AZ

Yeni inkişaf növbəti uğurlara imkan yaradır TƏHLİL

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda aparılan, düzgün, məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə böyük uğurlara, nailiyyətlərə imza atıb. Bu baxımdan demək olar ki, bu gün Azərbaycan dünyada ən inkişaf edən, azad, demokratik dövlətlərdən biridir. Təbii ki, uğurların qazanılmasının əsas bünövrəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Onun müdrik siyasəti və bu siyasətin dönməzliyinin, davamlığının ölkə Prezidenti İlham Əliyevin tərəfindən uğurla həyata keçirilməsi ilə Azərbaycan dünyada inkişaf edən dövlətə çevrilib. Ona görə də tam qətiyyətlə qeyd etmək olar ki, Azərbaycan min illik dövlətçilik tarixində və imperiyalar dövründə bugünkü qədər güclü və qüdrətli olmayıb. 30 il işğal altında olmuş Qarabağı erməni işğalından azad etməklə Azərbaycan güclü dövlət olduğunu və heç bir halda işğal faktı ilə barışmayacağını nümayiş etdirdi. Hüquqi, demokratik dövlət quruculuğuna xüsusi önəm verən Azərbaycan bununla dünyanın azad, demokratik dövləti olduğunu nümayiş etdirir. Təbii ki, uğurlarımız hələ qabaqdadır. Hələ böyük zəfərlər, möhtəşəm uğurlara imza atılacaq. Qərbi Azərbaycana qayıdış reallaşacaq, Zəngəzur dəhlizi açılacaq və digər milli məsələlər öz reallığını tapacaq. Bununla da Azərbaycan xalqının öz lideri ilə hədəflərinə və məqsədlərinə çatan barmaqla sayıla biləcək dövlətlərdən olduğunu nümayiş etdirəcək. Yenilməz Sərkərdə, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciətində demişdir: “Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.

Vədlərə əməl edən lider

Birmənalı şəkildə demək olar ki, 2003-cü il prezident seçkiləri ərəfəsi xalqla görüşündə Azərbaycan Prezidenti İlham Əliyev verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirib. Bunu bildiyi üçün Ulu Öndər Heydər Əliyev 01.10.2003-cü il tarixli xalqa müraciətində deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı davamlı və dinamik inkişaf edib, böyük tərəqqiyə, nailiyyətlərə imza atılıb. Ötən 20 il ərzində reallaşdırılan irimiqyaslı beynəlxalq və regional layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.

Prezident İlham Əliyev 15 oktyabr 2023-cü il də Xankəndi şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltdığı zaman əldə olunan uğurlardan bəhs edərkən demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” .

İqtisadiyyata qoyulan investisiyalar

Son 22 ildə iqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlib. Ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8% təşkil edib. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiyanı qeyd etmək olar. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər. Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Bu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9911,8 milyon manat investisiya yönəldilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, investisiyaların 2734,4 milyon manatı neft-qaz sektorunun, 7177,4 milyon manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb. Qeyr- neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 1334,4 milyon manatı (ümumi sərmayənin 13,5 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.Bu ilin 7 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 2250,5 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin göstəricisindən 38,2 faiz çoxdur.Əsas investor ölkələr: Böyük Britaniya, və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, ABŞ, İsveçrə,Yaponiya və digər ölkələr olub.

Bölgələr müasir dövrün tələbinə uyğun olaraq inkişaf edir

Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı; Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərman imzalamışdır. Regionların inkişafına dair uğurla icra edilən Dövlət Proqramları Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Bunun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb

Bir sözlə, Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev ötən 20 il ərzində bəyan etdiyi strateji hədəflərə nail olub, verdiyi vədləri yerinə yetirib. Ona görə də Azərbaycan bəşəriyyətin ən sayılıb-seçilən və hörmət edilən dövlətinə çevrilib. Bu və digər uğurlara, xüsusilə də, 30 il erməni işğalı altında qalmış torpaqlarımızı azad edib, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, 80 milyonluq dünya azərbaycanlılarının lideri, Prezidentimiz İlham Əliyev bəşər tarixinə adını əbədi olaraq Qalib Sərkərdə olaraq yazdırdı. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın əldə edəcəyi böyük qələbələr hələ qabaqdadır. Çünki Ulu Öndərimizin əsası qoyulan siyasət və Prezident İlham Əliyev tərəfindən davam etdirilən strategiya dövlətimizə və xalqımıza yalnız və yalnız uğurlar və qələbələr vəd edir. Əminliklə demək olar ki, bizi yeni və daha firavan sabah gözləyir. Bunun üçün hər cür siyasi iradə və resurslar mövcuddur.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
sesqazeti.az

2Mənbələr