AZ

İngilis dilinin tədrisinin qrammatikaya yönəlməsi şagirdlərin danışıq bacarıqlarının inkişafını ləngidir

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda ingilis dili beynəlxalq ünsiyyət vasitəsi kimi ən çox istifadə olunan dil kimi qəbul olunur. Bu səbəbdən bir çox ölkədə, o cümlədən Azərbaycanda ingilis dili məktəblərdə ibtidai siniflərdən etibarən tədris olunur. Lakin maraqlıdır ki, uzun illər ərzində bu dili öyrənən uşaqların çoxu hələ də onu səlist şəkildə danışa bilmir və ya dərs müddətində öyrəndiklərini praktiki olaraq tətbiq etməkdə çətinlik yaşayır. Bir çox şagird isə ingilis dilini daha yaxşı mənimsəmək məqsədilə əlavə tədris resurslarına, xüsusilə repetitor xidmətlərinə müraciət edir.

Niyə ingilis dili tədrisi nəzəri cəhətdən mümkün qədər effektiv olsa da, praktiki nəticələr hələ də istənilən səviyyədə deyil?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, ingilis dilinin müasir dövrdə beynəlxalq ünsiyyət vasitəsi kimi qəbul edilməsi bütün ölkələrdə, o cümlədən Azərbaycanda bu dilin təhsil sistemində prioritet mövqeyə yüksəlməsinə səbəb olub:

"İbtidai siniflərdən başlayaraq ingilis dilinin tədris olunması dövlət siyasətində mühüm addım kimi dəyərləndirilir, lakin yekunda şagirdlərin böyük bir qismi dili sərbəst şəkildə mənimsəyə bilmir və əlavə repetitor xidmətlərinə müraciət etmək məcburiyyətində qalır. Təhlil göstərir ki, bu ziddiyyət bir tərəfdən tədris metodologiyasının, digər tərəfdən isə resursların səmərəliliyinin yetərli səviyyədə olmaması ilə bağlıdır.

Statistik məlumatlar bunu təsdiq edir. Dövlət İmtahan Mərkəzinin 2024-cü il nəticələrinə görə, ali məktəblərə qəbul imtahanlarında xarici dil fənni üzrə abituriyentlərin yalnız 18 faizi 400-dən yuxarı bal toplayıb, yerdə qalanların əksəriyyəti isə sadəcə baza bilikləri ilə kifayətlənib. Elm və Təhsil Nazirliyinin sertifikasiya nəticələrinə əsasən isə 2023–2024-cü illərdə ingilis dili müəllimlərinin təxminən 37 faizi minimum keçid balını belə toplaya bilməyib. Bu fakt göstərir ki, problem yalnız şagirdlərdə deyil, eyni zamanda müəllimlərin dil bilikləri və metodoloji hazırlığında da mövcuddur.".

Ekspert qeyd etdi ki, “Təhsil haqqında” Qanunun 26-cı maddəsində müəllimlərin peşəkarlığının artırılması dövlətin əsas vəzifəsi kimi göstərilsə də, hələ də praktiki mərhələdə boşluqlar qalmaqdadır:

"Bu məsələdə mənfi tərəflər açıq görünür. Birincisi, məktəblərdə dərs saatlarının məhdudluğu və fənnin tədrisinin daha çox qrammatikaya yönəlməsi şagirdlərin danışıq bacarıqlarının inkişafını ləngidir. İkincisi, dərsliklərdə kommunikativ tapşırıqların azlığı uşaqların öyrəndiklərini real ünsiyyətə çevirə bilməməsinə səbəb olur. Üçüncüsü, qiymətləndirmə sistemində testlərin üstünlük təşkil etməsi şagirdləri praktik ünsiyyətə yox, imtahan nəticələrinə fokuslaşdırır. Bu isə nəticədə məktəb mühitində öyrənilən biliklərin həyat bacarıqlarına çevrilməsinə mane olur. Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi son illərdə dil tədrisinin keyfiyyətini artırmaq üçün bir sıra addımlar atıb. Xüsusilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində ingilis dilinin öyrənilməsinin qlobal rəqabət qabiliyyətinə təsiri ayrıca vurğulanır. Nazirlik yeni dərsliklər hazırlayır, müəllimlər üçün ixtisasartırma proqramları genişləndirir, həmçinin məktəblərdə danışıq klublarının və əlavə kursların təşkili istiqamətində layihələr həyata keçirir. Bu, müsbət və strateji baxımdan zəruri addımdır.

Dünya təcrübəsi ilə müqayisə göstərir ki, uğurlu nəticə verən ölkələr dil tədrisini kommunikativ metodologiya üzərində qururlar. Finlandiyada şagirdlər dərs vaxtının 70 faizini praktiki ünsiyyət tapşırıqlarına sərf edirlər. Estoniyada ingilis dili fənni ibtidai sinifdən başlayaraq rəqəmsal platformalar vasitəsilə interaktiv şəkildə keçirilir. Yaponiya və Cənubi Koreyada isə xarici dil dərslərində “native speaker” müəllimlərin məktəblərdə iştirakı təmin edilir və şagirdlər erkən yaşlardan real ünsiyyət mühiti ilə qarşılaşır. Azərbaycan bu modellərlə müqayisədə hələ də qrammatika yönümlü ənənəvi yanaşmanı qoruyur və bu, nəticələrin zəif qalmasına səbəb olur".

Kamran Əsədovun sözlərinə görə, əgər dərs saatlarının artırılması, müəllimlərin dil biliklərinin yüksəldilməsi və dərsliklərin daha çox danışıq yönümlü hazırlanması təmin olunarsa, dəyişikliklər qaçılmaz olacaq:

"Bu halda repetitorluğa ehtiyac azalacaq, şagirdlər məktəb mühitində ingilis dilini sərbəst mənimsəyəcək. Nəticədə həm ali məktəblərə qəbul imtahanlarında nəticələr yüksələcək, həm də əmək bazarında qlobal tələblərə cavab verən gənc kadrların sayı artacaq. Elm və Təhsil Nazirliyinin indiki addımları müsbət və istiqamətverici olsa da, daha sürətli və köklü islahatların həyata keçirilməsi vacibdir. Nazirliyin bu mövqeyi təqdirəlayiqdir, çünki əsas məqsəd yalnız fənnin öyrədilməsi deyil, gələcək nəsillərin qlobal rəqabətə hazır olmasıdır.

Beləliklə, problemin kökündə metodoloji boşluqlar, resursların məhdudluğu və qiymətləndirmə sisteminin real ünsiyyətə uyğun olmaması dayanır. Dəyişikliklər isə yalnız kommunikativ yanaşmaya keçid, müəllim hazırlığında ciddi keyfiyyət dəyişikliyi və praktik bacarıqlara əsaslanan yeni dərs modelləri ilə mümkün olacaq. Bu, həm şagirdlərin, həm də bütövlükdə təhsil sisteminin keyfiyyət göstəricilərini yüksəldəcək və Azərbaycanın beynəlxalq təhsil mühitində mövqelərini gücləndirəcək", - deyə ekspert yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
redaktor.az

2Mənbələr