AZ

Daxili Qoşunlarda mühüm dəyişikliklər - Azqvardiya yaradılır 

Daxili qoşunlara ümumi nəzarəti Ali Baş Komandan edəcək; ekspert deyir ki, yeni dəyişiklik Türkiyədəki jandarm sisteminə keçidlə müqayisə oluna bilər 

Daxili Qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı Daxili Qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Qanunla müəyyən edilmiş polis əməkdaşının vəzifələri şamil olunacaq. Bu, yeni hazırlanan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Milli Məclisə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi haqqında yeni qanun layihəsi daxil olub. Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Daxili qoşunlar haqqında” yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının (bundan sonra daxili qoşunlar) fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.

Daxili qoşunların şəxsi heyəti hərbi qulluqçulardan və mülki işçilərdən ibarətdir. Daxili qoşunların hərbi qulluqçuları müvafiq peşə qabiliyyətinə, ixtisas hazırlığına və fiziki hazırlığa malik olmalı, xüsusi hazırlıq keçməli, xüsusi vasitələrdən, təhkim edilmiş silah, döyüş texnikası və xüsusi texnikadan istifadə etməyi bacarmalıdır. Daxili qoşunların hərbi qulluqçularının fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi bacarığı, habelə ilk tibbi yardım göstərmək bacarığı müntəzəm yoxlanılmalıdır.

Daxili qoşunlarda mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Daxili qoşunların kadrlar hazırlayan, onların ixtisasını artıran və elmi-tədqiqat işləri aparılan xüsusi təyinatlı təhsil müəssisələri var. Daxili qoşunların hərbi qulluqçuları təhsil müəssisələrində Azərbaycan Respublikasının təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada təhsil ala bilərlər. Daxili qoşunların hərbi qulluqçularının başqa dövlətlərin ixtisaslaşdırılmış təhsil müəssisələrində təhsil alması beynəlxalq müqavilələr əsasında təşkil edilir.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların xidmət və yaşayış yeri barədə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılmasına yol verilmir.

Daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilir.

Qanun layihəsi təhlükəsizlik və asayişin mühafizəsi məsələlərində dövlətin əsas aləti kimi Daxili Qoşunların nəzarətini və rolunu əhəmiyyətli dərəcədə gücləndirir.

Layihədə daxili qoşunların komandanın səlahiyyətləri sadalanıb, daxili qoşunların maliyyə və maddi-texniki təminatı, daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyi təminatları barədə müddəalar yer alıb. Yeni layihəyə əsasən, daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olması ilə bağlı müddəa nəzərdə tutulmayıb. Lakin qüvvədə olan qanunda daxili qoşunların komandanının daxili işlər nazirinin müavini olduğu nəzərdə tutulub.

Təklif edilən digər maddəyə əsasən isə daxili qoşunların fəaliyyətinə ümumi nəzarətin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən, idarədaxili nəzarətin isə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və daxili qoşunların komandanlığı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur".

Medianın

Rövşən Məhərrəmov

Azərbaycan Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, qanun layihəsində Daxili Qoşunlarla bağlı edilən bu dəyişikliklər lazımlı və yerində olan dəyişikliklərdir: “Bu sistem qardaş Türkiyədə mövcuddur. Türkiyədə jandarm sisteminə qanun bizdəki daxili qoşunların funksiya və imtiyazlarından daha böyük funksiya və imtiyazlar verir. Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçməsi prosesi uzun müddətdir başlayıb. İndi isə Daxili Qoşunların Türkiyə Jandarm Qüvvələri modelinə keçidi məsələsi qanunda əksini tapacaq və buna hüquqi əsas yaranacaq. Türkiyədə hətta əyalətlərdə, kəndlərdə, qəsəbələrdə polis yox jandarm əməkdaşları xidmət aparır. Bizdə isə Daxili Qoşunlar indiyə qədər məhdud funksiyalara malik idi, polisə aid olan heç bir funksiyanı yerinə yetirə bilmirdi. Çünki qanunvericilik buna imkan vermirdi. Yeni qanun layihəsi qəbul edilib qüvvəyə mindikdən sonra Daxili Qoşunların funksiyaları xeyli genişlənmiş olacaq. Bu, həm də polisin üzərinə düşən işlərin bir qədər yüngülləşməsi demək olacaq. Daxili Qoşunlara böyük və vacib səlahiyyət verilir. Daxili Qoşunlar bu səlahiyyətlərdən mükəmməl istifadə edəcək. Ola bilər ki, bəzi hallarda bəzi nöqtələrdə polisin gücünün kifayət etmədiyi hallarda Daxili Qoşunlar polisin funksiyasını yerinə yetirə biləcək”.

Rövşən Məhərrəmov qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərimizin bir hissəsi dağlıq ərazilərdir və ərazilərə tam şəkildə polis əməkdaşlarının nəzarət etməsi ola bilsin müəyyən çətinliklər yaradır: “Bu cür problemlərin də aradan qalxması üçün Daxili Qoşunların funksiyalarının genişləndirilməsi müsbət addım olacaq. Ümumiyyətlə, Daxili Qoşunlarımızın imkanlarından mükəmməl və daha əhatəli istifadə etmək üçün qanunvericilikdə hüquqi mexanizmlər yaradılmalıdır. Yeni qanun layihəsi bunu nəzərdə tutur. Daxili Qoşunlarımıza veriləcək yeni səlahiyyətlər gələcəkdə öz müsbət nəticələrini verəcək”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
9
5
musavat.com

10Mənbələr