AZ

SOCAR România-nın baş direktoru Ramil Əsədullazadə qalmaqalın mərkəzində

SOCAR România-nın baş direktoru Ramil Əsədullazadə qalmaqalın mərkəzində

Rumıniya bazarının əsas enerji şirkətlərindən biri olan SOCAR România-nın baş direktoru Ramil Əsədullazadə gurultulu qalmaqalın mərkəzinə çevrilib. Nüfuzlu rumın nəşri Cancan yazır ki, o, eyni şirkətin insan resursları direktoru Bibiana Konstantin ilə gizli münasibətdədir.

Rumın jurnalistləri 37 yaşlı Əsədullazadənin Buxarestdəki SOCAR PETROLEUM SA ofisini tərk etdiyini qeydə alıblar. O, xidməti Audi Q7 ilə yola düşüb və Băneasa rayonundakı IKEA ticarət mərkəzinin dayanacağına gəlib. Orada onu xidməti Škoda Kodiaq ilə gələn Bibiana Konstantin gözləyirmiş.

Qısa dayanacaqdan sonra Bibiana Konstantin Əsədullazadənin avtomobilinin arxa oturacağına əyləşib. Tələsdiyindən öz maşınında içərisində şərab şüşəsi olan paketi unudub və bir neçə dəqiqədən sonra geri qayıdıb. Daha sonra cütlük Club Snagov-a yollanıb və terrasdakı masada üç saat yarımdan çox vaxt keçiriblər. Nahar şərabla, canlı söhbətlərlə və jurnalistlərin “açıq-aşkar şəxsi” kimi xarakterizə etdiyi jestlərlə müşayiət olunub. Ardınca Əsədullazadə və Konstantin klubun mehmanxana otağına qalxıblar və şahidlərin sözlərinə görə, orada təxminən beş saat qalıblar.

Klubu tərk edərkən Əsədullazadə resepsiyona açarı qaytarıb, onun müşayiətçisi isə hoteli nəzərə çarpmadan tərk etməyə çalışıb. Lakin avtomobilə gedərkən artıq münasibətlərini gizlətməyiblər, əl-ələ tutub öpüşüblər. Buxarestə qayıdarkən Konstantin arxa oturacaqda gizlənməyib, ön oturacaqda, Əsədullazadənin yanında əyləşib.

Nəşr qeyd edir ki, SOCAR România-nın baş direktoru evlidir və Buxarestdə həyat yoldaşı ilə Amerika məktəbinin yaxınlığında yaşayır. İndi isə o, xanımına təkcə Bibiana ilə bağlı deyil, həm də digər şəxsi hekayələrini izah etməli olacaq. Xüsusilə, söhbət Əsədullazadənin keçmiş katibi Ramona barədədir – o, hazırda uşaq böyüdür.

Əsədullazadənin karyerası da diqqət mərkəzinə düşüb. O, 2023-cü ildə SOCAR PETROLEUM SA-nın baş direktoru təyin olunub. Bundan əvvəl şirkətin Rumıniyadakı maliyyə direktoru olub. Onun müqaviləsi 2027-ci ilin yanvarınadək nəzərdə tutulub, lakin Cancan yazır ki, vəziyyət dəyişə bilər.

Məqalədə vurğulanır ki, son illərdə Əsədullazadə guya biznesmen Dan Berendel ilə birlikdə Ployeştidəki JETFLY HUB şirkəti vasitəsilə neft əməliyyatlarında iştirak edib. Berendel Dubayda ofşor vasitəsilə JETFLY HUB SRL-i idarə edir. Nəşrin məlumatına görə, söhbət 100 milyon avrodan artıq vergi yayındırma sxemindən gedir və hazırda məsələ araşdırılır.

Bibiana Konstantin isə SOCAR-a 2022-ci ilin iyununda qoşulub. Bundan əvvəl Electrica şirkətində kadrlar şöbəsinin müdiri olub, həmçinin Chimica qrupunda və iş adamı Ştefan Vuzenin şirkəti Serviciile Comerciale Române-də oxşar vəzifələrdə çalışıb.

Beləliklə, SOCAR România ətrafında işgüzar məsələlərlə şəxsi həyat hekayələrinin qarışdığı qalmaqal böyüyür. Şirkət və rəhbərliyi üçün reputasiya riskləri güclənir, hadisə isə həm işgüzar dairələrdə, həm də şou-biznes çevrələrində geniş müzakirə olunmağa başlayıb.

Haqqın.az

Seçilən
55
afn.az

1Mənbələr