AZ

AQEM-in Beyin Mərkəzləri Forumunda regional əməkdaşlıq və təhlükəsizlik çağırışları müzakirə olunub

“İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası işini iclaslarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçi Yunis Qurbanovun moderatorluğu ilə keçirilən iclasda “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiyada təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların araşdırılması” mövzusu müzakirə olunub.

Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun fəxri prezidenti və Elmi-Məsləhət Şurasının sədri Yan Jiemian son illər ərzində Asiya ölkələrinin Çinin qlobal inkişafını çox müsbət qarşıladığını deyib: “Biz və ümumilikdə Asiya son 80 il ərzində keçmişin müharibələrində ilişib qalmadıq. Baxmayaraq ki, regional müharibələr davam edirdi, bizim ölkəmiz yalnız irəliləyirdi. Çinin ənənəvi təhlükəsizlik yanaşması və bizim burada danışdığımız texnoloji, iqtisadi yanaşmalar stabilliyə rəvac verir”.

Yan Jiemian Heydər Əliyev Beynəlxalq Hava Limanından Bakı şəhərinin mərkəzinə gedərkən yolboyu dinamik inkişaf edən şəhər gördüyünü qeyd edib: “Mən Bakıya ən xoş arzularımı diləyirəm. Burada mən sülh və əmin-amanlıq, sosial inkişaf gördüm”.

Banqladeşin Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun Baş direktoru İftekhar Anis bu gün Asiyanın dünya əhalisinin 60 faizini təşkil etdiyini və qlobal inkişafın mühüm mərkəzlərindən birinə çevrildiyini qeyd edib: "Bununla belə, təəssüf ki, regionumuzda təhlükəsizlik problemləri hələ də qalıb. Asiyada sabitliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi bütün dövlətlər üçün prioritet olmalıdır".

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bir çox problemlərin həlli üçün ideal platforma olduğunu diqqətə çatdıran Baş direktor bu təşkilatın üzv ölkələr arasında dialoqu gücləndirmək, birgə təşəbbüslər irəli sürmək və beynəlxalq əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək baxımından mühüm imkanlara malik olduğunu vurğulayıb. "Biz AQEM-in rolunu gücləndirməliyik. Terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik, iqlim dəyişikliyi ilə mübarizə, pandemiyaların nəticələrinin aradan qaldırılması kimi sahələrdə birgə tədbirlər görülməlidir. Texnologiya və logistika imkanlarının genişləndirilməsi isə regional əməkdaşlığı daha da səmərəli edə bilər”, - deyə o, əlavə edib.

Şri-Lankanın Lakşman Kadirqamar Beynəlxalq Münasibətlər və Strateji Tədqiqatlar İnstitutunun nümayəndəsi Wijesinghe Arachchige Sulochana Madhubhashini Wijayasinghe ölkəsinin regionun sabitliyinin qorunmasında etibarlı tərəfdaş kimi çıxış etdiyini vurğulayaraq deyib: “Burada qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri böyük əhəmiyyət daşıyır və ölkələrarası münasibətlərin möhkəmlənməsi üçün vacib zəmin yaradır".

O qeyd edib ki, rəqəmsal dövrün çağırışları, xüsusilə kibertəhlükəsizlik və texnoloji sahələrdə ortaya çıxan problemlər, regional əməkdaşlığın vacibliyini bir daha göstərir. Şri-Lanka bu məsələlərin həllində fəal iştirak etmək, dialoqları gücləndirmək və birgə təşəbbüslər irəli sürmək istəyir. Bununla regionda daha təhlükəsiz və dayanıqlı mühitin yaradılmasına töhfə vermək mümkündür.

Çin və Müasir Asiya İnstitutunun direktoru, Milli AQEM Tədqiqat Mərkəzinin sədri Kirill Babayev Avrasiyanı iqtisadi əməkdaşlığın vahid məkanı kimi dəyərləndirərək qeyd edib ki, ən vacib məsələ qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ümumi təhlükəsizlik platformasının yaradılmasıdır.

Sədr bütün Avrasiya məkanını birləşdirəcək, həm böyük, həm də kiçik ölkələrin maraqlarını nəzərə alacaq ortaq tərəfdaşlığın dəstəklənməsinin vacibliyini vurğulayaraq, bu birliyin məhz qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində qurulacağını ifadə edib.

Asiya Araşdırmaları İnstitutunun direktor müavini Jirayudh Sinthuphan qlobal nizamın sabit olmadığı bir dövrdə görüşdüklərini və bu dövrdə kibertəhlükə təhdidlərinin iqtisadiyyatları və bir çox sahələri sarsıtmaqda olduğunu diqqətə çatdırıb. “AQEM-in təsirli institut olması üçün inklüziv idarəetməyə üstünlük verilməli, institusional islahatlar aparılmalıdır. Biz AQEM-i sülh və rifahın ortaq qoruyucusu kimi göstərməliyik”, - deyə o əlavə edib.

İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun əməkdaşı, tədqiqatçı Mohsen Mohammadi Xəzər dənizində suyun səviyyəsinin azalması probleminə toxunaraq deyib: "Sərhəd dövlətləri bu sahədə bir iş görməsələr Xəzər Aral dənizinin aqibətini yaşayacaq". O, həmçinin bütün sahələrdə birgə regional kiberçərçivələri formalaşdırmaqla rəqəmsal cinayətlərin qarşısını ala biləcəyinin vacibliyini qeyd edib.

Hindistan Dünya İşləri Şurasının baş direktoru vəzifəsini icra edən Nutan Kapoor Mahavar, Kambocanın Asiya Vizyonu İnstitutunun prezidenti Chheng Kimlong, Tacikistan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin Regional Təhlükəsizlik Məsələlərinin Təhlili və Proqnozlaşdırılması Departamentinin rəhbəri Saidhomid Şarifzoda çıxışlarında mövcud geosiyasi problemlərin ölkələrə misli görünməmiş zərbələr vurduğunu bildiriblər. Natiqlər vurğulayıblar ki, belə şəraitdə Asiya ölkələri ümumi və hərtərəfli əməkdaşlığa əsaslanan dayanıqlı təhlükəsizlik vizyonunu daha geniş şəkildə reallaşdırmalı, regionda açıq və inklüziv əməkdaşlıq çərçivəsi formalaşdırmalıdırlar.

İclas müzakirələrlə davam etdirilib.

Seçilən
41
1
yeniazerbaycan.com

2Mənbələr