AZ

12 sentyabr demokratiya tariximizə qara ləkədir - Tunç

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç, “Türkiyə Yüzili Görüşləri” çərçivəsində Çanaqqalaya səfəri zamanı 12 sentyabr hərbi çevrilişinin ildönümü ilə bağlı açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, nazir bildirib ki, çevrilişdən sonra qəbul edilən konstitusiya Türkiyəyə yaraşmır.

“Demokratik, mülki və iştirakçı bir konstitusiyaya, Cümhuriyyətimizin ikinci yüzilliyinə qədəm qoyarkən qovuşmağımız vacibdir”- deyə o bildirib.

Tunç 1980-ci il 12 sentyabr çevrilişini ölkə demokratiya tarixində “qara ləkə” adlandırıb.

“Tariximizdə bir çox çevriliş baş verib, lakin son 23 ildə milli iradəni zəiflətməyə yönələn bütün müdaxilələrə qarşı dirəndik. 15 iyul da daxil olmaqla hər cəhd xalqımızın iradəsi və Prezidentimizin liderliyi ilə boşa çıxarıldı”- deyə Tunç qeyd edib.

Nazir, Çanaqqalanın hakimiyyət üçün strateji və simvolik əhəmiyyət daşıdığını qeyd edərək, bölgəyə son 23 ildə milyardlarla lirə dəyərində sərmayə qoyulduğunu xatırladıb. Onun sözlərinə görə, 1915 Çanakkala körpüsü, yeni məktəblər, xəstəxanalar, hava limanları və yüzlərlə kilometr uzunluğunda yollar layihələrin əsas nümunələrindəndir.

Tunç bildirib ki, bütün siyasi partilər yeni konstitusiyanın hazırlanması zərurəti ilə razıdırlar, lakin hələ də uzlaşma və metod baxımından nəticə əldə olunmayıb.

“Çevrilişçilərin yazdığı bir konstitusiya ilə idarə olunmaq Türkiyə Yüzilinə yaraşmır. Xalqımız demokratik, mülki və iştirakçı bir konstitusiyaya tamamilə layiqdir. Bu, siyasətçilərin xalqa qarşı ən mühüm borclarından biridir”- deyə nazir vurğulayıb.

CHP ilə bağlı davam edən məhkəmə işlərinə də toxunan Tunç vurğulayıb ki, bu proseslər partiya nümayəndələrinin öz şikayətləri əsasında başlayıb.

Seçilən
40
turkic.world

1Mənbələr