AZ

Bakıda ev oğruları fəallaşıb – 1 gündə 3 evə giriblər

Bakıda ev oğruları yenidən fəallaşıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb. Xəzər rayonu Mərdəkan qəsəbəsindəki evlərin birindən oğurluq olub. 

Zərərçəkən şəxs polisə müraciət edərək evindən 9 min dollar dəyərində qızıl-zinət əşyalarının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı S.Cəfərov müəyyən olunaraq saxlanılıb.

Zirə qəsəbəsində marketlərin birindən isə 8 min manat oğurlamaqda şübhəli bilinən 22 yaşlı S.Məmmədov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Paytaxtın Nəsimi rayonundakı evlərin birindən 1750 manat oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 44 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb. Rayon ərazisində paytaxt sakinə məxsus çantadan isə pul, bank kartı və sənəd talamaqda şübhəli bilinən yeniyetmə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri  Mahmud Hacıyev Musavat.com-a deyib ki, Bakıda ev oğruları fəallaşıbsa, bu, bütün cəmiyyətin problemidir. Onun sözlərinə görə oğurluq cinayəti ilə bağlı qanun sərtləşdirilməli, cəza labüdlüyü təmin olunmalı, insanlar isə mülkünün qorunmasında məsuliyyətli olmalıdır. Əks halda, bu dalğa daha da böyüyəcək və "oğrular yuxuda deyil" ifadəsi acı reallığa çevriləcək: "Oğurluq tamah niyyəti ilə törədilən cinayətdir. Oğurluğun başlıca motivi tamahdır. Mənzil oğurluqlarında, şəxsi və dövlət əmlaklarının oğurluğunda motiv həmişə tamahdır. Son dövrlər törədilən oğurluq cinayətlərini əvvəllər məhkum edilməyən şəxslərin törətdiyi aydınlaşır. Tamah motivini yaradan əsas amillərdən biri işsizlik, sosial-iqtisadi problemlər, narkomaniya və sərxoşluğa meyllilikdir. Bu amillər cinayətkar aləmin ünsürlərindən kənar şəxsləri belə oğurluğa sövq edir".
Mahmud

Mahmud Hacıyev həmçinin oğruların davranışlarını və cinayətlərin açılma çətinliyini izah edir:

"Cinayətkarın maddi imkanından asılı olmayaraq, xarakteri onu cinayət törətməyə sövq edə bilər. Mənzil oğurluqları gizli şəraitdə baş verir və buna görə üstünün açılması vaxt aparır. Oğurluq əvvəlcədən planlaşdırılır: mənzil, sakinlərin hərəkətləri, əşyaların yerləşməsi, giriş-çıxış marşrutları öncədən izlənilir. Əgər hazırlıqsız oğurluq baş veribsə, üstünü açmaq daha asandır. Amma detallı planlaşdırılmış oğurluqların açılması çətinləşir".

Ekspert oğurluq hadisələrinin mövsümi xarakterini də vurğulayır: "Yay aylarında şəhər evləri boş qalır, insanlar bağ evlərinə və turistik zonalara gedir. Bu isə şəhərdə oğurluqları artırır. Yayın sonunda isə əksinə, şəhər kənarındakı villalar və bağ evləri daha çox risk altındadır. Oğrular yayın sonunda əsasən bağ evlərini hədəfləyir, bağ evlərindən oğurluğa gedirlər".

Mahmud Hacıyev sığorta və təhlükəsizlik tədbirlərinin də görülməsini vacib sayır:

 "Kamera sistemləri, siqnalizasiya və mühafizə xidmətləri olan yerlərdə oğrular daha az fəaliyyət göstərir. Yeni tikililərin əksəriyyətində mərkəzi kamera sistemi və 24 saat giriş-çıxış nəzarəti var. Belə ünvanlarda oğurluq halları minimuma enir. Təəssüf ki, insanların maddi durumu çox vaxt bu xərclərə imkan vermir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
1
olaylar.az

2Mənbələr