AZ

Erlinq Haland XXI əsrin rekorduna imza atdı

Norveç millisinin və İngiltərənin “Mançester Siti” klubunun mərkəz hücumçusu Erlinq Haland XXI əsrin rekorduna imza atıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu buna Moldovaya qalib gəldikləri (11:1) DÇ-2026-nın seçmə mərhələsinin oyununda 5 qol vurmaqla nail olub.

Penta-trik edən forvard adını tarixə yazdırıb. Haland cari əsrdə dünya çempionatlarının seçmə mərhələsində bir qarşılaşmada 5 qol vuran ilk oyunçudur.

Bu, həm də 1977-ci ildən sonra belə görüşlərdə ilk penta-trikdir. Həmin vaxt Hans Krankl Malta ilə matçda rəqib qapısına 5 dəfə yol tapıb.

Qeyd edək ki, Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində I qrupunda 15 xalla vahid liderdir.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.

Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 3 oyuna çıxıb, 3 qol vurub.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 149 oyun, 127 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 45 oyuna 48 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
16
3
arena.az

10Mənbələr