Dünyanın böyük güclərinin regionda öz maraqlarını təmin etmək, bölgəmizi qarışdırıb öz ambisiyalarına tabe etdirmək üçün əsrlərdir bu torpaqlarda həyata keçirdikləri erməni layihəsi suverenliyimiz, ərazi bütövlüyümüz üçün də ən böyük təhdid idi. Ermənistanın işğalçı siyasəti səbəbindən müstəqillik dövründə ərazi bütövlüyümüzü tam təmin edə bilməmişdik. Minlərlə soydaşımızın həyatını itirməsi, min bir məhrumiyyətə məruz qalması, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər ilə müşayiət olunan bu məsələ Azərbaycanda nəsillərin problemi kimi qalır, öz həllini gözləyirdi.

Ona görə də Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin tam təmin olunması proseslərinin başa çatdırılması üçün belə bir əməliyyatın aparılması labüd idi və Müzəffər Ali Baş Komandan İlham Əliyev rəşadətli ordumuzun gücü ilə bu tarixi missiyanı da uğurla yerinə yetirdi. 

Əməliyyatı vacib edən səbəbləri nəzərdən keçirmək üçün yaxın tariximizin şanlı səhifələrinə qısaca ekskurs edək: Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin 27 sentyabrında başlanmış əks-hücum əməliyyatı ilə 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusuna sarsıdıcı zərbələr endirərək onu məğlubiyyətə uğratdı. Bununla da işğal altındakı ərazilərimizin azad edilməsinə nail olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş "Dəmir yumruq" əməliyyatı Azərbaycanın tarixində qızıl hərflərlə yazılmış, regionda yeni reallıqlar yaratmışdır. Bu müharibədə qazandığımız Zəfər nəticəsində uzun illər ərzində işğalçılıq siyasətini və nasizmi dövlət ideologiyasına çevirmiş Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalmışdır.

2020-ci il 10 noyabr tarixində Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən Birgə Bəyanat imzalanmış və bununla da Ermənistan kapitulyasiya aktını rəsmən qəbul etmişdir. Sözügedən bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoymuş, ölkəmizin beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyü bərpa edilmişdir. Prezident İlham Əliyev bu barədə bəyan edərək vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi artıq həllini tapmışdır və Azərbaycan bu nəticəni təkbaşına, həm döyüş meydanında, həm də siyasi müstəvidə əldə etmişdir: "Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır".

Bəyanatın müddəalarına əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycan Ordusunun hərbi əməliyyat aparmasına ehtiyac qalmadan, itki verilmədən geri qaytarılmışdır. Bununla yanaşı, regionda yeni geosiyasi reallıq formalaşdıran Zəngəzur dəhlizinin (TRIPP) açılması tarixi zərurətə çevrilmişdir.

Sülh təşəbbüsü ilə çıxış edən qalib ölkə

Ermənistan-Azərbaycan münaqişəsinin insan itkilərinə, dağıntılara yol vermədən həlli üçün uzun illər ərzində sülh danışıqlarına sadiq qaldıq. Artıq danışıqların heç bir mənasının olmadığına hər kəsdə tam əminlik yarandıqdan sonra torpaqlarımızı ordumuzun gücü ilə düşməndən təmizləyərək BMT-nin 4 qətnaməsini özümüz yerinə yetirdik. Bu zaman hərbi əməliyyatlarla bağlı beynəlxalq konvensiyalara tam əməl edən, mülki əhaliyə heç bir xətər toxundurmayan, yalnız legitim hədəflərə yönələn Azərbaycan dövləti Ermənistanın kapitulyasiyasından sonra da böyük bir örnək nümayiş etdirdi. Ölkəmiz qalib tərəf olduğu, işğalçı ölkənin bütün ordusunu cəmi 44 gün içində darmadağın etdiyi halda özü sülh təşəbbüsü ilə çıxış etdi. Hər kəs gördü ki, Azərbaycan rəhbərliyinin ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcəyi barədə bəyanatları sadəcə bəyanat deyilmiş.  

Vətən müharibəsindən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda dayanıqlı sülhün təmin olunması məqsədilə Ermənistanla sülh müqaviləsinin hazırlanması təşəbbüsünü irəli sürdü. İrəli sürülən 5 əsas prinsip qarşılıqlı şəkildə dövlətlərin suverenliyi və ərazi bütövlüyünün tanınmasını ehtiva edirdi.

6 oktyabr 2022-ci ildə Praqada "Avropa Siyasi Birliyi" Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüş zamanı Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını rəsmi şəkildə bəyan etdi. 

Bununla yanaşı, Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə qanunsuz istismarı davam edir və bu, ciddi etirazlara səbəb olurdu. Buna etiraz olaraq 12 dekabr 2022-ci ildən etibarən Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekofəallar Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 138 gün davam edən dinc aksiya təşkil etdilər.

Azərbaycanın suverenliyi baxımından növbəti mühüm hadisə isə 2023-cü ilin 23 aprelində baş verdi. Həmin gün Laçın rayonu ərazisində, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi yaradıldı. Bu addım nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpası prosesi başa çatdı, Ermənistanın Laçın yolu vasitəsilə Qarabağdakı separatçılara silah-sursat daşıması və digər qanunsuz fəaliyyətlərinə son qoyuldu.

