AZ

Azərbaycan neokolonializmlə mübarizədə böyük rol oynayır

Azərbaycan müstəmləkəçiliyin bütün növlərinə qarşı mübarizəni dəstəkləyir. Bunu Qoşulmama Hərəkatına sədrliyi dövründə başladan Azərbaycan sonrasında bütün mötəbər tədbirlərdə dilə gətirib. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, ötən dövr ərzində Yeni Kaledoniyanın müstəqillik hərəkatının əzmi nəticəsində Bujival razılaşması imzalanıb, Yeni Kaledoniya dövlətinin yaradılacağı, yeni seçkilərin daha böyük kütləni əhatə etməklə keçiriləcəyi bildirilmişdi. Bundan sonra razılaşmanın müqəddəratı kanak xalqının iradəsindən asılı idi. "Hökumətlə danışıqlar aparan və razılaşmaya imza atan müstəqillik hərəkatı nümayəndələri bu razılaşmanı kanak xalqına qəbul etdirməyin çətin olacağını bilirdilər. Nəhayət, FLNKS fövqəladə qurultay keçirərək qərar qəbul edib və Bujival razılaşmasını rəsmən rədd etdiyini açıqlayıb. Onlar sazişi daha aydın və dəqiq etmək üçün yaradılan redaksiya komitəsinə qatılmayacaqlar, amma hökumətlə ikitərəfli dialoqu davam etdirmək istəyirlər", - deyə o bildirib.

Deputat qeyd edib ki, bununla belə, hərəkat Bujival razılaşmasının Yeni Kaledoniya üçün böyük bir fürsət olduğunu bildirir. Bu saziş ölkəyə özünü idarə etmək, bəzi sahələrdə beynəlxalq əlaqələr qurmağa səlahiyyət verir və beynəlxalq səviyyədə tanınma imkanı yaradır. Həmçinin kaledoniyalı milliyyət anlayışı yaradılır. Səlahiyyətlərin verilməsi isə Kaledoniya Konqresi və xalqın təsdiqi ilə aparılacaq. 

Bakı Təşəbbüs Qrupunun (BTQ) müstəmləkəçilikdən əziyyət çəkən xalqlar üçün ən güclü beynəlxalq platformalardan biri olduğunu deyən P.Vəliyeva əlavə edib ki, bu təşkilatın ətrafında çox sayda, xüsusilə Fransanın dənizaşırı ərazilərindən müstəqillik tərəfdarları toplanıb və bu ərazilərdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə bağlı səslərini ali beynəlxalq tribunalardan dünyaya çatdırmağa çalışırlar: "Prezident İlham Əliyev III Şuşa Media Qlobal Forumunda Azərbaycanın yeni müstəmləkəçiliklə mübarizəyə dəstəyini bir daha vurğulayaraq ədalətsizliyin, əsarətin qarşısında susmamağı, daim mübarizəni davam etdirməyi bildirmişdi. O, həmçinin Bujival razılaşmasına istinad edərək demişdi ki, kaş bu qədər insan tələfatı, həbslər, təqiblər olmadan Fransa Yeni Kaledoniya xalqının azadlıq və suverenlik istəyi ilə razılaşardı. Azərbaycan Prezidenti BTQ-in bu istiqamətdə rolunu xüsusilə vurğulayaraq, onun fəaliyyətinin uğurlu olmasından söz açmışdı".

Deputat bu günlərdə Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı məktubda da neokolonializmlə mübarizədə Azərbaycanın fəal rolunu qeyd edib. Ölkəmiz bu məqsədlə öz səylərini davam etdirəcək və məsələnin həllində beynəlxalq həmrəyliyi səfərbər edəcək. 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr