“Fənərbağça” rəhbərliyi Joze Mourinyu ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışını başa çatdırıb.
Fanat.Az xəbər verir ki, klub Domeniko Tedesko ilə 2 illik müqavilə imzalayacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin köməkçi məşqçi heyətində sabiq futbolçu Gökhan Gönül də yer alacaq.
1985-ci ildə İtaliyada anadan olan, lakin Almaniyada böyüyən Tedesko məşqçilik karyerasına “Ştutqart” akademiyasında başlayıb. Daha sonra “Şalke 04”, “Spartak Moskva” və “Leyptsiq” kimi klubları çalışdırıb. 2021/22 mövsümündə “Leyptsio”lə Almaniya Kubokunu qazanaraq böyük uğura imza atıb.
Sonuncu vəzifəsi isə Belçika millisinin baş məşqçiliyi olub. Onun rəhbərliyi altında Belçika AÇ-2024-də mübarizə aparıb.
Tedeskonun əsas futbol fəlsəfəsi sürətli hücum, aqressiv pressinq və gənc oyunçulara şans verməkdir. Bu baxımdan, “Fənərbağça” rəhbərliyi onun komandanın Avropa səviyyəsində uğur qazanmasına kömək edəcəyinə inanır.
Kamil Xudiyev