AZ

Mədəniyyət və təhsil hüquqlarının ən yüksək təminatçısı

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan bu il 30 il ötür. Əsas Qanunumuzun mətni Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi - referandumla qəbul olunmuşdur. Bu əlamətdar tarixi nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir və bu çərçivədə ilin tematikasına uyğun müxtəlif tədbirlər həyata keçirilməkdədir. 

Bütün bunlar cəmiyyətimizdə ölkə Konstitusiyası ilə bağlı maarifləndirmə işlərinin aparılması, konstitusional normaların öz yerini tutması və ənənə olaraq daha da güclənməsi baxımından son dərəcədə əhəmiyyətlidir. 2025-ci ilin konstitusiya və suverenlik mövzusuna həsr edilməsi Əsas Qanunumuzun ayrı-ayrı müddəalarını bir daha gündəmə gətirir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasında mədəniyyət, elm, təhsil hüquqları ilə bağlı əksini tapmış müddəaların şərhi də böyük maraq kəsb edir. Bu hüquqların hər biri Əsas Qanunumuzda müasir dünyanın mütərəqqi təcrübəsinə, insan hüquq və azadlıqlarına dair beynəlxalq normalara uyğun ən yüksək səviyyədə təsbit olunmuşdur.       

Mədəniyyət siyasətinin konstitusion əsasları

Mədəniyyət hüququ insanın əsas hüquqlarındandır. Bu sahənin hüququnun konstitusiya ilə təsbit edilməsi sadəcə hüquqi norma deyil, həm də strateji-sosial əhəmiyyət daşıyan məsələdir. Bunu şərtləndirən bir sıra amillər vardır. İlk növbədə mədəniyyət hüququ insanın şəxsiyyət kimi formalaşması, mənəvi inkişafı, yaradıcılıq azadlığı və cəmiyyət həyatında iştirakının mühüm şərtidir. Konstitusiya isə bu hüquqa ali hüquqi təminat verir və onun pozulması hallarında müdafiə mexanizmlərini gücləndirir.

Eyni zamanda Əsas Qanunda mədəniyyət hüququ ilə bağlı konkret müddəaların öz əksini tapması dövlətin vəzifələrinin müəyyənləşdirilməsi üçün mühümdür. Əgər mədəniyyət hüququ sadəcə qanunlar, yaxud digər buna bənzər normativ-hüquqi aktlarla tənzimlənsəydi, onunla bağlı normaların dəyişdirilməsi və məhdudlaşdırılması daha asan olardı. Bu normalar məhz konstitusiyada təsbit olunmaqla dövlətin üzərinə həm vətəndaşların mədəniyyət hüquqlarının təmin edilməsi, həm də mədəni irsin qorunması, inkişaf etdirilməsi və hamı üçün əlçatan olması istiqamətində sabit, dəyişməz öhdəliklər qoyur. 

Milli kimliyin qorunması baxımından da bunun önəmi çox böyükdür. Azərbaycan çoxmillətli və qədim mədəni irsə, multikultural mühitə, əsrlərə söykənən mədəni tolerantlıq ənənələrinə malik ölkədir. Konstitusiya ilə bu hüququn tanınması milli-mənəvi dəyərlərin, dilin, incəsənətin və adət-ənənələrin dövlət səviyyəsində qorunmasına, vətəndaşlarda fərqli mədəniyyətlərə hörmət ruhunun aşılanmasına zəmanət yaradır. Mədəniyyət hüququ hər kəsin mədəni sərvətlərə çıxışını təmin edir, müxtəlif etnik və dini qruplar arasında qarşılıqlı hörmət və tolerantlığı gücləndirir. Bu isə dövlətin sabitliyi və vətəndaş həmrəyliyi üçün əsas faktordur.

Digər tərəfdən, Konstitusiyada mədəniyyət hüquqları ilə bağlı əksini tapmış müddəalar milli-mənəvi dəyərlərin qloballaşma şəraitində itirilməsinin qarşısını alır. Eyni zamanda xalqın mədəni sərvəti olan abidələrin, tarixi irsin, çoxsaylı mədəniyyət ənənələrinin qorunması və inkişafı istiqamətində dövlətin vəzifələrini, hüquqi məsuliyyəti müəyyən edir. Bu da, ölkənin mədəniyyət siyasətinin konstitusion əsaslarını formalaşdırır. 

