Ötən gün “Sumqayıt”dan azad agent kimi ayrılmış hücumçu Kamran Quliyev bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
25 yaşlı futbolçu “dənizçilər”lə 1+1 illik müqaviləyə imza atıb. Yarımmüdafiəçi yeni komandasında 30 nömrəli forma altında çıxış edəcək.
Xatırladaq ki, Kamran Quliyev 2023-cü ilin yayından “Sumqayıt”da çıxış edirdi. 25 yaşlı hücumçu bu komandanın heyətində 42 oyuna 6 qol vurub, 2 assistlə yadda qalıb.
“Qəbələ”nin yetirməsi olan Quliyev daha öncə “Şamaxı”, “Sabah” və “Yonava” kimi klublarda da çıxış edib.
Kamran Azərbaycanın U-19 və U-21 yığmalarında oynasa da, əsas millimizdə debüt şansı qazanmayıb.
Sonda onu da vurğulayaq ki, “Səbail” yeni mövsümdə Birinci Liqada mübarizə aparacaq.
