AZ

Rusiya 2023 cü ildə çökəcəkdi: bu iki addımla xilas oldu Fransız politoloqla müsahibə

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Globalinfo.az Avropa gündəminin aktual mövzuları ilə bağlı fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) ilə müsahibəni təqdim edir:

– Cənab Quen, Fransadakı siyasi proseslər vəziyyəti necə dəyişəcək? “Hər şeyi blokla-10 sentyabr” aksiyaları öz məqsədinə çatacaqmı?

– Bu hərəkat heç nəyə nail olmadı. Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün ölkədə 175 min, onun təşkilatçılarının verdiyi məlumata görə, isə 250 min nümayişçi burada iştirak edib. 68,5 milyon əhalisi olan ölkə üçün bu, uğursuzluq sayılır. Təşkilatçıların Teleqram kanallarındakı əhval-ruhiyyəsi məyusedici idi. İstənilən halda, bu hərəkat uğursuzluğa məhkum idi: burada əvvəlcə sağçı libertarlar iştirak edirdi, sonra ultra solçular da qatıldı və hər iki tərəf bir-birinə nifrət edir.

– Fransada kütləvi iğtişaşlar ənənəvi hala çevrilib. Etirazların kökündə sosial-iqtisadi vəziyyət dayanır. İqtisadi çətinliklərlə Rusiyaya tətbiq edilən sanksiyaların yaratdığı təsirlər arasında bağlantı varmı?

– Son beş il ərzində 1968 və 2006-cı illərin nümayiş və tətilləri ilə müqayisə oluna biləcək heç nə baş verməyib. Rusiyaya qarşı sanksiyalarla bağlı yeganə iqtisadi çətinlik 2022-2023-cü illərdə inflyasiyanın yüksəlməsi (COVİD pandemiyası zamanı artmağa başladı) ilə bağlı idi. Lakin indi illik inflyasiya 0,9% səviyyəsindədir. Fransa 2021-2024-cü illər arasında bütün Avropada ikinci ən aşağı  inflyasiyaya sahib ölkə idi, ən aşağı inflyasiya isə Finlandiyada idi.

– Macarıstan xarici işlər naziri deyib ki, Rusiyaya qarşı sanksiyaların səmərəsiz olduğunu artıq anlamaq lazımdır. Bununla özlərinə zərər vurduqlarını və Avropa üçün bu sanksiyaların “öz ayağını kəsmək” demək olduğunu bildirib. Avropanın Ukrayna müharibəsində Rusiyaya təzyiq aləti sanksiyalar idi. İndi necə olacaq?

– Rusiyada kömür sektoru çökməkdədir. O, 2023-cü ildə 374,7 milyard rubl (4 milyard avro) mənfəət əldə etdiyi halda, 2024-cü ildə 112,6 milyard rubl (1,2 milyard avro) zərər çəkib. Rusiya Energetika Nazirliyinin məlumatına görə, 27 kömür şirkəti 2025-ci ilin mart ayında iflasa uğramaqdan xilas olub. 2023-cü ildə Rusiya kömürün tonunu 400 avroya satırdı, indi bu, 90 avrodan aşağıdır. Rusiyada almaza qarşı sanksiyalar bu sektora zərbə vurdu. Qiymətlər baxımından Rusiyanın almaz ixracı keçən il 28,6% azalıb. 2025-ci ilin iyul ayında Rusiyanın neft və qaz gəlirləri 2024-cü ilin iyul ayı ilə müqayisədə demək olar ki, 30% azalıb.

Avropa Mərkəzi Bankının əsas faiz dərəcəsi bu gün 2% təşkil edir (2024-cü ildə 4%), Rusiyada bu rəqəm 18%-dir. Əsas faiz dərəcəsinin 18% olması o deməkdir ki, şirkətlər 20%-dən yuxarı faizlə borc götürürlər. Bu dayanıqlı deyil. İstehlakçıların vəziyyətinin mühüm göstəricisi, bütün dünyada olduğu kimi, avtomobillərin satışıdır. Bununla belə, Rusiyada onlar 2025-ci ilin martında 2024-cü ilin mart ayı ilə müqayisədə 45% az olub.

Maksim Quen

– Rusiya sanksiyaların təsirlərinin yumşalmasına necə nail olur? Bu məhdudiyyətlərə qarşı davamlılığını necə qoruyub saxlayır?

– Rusiya 2022 və ya 2023-cü illərdə öz Milli Sərvət Fondunu boşaltmaqla və Çinlə ticarətini intensivləşdirməklə tamamilə çökməkdən xilas oldu. Lakin fond 2025-ci ilin dekabrında əksər likvid aktivlərindən məhrum olacaq. Rusiyanın rəsmi statistikasına görə, likvid aktivlər 2023-cü ilin yanvarında fondun 58,8%-ni, 2024-cü ilin yanvarında 41,9%-ni, 2025-ci ilin yanvarında isə cəmi 32,1%-ni təşkil edib. Digər səbəblərlə yanaşı, minimum əmək haqqının 205 avro olduğu ölkədə aylıq 2000-4000 avro arasında əməkhaqqı alan rusiyalı könüllülərə də Fonddan ödəniş edildiyi üçün bu proses sürətlənir.

Rusiya Mərkəzi Bankının qızıl ehtiyatları 2024-cü ildə 46,4% azalıb. ABŞ və Avropanın ikinci dərəcəli sanksiyaları səbəbindən Çin bankları həmin il ərzində Rusiyadakı mövcudluğunu kəskin şəkildə azaldıb. 2025-ci ilin yanvar-iyul aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2024-cü ilin həmin dövrü ilə müqayisədə 8,1% az olub.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
globalinfo.az

1Mənbələr