Yaradıcı azadlığa yol açan müddəalar

Mədəniyyət hüququnun Konstitusiya səviyyəsində təsbit olunması cəmiyyətin inkişafı və sosial rifahı baxımından da böyük rol oynayır, cəmiyyətin intellektual və yaradıcı potensialını artırır, sosial bərabərlik prinsipini dəstəkləyir. Azərbaycan Respublikasının Konstitusiyasında mədəniyyət hüququ əsas insan hüquqlarından biri kimi təsbit olunmuş və bu hüquq müvafiq maddələrdə öz əksini tapmışdır. 

Əsas Qanunumuzun "Mədəniyyət hüququ" adlanan 40-cı maddəsində göstərilir:     

I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. 

II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsi isə "Milli mənsubiyyət hüququ" adlanaraq aşağıdakı müddəaları nəzərdə tutur: 

I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.

II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.

Ana qanunumuzun 45-ci maddəsi isə milli mədəniyyətin ən mühüm tərkib hissəsi olan "Ana dilindən istifadə hüququ"na həsr edilmişdir: 

"I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.

II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz".

Məlumdur ki, mədəniyyət yaradıcılıq azadlığı ilə birbaşa bağlıdır. Yalnız yaradıcılıq azadlığının mövcud olduğu mühitlərdə insanların mədəniyyət hüququ tam təmin edilə bilər. Bu məqam da Azərbaycan Respublikasının Konstitusiyasında diqqətdən kənarda qalmamış və 51-ci maddədə "Yaradıcılıq azadlığı" barədə konkret müddəalar təsbit edilmişdir. Bu müddəalara görə, hər kəsin yaradıcılıq azadlığı vardır.  Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir.

Əsas Qanunumuzda eyni zamanda insanların əqli mülkiyyət hüququna da ən yüksək təminatlar verilmiş, bu hüquqla ayrıca maddə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsi bilavasitə "Əqli mülkiyyət hüququ"na aiddir və aşağıdakı normaları müəyyənləşdirir: 

"I. Hər kəsin əqli mülkiyyət hüququ vardır.

II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur".

Bu çıxarışlardan da göründüyü kimi, Əsas Qanunumuz tərəfdar çıxdığı beynəlxalq normalara uyğun şəkildə həm mədəni sərvətlərdən istifadə hüququnu, həm də mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üzrə vəzifələri müəyyənləşdirir, bir tərəfdən şəxsi hüquq kimi hər kəsin mədəni sərvətlərə çıxış və ondan faydalanma imkanların təmin edir. Digər tərəfdən isə dövlətin və cəmiyyətin əsas vəzifələrindən biri olaraq mədəni irsin qorunması, təbliği və inkişaf etdirilməsini üzərinə öhdəlik kimi götürür. Eyni zamanda yalnız ümumi mədəniyyət hüququnu deyil, həm də ölkədə yaşayan milli azlıqların mədəniyyət sahəsində hüquqlarını ən yüksək səviyyədə qoruyur. Bütün vətəndaşların hüquq və azadlıqlarına irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, bərabər təminatlar yaradır. Bu normalar Azərbaycanda yaşayan etnik qrupların öz mədəni kimliklərini qoruyaraq inkişaf etdirməsi üçün möhkəm hüququ zəmindir.

Təhsilə strateji yanaşma

Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların təhsil hüquqları ilə bağlı da mükəmməl müddəalar öz əksini tapmışdır. Əsas Qanunumuzun 42-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Həmçinin maddi vəziyyətdən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Ən nəhayət, dövlət minimum təhsil standartlarını müəyyən edir. 

Mahiyyət etibarilə bu maddə yalnız hüquqi norma deyil, həm də dövlətin müasir və gələcək inkişaf strategiyasını müəyyənləşdirən əhəmiyyətli yanaşmadır. O, məzmunca həm insan kapitalının formalaşmasını, həm də sosial ədalətin təmin edilməsini hədəfləyir. Təhsil hüququ insanın intellektual inkişafını, cəmiyyət həyatında iştirakını və dövlətin iqtisadi-sosial tərəqqisini təmin edən fundamental hüquqlardandır.

Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsi ilə bu hüquq dövlət tərəfindən təmin olunan sosial təminat hüquqları sırasına daxil edilmişdir. Maddədə təsbit olunmuş "Hər bir vətəndaşın təhsil almaq hüququ vardır" müddəası ümumi hüquqi prinsip kimi çıxış edir, təhsil almaq hüququ deyərkən, yalnız formal təhsili deyil, həm də ixtisasartırma, peşə hazırlığı, əlavə təhsil və ömür boyu təhsil imkanlarını da əhatə edir. Bu müddəanın subyekti bütün Azərbaycan vətəndaşlarıdır. Burada dövlət həm hüququ qorumaq, həm də bərabər imkanları təmin etmək öhdəliyi daşıyır. 

