AZ

Taksi şirkətləri Bakı aeroportu üzrə xidmətlərini yeni qaydada davam etdirəcəklər

Artıq bir neçə gündür ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulması ilə bağlı məlumatlar yayılıb. Belə ki, məlumatlara əsasən, "Uber", "Bolt" və tətbiqlə sifariş qəbul edən digər sürücülərə məhdudiyyət tətbiqi ilə bağlı xəbərdarlıq bildirişləri göndərilib. Qeyd edilib ki, hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbul edilməyəcək.

Məsələ ilə bağlı Trend ölkədə fəaliyyət göstərən bir sıra taksi xidmətlərinə sorğu ünvanlayıb.

"Bolt" taksi xidmətindən bildirilib ki, şirkət hava limanı ərazisində yeni taksi qaydaları ilə fəaliyyətini davam etdirir.

Vurğulanıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində taksi xidmətləri yalnız müasir tələblərə cavab verən və qanunvericiliyə tam uyğunlaşdırılmış yeni avtomobillərlə həyata keçiriləcək:

"Bu məqsədlə "Bolt" tətbiqində hava limanına aid ayrıca sifariş kateqoriyası istifadəyə verilib. Aeroportdan sifariş edən sərnişinlərə rahat və komfortlu maşınlarla, həmçinin xarici dil bilən sürücülərin iştirakı ilə yüksək səviyyədə xidmət göstəriləcək".

"Fəaliyyətə yalnız texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarına daxil olan avtomobillər və sürücülər buraxılacaq.

Qeyd edək ki, şəhərdən hava limanı istiqamətində taksi sifarişinə hər hansı məhdudiyyət tətbiq edilmir", - məlumatda bildirilib.

"Uber" taksi xidmətindən isə sorğumuza cavab olaraq bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində taksilərlə sərnişindaşımada yeni qaydalar tətbiq olunub.

Vurğulanıb ki, məqsəd hava limanından şəhərə səyahətləri maksimum rahat və keyfiyyətli etməkdir:

"Tətbiqimizdə hava limanından şəhərə səyahətlər üçün ayrıca sifariş kateqoriyası yaradılacaq. Sərnişinlər müasir avtomobillər sifariş edə biləcək və bütün texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarında çalışan və xarici dilləri bilən sürücülərlə səyahət edəcəklər".

"Bu sifarişləri yalnız bütün zəruri texniki və tibbi yoxlamalardan keçmiş avtomobillər və sürücülər yerinə yetirə biləcəklər. Şəhərdən hava limanına sifarişlər isə məhdudiyyətsiz qalır - əvvəlki kimi bütün sürücülər bu sifarişləri qəbul edə bilərlər", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportu ötən gün rəsmi açıqlama yayaraq bildirib ki, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuzumuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Vurğulanıb ki, aeroportunun əsas məqsədlərindən biri sərnişinlərə yüksək səviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir: "Bir çox ölkələrdə olduğu kimi, hava limanı da ölkəyə daxil olan qonaqlarda ilk təəssürat yaradan əsas məkandır. Lakin bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir. Təəssüf ki, hələ də oxşar hallarla rastlaşırıq".

Aeroportun məlumatında qeyd edilib ki, bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir: "Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir. Bütün rəsmi taksi operatorlarını xidmət keyfiyyətini artırmağa və sərnişin məmnuniyyətini təmin etməyə çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
3
olaylar.az

5Mənbələr