AZ

Valeh Ələsgərov: Ələtdəki günəş panelləri müəssisəsi Azərbaycanı regionun qabaqcıl ölkəsinə çevirəcək

Pekin, 11 sentyabr, AZƏRTAC

Ələt Azad İqtisadi Zonasında (AİZ) günəş panelləri istehsalı üçün tikilən müəssisədə yüzlərlə Azərbaycan vətəndaşı işləyəcək, yeni texnologiyanı, bilgiləri və təcrübəni mənimsəyəcək. Bu layihə Azərbaycan iqtisadiyyatı üçün də çox böyük töhfə olacaq. Müəssisə Azərbaycanı bu sahədə regionun qabaqcıl ölkəsinə çevirəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ələt AİZ-in səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov iqtisadi zonada günəş panelləri istehsal edən müəssisənin inşası ila bağlı Çinin yüksək texnologiyalı şirkətlərindən olan “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkəti ilə imzalanmış investisiya sazişini şərh edərkən deyib.

“Azərbaycan günəş panellərinin və müvafiq avadanlığın ixracı sahəsində regionun ən böyük, ən uğurlu ölkəsi olacaq. Bu layihənin uğurlu icrası başqa şirkətləri, o cümlədən Çin şirkətlərini də Azərbaycana, Ələt AİZ-ə sərmayə yatırmağa təşviq edəcək. Çünki Çin şirkətləri ilk layihənin uğurunu gördükdən sonra Ələt AİZ-ə maraqları daha da artacaq. Mən əminəm ki, başqa ixracıyönümlü məhsul istehsal edən şirkətlər Ələt AİZ-ə sərmayə yatırmağa, öz müəssisələrini yaratmağa can atacaq, bununla da Azərbaycanın qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək”, - deyə Valeh Ələsgərov bildirib.

Qeyd edək ki, sentyabrın 10-da Çinin Çendu şəhərində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə Çinin “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” arasında Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə investisiya sazişi imzalanıb. Sənədə əsasən, şirkət Ələt Azad İqtisadi Zonasında lazımi infrastruktur və kommunikasiyalarla təmin olunmuş 23 hektarlıq hazır sənaye torpaq sahəsində üç müasir istehsal müəssisəsi inşa edəcək. Müəssisələrdə illik 3 giqavat (QVt) istehsal gücünə malik günəş panelləri, həmçinin silisium kristalları və komponentləri istehsal olunacaq. Bu müəssisədə istehsal ediləcək günəş panelləri, eyni zamanda, şirkət tərəfindən Ələt Azad İqtisadi Zonasında inşa olunacaq Günəş Elektrik Stansiyasının tikintisində də istifadə ediləcək. Məhsulların əksər hissəsi qlobal bazarlara ixrac ediləcək, bu isə Azərbaycanın bərpaolunan enerji istehsalı üzrə strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.

Layihə Ələt Azad İqtisadi Zonasının inkişafında mühüm mərhələ olmaqla yanaşı, Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın güclənməsinə də töhfə verəcək.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbir

Pekin

Seçilən
15
2
azertag.az

3Mənbələr