Dövlətin pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməsinə dair müddəa ilə ölkəmizdə icbari və pulsuz təhsil prinsipi öz yerini tutur. Orta məktəb səviyyəsində təhsilin hər bir vətəndaş üçün əlçatanlığı və ödənişsiz olması Konstitusiya səviyyəsində təminat altına alınır. Onun icbari xarakter daşıması isə həm şagirdin, həm valideynin, həm də dövlətin məsuliyyətini ortaya qoyur. Burada dövlətin vəzifəsi yalnız təhsil müəssisələrini açmaqla məhdudlaşmır, həm də maddi-texniki bazanı, müəllimlərin hazırlanmasını və tədrisin keyfiyyətini yüksəltməyi əhatə edir.

Təhsil sahəsi ölkəmizin bu günü və gələcəyi üçün strateji əhəmiyyət kəsb etdiyindən, dövlət bu sahəni konstitusion əsaslarla tam şəkildə öz nəzarəti altında saxlayır. Bu nəzarət akkreditasiya, lisenziyalaşdırma, təhsil proqramlarının təsdiqi, keyfiyyətə nəzarət, dövlət standartlarının tətbiqi və sairə mexanizmlərlə həyata keçirilir. Burada məqsəd, təbii ki, təhsilin keyfiyyətini qorumaq və milli maraqlara uyğun inkişafını təmin etməkdir.

Elmi fəaliyyətə dəstək

Müvafiq maddədən də göründüyü kimi, Azərbaycan dövləti maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə ali səviyyədə zəmanət verir və bu da cəmiyyətdə sosial ədalət prinsipinə əsaslanır. Maddi imkanından asılı olmayaraq, istedadlı şəxslərin yüksək səviyyədə təhsil alması müxtəlif mexanizmlərlə, o cümlədən təqaüdlər, kreditlər, güzəştlər, xüsusi dövlət proqramları ilə təmin edilir. Burada dövlətin rolu bərabər imkanların yaradılması və sosial lift funksiyasının təmin edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasına görə, dövlətin minimum təhsil standartlarının müəyyənləşdirməsi də təhsilin keyfiyyətinin minimum həddini təsbit edir və bu standartlar kurikulum, ayrı-ayrı təhsil pillələri üzrə proqramlar, bilik və bacarıqların minimum tələbləri, müəllim hazırlığı kimi mexanizmlərlə tənzimlənir. Azərbaycan Respublikası regionlarında yeni məktəblərin tikilməsi, müəllimlərin işə qəbulunda şəffaflıq tədbirləri, tələbələrin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almasının maliyyələşdirilməsi, ölkədə yeni ali məktəblərin yaradılması, yerli və qlobal əmək bazarının tələblərinə uyğun yeni ixtisasların açılması bu maddənin real həyatda tətbiqinin praktiki təzahürüdür.

Konstitusiyada vətəndaşlarımızın təhsil hüquqları ilə bağlı öz əksini tapmış müddəalarla dövlətimiz elmi fəaliyyətin tərəqqisinə də təminat verir. Bununla göstərilir ki, elm yalnız fərdin şəxsi seçimi deyil, həm də dövlətin dəstəklədiyi sahədir. Əsas Qanunumuzda yaradıcı azadlıqla bağlı məqamlar həm də elmi yaradıcılıq azadlığına aiddir. Bununla elm adamlarının, tədqiqatçıların sərbəst şəkildə araşdırma aparmaq, biliklərini yaymaq və inkişaf etdirmək hüquqları qorunur, müxtəlif mexanizmlərlə dəstəklənir. Azərbaycan dövləti elmin inkişafına, elmi araşdırmalar üçün şərait yaradılmasına, elm adamlarının hüquqlarının müdafiəsinə təminat verir.

Bütün bunlar Azərbaycan Respublikası Konstitusiyasının nə qədər mütərəqqi dəyərlərə söykəndiyini, beynəlxalq təcrübələri əks etdirdiyini və ötən 30 il ərzində mədəniyyət, təhsil, elm sahəsində əldə edilmiş tarixi nailiyyətlərdəki rolunu göstərir.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
76
azerbaijan-news.az

1Mənbələr