Xankəndidə Zəfər paradı

Bununla belə, Ermənistan rəhbərliyinin və separatçı qüvvələrin təxribatları yenə də davam edirdi. Belə ki, 2023-cü il sentyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin ildönümü münasibətilə separatçı rejimə təbrik ünvanladı, sentyabrın 9-da isə Azərbaycanın Qarabağ bölgəsində qanunsuz "prezident seçkiləri" keçirildi. Beləliklə, dünya birliyi tərəfindən tanınmış suveren ərazilərimizi təxminən 30 ilə yaxın müddətdə işğal altında saxlayan, qurulu şəhərlərimizi, qəsəbə və kəndlərimizi misilsiz vandalizmlə yer üzündən silən, yalnız "dəmir yumruğ"un zərbəsindən sonra burunları ovulan erməni faşistləri ilə yenə də anladıqları dildə danışmaqdan başqa bir əlac qalmadı. 

2023-cü ilin 19 sentyabrında Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Əməliyyatın keçirilməsinin əsas məqsədləri üçtərəfli Bəyanatın müddəalarının icrasını təmin etmək, Qarabağ iqtisadi rayonunda Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısını almaq, ərazidə qalan Ermənistan silahlı qüvvələrinin birləşmələrini tərk-silah edərək çıxarmaq, onların hərbi infrastrukturunu zərərsizləşdirmək, işğaldan azad olunmuş ərazilərə qayıdan dinc əhalinin, bərpa-quruculuq prosesinə cəlb edilmiş mülki işçilərin və Azərbaycan hərbçilərinin təhlükəsizliyini qorumaq, eləcə də ölkənin konstitusiya quruluşunu bərpa etmək idi.

Bir gündən də az, cəmi 23 saat davam edən bu əməliyyat nəticəsində bölgədə mövcud olan Ermənistan hərbi birləşmələri tam şəkildə tərk-silah edilib Azərbaycan ərazisindən çıxarıldı, separatçı qurumun qalıqları isə özünü buraxmaq məcburiyyətində qaldı. Bununla da Azərbaycan ərazisində separatizm və qeyri-müəyyən statuslu "boz zona"ya son qoyuldu, ölkəmizin dövlət suverenliyi tam şəkildə təmin edildi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev antiterror əməliyyatından sonra 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq əlamətdar Qələbəni rəsmi olaraq təsdiqlədi. Eyni zamanda 2023-cü ilin 8 noyabrında Xankəndi şəhərində Vətən müharibəsində əldə etdiyimiz Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. İlk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ildönümü gününə təsadüf edən təntənəli tədbirdə çıxışı zamanı Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin qəhrəmanlığını yüksək qiymətləndirərək bildirdi: "Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.

Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir". 

Azərbaycan Prezidenti çıxışlarında tələbə gənclərə, onların şəxsində bütün insanlarımıza vətənpərvərlik ruhunu və daim inamlı olmağı təlqin edir. Bunlar torpaqlarımızın işğaldan azad edilməsinə, ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin tam bərpasına addım-addım hazırlaşdığımız uzun illər ərzində bizi güclü edən əsas amillərdir. 44 günlük Vətən müharibəsi, ötən ilin sentyabrında aparılmış qısamüddətli antiterror əməliyyatı da göstərdi ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə edilmiş gənc nəsil olan yerdə heç bir qüvvə qarşımızda dura bilməz. İnam isə heç zaman qırılmamalıdır, fərdlər də, toplumlar da şəraitdən asılı olmayaraq, inamlarını qorumalıdırlar. 

Bu gün Azərbaycan bütün dünyada ədalət uğrunda mübarizə aparır. İnsan ədalətin təmin olunduğunu görəndə özünü daha güclü, əmin, məmnun hiss edir. Çünki ədalət həyatımızda mizan yaradan ali dəyərdir. Ona görə həm ayrı-ayrı şəxslər, həm bütövlükdə xalqlar bu dəyərə çatmaq istəyir. 

Qürur tariximiz

Azərbaycanın dövlət suverenliyinin tam bərpası üçün apardığı lokal xarakterli əməliyyat nəticəsində müstəqil dövlətimiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam təmin etdi. Bu, dövlətin tarixində yeni mərhələ açdı və Qarabağ üzərində faktiki nəzarəti möhkəmləndirdi. Bununla da uzun illər davam edən münaqişə və separatizm faktoru aradan qaldırıldı. Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi müstəvisi başa çatdı və regionda yeni reallıqlar formalaşdı.

Azərbaycan öz ərazisində qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətini dayandırmaqla ölkəmizin, vətəndaşlarımızın təhlükəsizliyini qorudu. Tarixi Zəfərimizdən sonra həm də  Qarabağda, Şərqi Zəngəzurda bərpa-quruculuq işləri üçün də geniş imkanlar açıldı.

Əməliyyat nəticəsində regionda yeni təhlükəsizlik nizamı yarandı. Azərbaycan regional güc kimi öz mövqeyini möhkəmləndirdi, beynəlxalq münasibətlərdə əhəmiyyətini daha da artırdı.

Qarabağ məsələsi Azərbaycan xalqı üçün tarixi, milli və mənəvi dəyərə malik idi. Əməliyyat nəticəsində işğal faktı aradan qalxdı və bu, xalqın milli birliyini daha da gücləndirdi. Bu baxımdan 2023-cü il 19 sentyabr tarixli antiterror əməliyyatı Azərbaycan tarixində "dövlətçilik və suverenliyin tam bərpası" mərhələsidir və bu tarixi fakt xalqımızın milli yaddaşında hər zaman böyük qürur hissi ilə xatırlanacaqdır. 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
70
azerbaijan-news.az

1Mənbələr