Artıq bir neçə gündür ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulması ilə bağlı məlumatlar yayılıb. Belə ki, "Uber", "Bolt" və digər tətbiqlərlə sifariş qəbul edən sürücülərə xəbərdarlıq bildirişləri göndərilib. Qeyd olunub ki, hava limanı istiqamətinə sifariş etmək mümkün olsa da, hava limanından şəhərə sifariş qəbul edilməyəcək.
Məsələ ilə bağlı Trend bir sıra taksi xidmətlərinə sorğu ünvanlayıb.
"Bolt" taksi xidmətindən bildirilib ki, şirkət hava limanı ərazisində yeni qaydalarla fəaliyyətini davam etdirir. Qeyd olunub ki, bundan sonra yalnız müasir tələblərə cavab verən, texniki və tibbi yoxlamalardan keçmiş avtomobillər, etibarlı taksi parklarına daxil olan sürücülər xidmət göstərəcəklər.
"Bu məqsədlə "Bolt" tətbiqində hava limanına aid ayrıca sifariş kateqoriyası istifadəyə verilib. Aeroportdan sifariş edən sərnişinlərə komfortlu maşınlarla və xarici dil bilən sürücülərin iştirakı ilə yüksək səviyyədə xidmət göstəriləcək", - deyə məlumatda vurğulanıb. Şəhərdən hava limanına sifarişlərə isə məhdudiyyət qoyulmur.
"Uber" taksi xidmətindən də bildirilib ki, hava limanından şəhərə səyahətlər üçün ayrıca sifariş kateqoriyası yaradılacaq. Sərnişinlər yalnız müasir avtomobillər və yoxlamalardan keçmiş sürücülərlə səyahət edə biləcəklər. Şəhərdən hava limanına sifarişlər isə əvvəlki qaydada qalır.
Heydər Əliyev Beynəlxalq Aeroportu məsələ ilə bağlı açıqlamasında bildirib ki, nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuza, həm də sərnişinlərin təhlükəsizliyinə mənfi təsir göstərir. Bu səbəbdən, yalnız rəsmi operatorların vahid, keyfiyyətli və tənzimlənmiş standartlara uyğun xidmət təqdim etməsi zəruri hesab olunur.
Aeroportun məlumatında vurğulanıb ki, şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə məhdudiyyət yoxdur. Rəsmi taksi operatorları isə xidmət keyfiyyətini artırmağa və sərnişin məmnuniyyətini təmin etməyə çağırılıb.